P
Paralelizm
(yun. parallelismos – hərfi: yanaşı duran)
İki səsin eyni vaxtda eyni istiqamətdə bərabər interval məsafəsində müvazi hərəkəti.
Partiya
(lat. pars – hissə, qrup)
1. Ansamblda bir ifaçı və ya unison şəkildə bir neçə ifaçı tərəfindən ifa olunan notlar.
2. Musiqi əsərinin tərkib hissəsi; məs., operada (digər musiqili səhnə əsərlərində) hər hansı iştirakçının ifa etdiyi rol partiya adlanır.
3. Sonata formasında ekspozisiyanın bölməsi: əsas partiya, köməkçi partiya.
Parafraza
(yunan. paraphrasis – təsvir, söyləmə)
Virtuoz xarakterli musiqi əsəri olub, digər əsərlərdən iqtibas olunmuş bir və ya bir neçə mövzunun variasiya olunmasına, işlənilməsinə əsaslanır. Mövzular xalq musiqisindən, yaxud da məşhur bəstəkar əsərlərindən alınır.
Partitura
(ital. partitura – bölünmə, paylaşma)
Ansambl musiqisinin not yazısı. Partiturada ansambl iştirakçılarının partiyaları bir-birinin altında elə yazılır ki, eyni vaxtda səsləndirilən partiyalar bir vertikal üzrə yerləşir.
Partiturada partiyaların düzülüş sırası belə olur: adətən hər bir alətlər qrupu daxilində yuxarıdan aşağıya doğru, registrinə görə ən yüksək səsli alətlərdən başlayaraq, daha qalın səsli alətlərə kimi ardıcıllıqla.
Simfonik partiturada alətlərin yuxarıdan aşağıya doğru düzülüş qaydası:
– ağac nəfəsli alətlər qrupu: fleytalar, hoboylar, klarnetlər, faqotlar;
– mis nəfəsli alətlər qrupu: valtornalar, truba, trombon, tuba;
– zərb alətləri qrupu: litavralar, qeyri-müəyyən səsyüksəkliyinə malik alətlər (üçbucaq, kastanyet, baraban, tam-tam və s.), müəyyən səsyüksəkliyinə malik alətlər (zənglər, ksilofon, çelesta);
– əlavə olunan alətlər: arfa, fortepiano, orqan;
– simli alətlər qrupu: birinci və ikinci skripkalar, violalar, violonçellər, kontrabaslar.
Passakalya
(ital. passacaglia)
1.Ağır templi qədim italyan rəqsi. 2. Bu rəqsdən yaranan polifonik variasiyaforması, basso ostinatonun bir növü olub, üçqismli ölçüyə əsaslanır.
Passaj
(fr. passage - keçid)
Bir istiqamətə (yüksələn və ya enən) yönəldilmiş tez templi musiqi frazası, kiçik musiqi parçası; virtuoz xarakterli olub, eynitipli fakturaya və yaxud ufaçılıq üsuluna əsaslanır; qammavari və ya arpeciolu passajlardan daha çox istifadə olunur.
Pastoral
(lat. pastoralis – çobansayağı)
Təbiət qoynunda sakit, idillik səhnənin, sadəlövh hisslərin tərənnümünə həsr olunmuş musiqi pyesi.
Patefon
Qrammofon vallarını səsləndirmək üçün cihaz
Pauza
(yunan. pausis – fasilə)
1.Musiqinin səslənməsində müvəqqəti olaraq fasilə: əsərin müxtəlif yerlərində, hər hansı bir səsdə verilir. 2. Fasilənin uzunluğunu bildirən işarə. Pauza notların uzunluğuna bərabər olur. Növləri:bütöv pauza, yarım pauza, çərək pauza, səkkizlik pauza və s.
Pedal
(fr. pedale; lat. pes, pedis - ayaq)
1. Bir sıra musiqi alətlərində ayaqla hərəkətə gətirilən xüsusi mexanizm. Fortepianoalətində səsin zəiflədilməsi və yaxud uzadılması üçün pedaldan istifadə olunur.
Orqan alətində pedal böyük klavişlərdən ibarət klaviatura şəklindədir və orqançalan onu ayaqları ilə basaraq hərəkətə gətirir. 2.Orqan punktu.
Pedalizasiya
1. Fortepianoda çalğı zamanı pedallardan istifadə olunması. 2.Pedallaşdırma, pedalla işləmə texnikası. 3. Bax: Pedal.
Pentaton səsdüzümü, pentatonika
(yunan. pente – beş, tonos - ton)
Oktava çərçivəsində müxtəlif yüksəkliyə malik beş səsdən ibarət səssırası; qonşu səslər arasındakı məsafə ardıcıl böyük sekundalar və kiçik tersiyalardan ibarət olur. Bax: Anhemiton
Perpetuum mobile
(lat. perpetuum mobile – daimi hərəkət)
Virtuoz xarakterli musiqi əsərinin adı; eyni uzunluqlu səslər üzərində qurulan əsas mövzunun tez-tez və fasiləsiz olaraq təkrarlanmasına əsaslanır.
Pentaxord
(Yunan. pente – beş, chorde - sim)
Hər hansı lad səssırasının yanaşı düzülmüş beş səsi.
Peyk
(sputnik)
Fuqada dominanta tonallığında səsləndirilən mövzu.
Pərdə
Qammanın, səssırasının, məqamın (ladın) ayrıca götürülmüş bir səsi.
səssırası.
Piano
(ital. piano)
Yavaş, zəif; səsin gücünü göstərən məfhum. p hərfi ilə işarə olunur. bax: Dinamika.
Pianino
(ital. piano sözünün kiçildilmiş şəkli)
Kiçik piano; fortepiano alətinin bir növü.
Pianoçu
Fortepiano alətinin ifaçısı.
Pissikato
(ital. pizzicato - barmaqla)
Kamanlı simli alərlərdə barmaqla çalmağın xüsusi üsulu.
Pikkolo, cürə
(ital. piccolo - kiçik)
1. Alətin ən yüksək səsli növünün adı.
2.Kiçik fleytanın qısaldılmış adı.
Piston
(fr. piston – tıxac, yaylı düymə)
Bir sıra mis nəfəs alətlərində xüsusi quraşdırılmış mexanizm.
Plaqal kadans
(yunan. plagios, lat. plagalis – köməkçi, əlavə)
Tonika və subdominanta funksiyasına aid akkordlardan əmələ gələn kadans – tamamlanma.
Poema
(yunan. poiema - əsər)
1. Şeirlə yazılmış lirik-rəvayət xarakterli ədəi əsər.
2.Musiqidə lirik-rəvayət xarakterli sərbəst quruluşlu instrumental əsər.
Polifonik variasiyalar
Polifonik musiqinin müxtəlif forma və üsullarından istifadə olunaraq yaradılır; növləri – basso ostinato, passakalya, çakona və s.
Polifoniya
(yunan. poly – çox, phone – səs)
1. Çəxsəsliliyin bir növü; bir neçə müstəqil bədii əhəmiyyətə malik melodik təbəqələrin eyni vaxtda bərabər səslənməsindən əmələ gəlir.
Polifoniyada uzlaşdırılan səslər intonasiya və ritm baxımından müxtəlif olub, zaman baxımından vurğularına, kulminasiya və kadanslarına, motiv bölgüsünə görə üst-üstə düşmür, dinamika və tembrinə görə fərqlənir. Polifoniyanın növləri: kontrapunkt, imitasiyalı polifoniya, səsaltı polifoniya.
2. Polifonik quruluşlu musiqini və polifonik formaları öyrənən elm sahəsi.
Polimetriya
(yunan. poly – çox, metron - ölçü)
İkisəsli və ya çoxsəsli quruluşlu musiqidə iki və ya bir neçə xanə ölçüsünün eyni vaxtda uzlaşdırılması.
Poliritmiya
(yun. poly – çox və riyhmos - ritm, hərfi: çoxritmli)
Çoxsəsli musiqi quruluşunda eyni vaxtda bir neçə müxtəlif ritmik şəklin birləşməsi.
Politematizm
Çoxsəsli musiqi quruluşunda eyni vaxtda bir neçə mövzunun uzlaşdırılması
Politonallıq
(yunan. poly – çox + tonallıq)
Çoxsəsli musiqidə müxtəlif səs təbəqələrinin eyni zamanda müxtəlif tonallıqdahərəkəti.
Polonez
(fr. polonaise - polyak)
Qədim mənşəli polyak rəqsi; bir qədər tezləşdirilmiş addımlama tempində təntənəli yürüş xarakterinə malikdir.
Popurri
(fr. pot-pourri, hərfi mənada – müxtəlif növlü qarışıq yemək)
Müxtəlif rəngarəng musiqi parçalarından tərtib olunmuş pyes.
Postlüdiya
(lat. postludium; post – sonra, ludus - oyun)
Musiqi əsərinin sonuna əlavə olunan müstəqil xarakterli hissə. Oxuma hissəsinin sonunda instrumental yekun.
Portamento
(ital. portamento, hərfi mənada – davranış)
1. Solo oxuma və bəzi alətlərdə çalğı zamanı bir səsdən digərinə axıcı keçid.
2. Dinamik və ritmik cəhətdən rəvan və axıcı ifanı bildirən işarə; notun üstündə cızıqla göstərilir.
Pozisiya
(lat. positio – mövqe, vəziyyət)
1. Musiqi alətində çalan zaman əllərin vəziyyəti.
2.Simli alətdə çalan zaman sol əlin vəziyyəti.
Prima
(lat. prima - birinci)
1. Bir pillə həcmində interval və ya iki eyniadlı səs arasında əmələ gələn interval. 1 rəqəmi ilə işarə olunur. Xalis prima – x1 - eyni səsin təkrarlanmasından əmələ gəlir (0 tona bərabərdir): məsələn, do – do; başqa sözlə, unison. Artırılmış prima – art.1 – eyniadlı səs arasında yarımton məsafəni bildirir: məsələn, do – do-diyez; Əksildilmiş prima olmur.
2. Verilmiş səsdən hesablanaraq, birinci pillə.
3. Akkordun əsas tonu.
4. Bəzi musiqi alətlərin soprano növü.
Proloq
Bədii əsərdə başlanğıc, müqəddimə, giriş.
Proposta
(ital. proposta – təklif)
Kanonda birinci hərəkətə başlayan səs. Bax: Risposta.
Proqramlı musiqi
Musiqinin əsas janrlarından biri.
Proqramlı musiqiyə elə instrumental əsərlər aiddir ki, onların məzmunu proqram adlanan xüsusi mətnlə şərh olunur. Proqram bəstəkar tərəfindən hər hansı ədəbi əsərdən seçilir və ya xüsusi olaraq yazılır. Əsərin müəyyən adla adlandırılması da onun proqramını açıqlayır.
Prelüd, müqəddimə
(lat. prae - əvvəl, ludus - oyun)
1. Giriş - əsərin əvvəlində verilən, onun əhval-ruhiyyəsinə müvafiq kiçik instrumental pyes.
2. Müxtəlif xarakterli kiçik həcmli instrumental pyesə verilən ad.
Pyes
(fr. piece)
Tamamlanmış musiqi əsəri.
Püpitr
(fr. pupitre)
Not qoymaq üçün dayaq, altlıq.