MUSİQİ LÜĞƏTİ


Musiqi mədəniyyətinin bütün suallarının əlifba şəklində düzülüşünün məcmusudur. Terminoloji, avtobioqrafiq, ensiklopedik lüğətlər mövcuddur. 



A B C Ç D E Ə F G H X İ K Q L
M N O Ö P R S Ş T U Ü V Y Z  

 

Z

 

Zəng

(ital. campane)
zərbli musiqi aləti olub, müxtəlif ölçülü və nisbətən dəqiq köklənməyə malik zənglərdən ibarətdir. İki oktava həcmində (böyük oktavanın do səsindən – birinci oktavanın do səsinə kimi) xromatik səssırasına malikdir. Taxta çubuqlar vasitəsilə səsləndirilir.

Zərb

(ər. hərf. – vurğu)
1.İki cismin bir – biri ilə toqquşması nəticəsində əldə edilən səs;
2.İki ya da bir neçə bir bərabərdə, bir ölçüdə, bir qərarda olan hərəkətin əmələ gətirdiyi vurğu;
3.Bir – birinin ardınca gələn vəznli, müntəzəm, səlis və ahəngli vurğuların təklikdə hər birisi.

Zərbi muğam

instrumental müşayiəti dəqiq və sabit ölçülü musiqidən, vokal qismi isə ritmik cəhətdən sərbəst improvizasiya əsasında ifa olunan mürəkkəb və dəyişkən vəznli muğamdan ibarət Azərbaycan orijinal xalq musiqi forması; məsələn: heyratı, şikəstə, mənsuriyyə, kərəmi,maani, ovşarı, arazbarı və s.

Zərbli (vurma) alətlər

alətin gövdəsinə vurulmaqla səs əldə edilir, səslənməsinə görə aşağıdakı növlərə bölünür:
köklənən alətlər (müəyyən səsyüksəkliyinə malik zərb alətləri) – litavrlar, ksilofon,zəng (kolokol, kolokolçik). köklənməyən alətlər (qeyri-müəyyən yüksəklikli zərb alətləri) – kiçik və böyük barabanlar, kastanyetlər, tam-tam və s. Quruluşuna görə növləri: plastinkalı alətlər, zarlı (pereponkalı) alətlər.

Zirvə

1.İnterval zirvəsi – intervalın yuxarıda yerləşən səsi.
2.Melodiya zirvəsi.

Zil

1.Azərbaycan musiqisində: yuxarı registr;
2.biri baş barmağa, o biri isə orta barmağa taxılıb bir – birinə toqquşdurularaq səsləndirilən bir cüt çox kiçik sinc;
3.yuxarı səs, nazik səs

Zil səs

yuxarı səs, yüksək səs, nazik səs.

Zinqşpil

(alman. Singspiel; singen – oxumaq və spiel – oyun.)
Almaniyada və Avstriyada meydana gəlmiş komik opera növü; oxumaq, rəqslər danışıqla növbələşir. Zinqşpilin çiçəklənmə dövrü XVIII əsrin ortalarına və II yarısına təsadüf edir.

Zınqırov

(ital.campanelli)
zərbli musiqi aləti olub, bir cərgədə düzülmüş metal plastinkalardan ibarətdir; taxta çubuqlar vasitəsilə səsləndirilir. Basqa sözlə - metallofon adlandırılır.

Zurna

(sur – böyük ziyafət, toy, düyün + nay)
üfləmə ağac musiqi aləti – ağacdan (çox vaxt ərik – qaysı ağacından) hazırlanır. Gövdəsinin ön tərəfində 7, arxa tərəfində bir dəlik var ki, bunlar lazımi vaxtda barmaqlarla örtülüb açılır. Əlavə olaraq zurnanın ağzı tərəfdə bir dəlik daha var ki, bu da kök üçündür. Zurnanın müştüyü iki nazik, yonulmuş qarğı parçasından hazırlanır.
Zurna Azərbaycanda hələ ən qədim zamanlardan bəri çox yayılmış xalq musiqi alətidir. Onun asəfi zurna, ərəbi zurna, əcəmi zurna, qaba zurna, şəhabi zurna, cürə zurna kimi bir çox müxtəlif növləri olmuşdur. Zurna gur və çox güclü səslənən musiqi alətidir.

Zümzümə

bəyənilmiş havanı yavaş səslə oxumaq. Çox vaxt musiqinin melodiyasını mənimsəmək prosesində istifadə olunan priyomlardan biri.

Yuxarı
responsive website builder by Mobirise 1.7.1