Ü
Üçbucaq
(ital. triangolo)
Zərbli musiqi aləti; metal düzəldilmiş üçbucaq şəklindədir; metal çubuqla çalınır; qeyri-müəyyən səsyüksəkliyində, zərif tembrə malikdir.
Üçər tərkib
Simfonik orkestrin adi tərkibinin üç dəfə genişləndirilməsi; bu zaman hər nəfəsli alətin həcminə və səslənməsinə görə fərqlənən üç növündən istifadə olunur: məsələn, üç fleyta (o cümlədən, fleyta-pikkolo); üç klarnet (o cümlədən, bas-klarnet) və s
Üçhissəli forma
Musiqi əsərlərində çox geniş tətbiq olunan forma. Üç bölmədən ibarətdir, 1-ci və 3-cü hissələr eyni musiqi materialına əsaslanır, 2-ci hissə kontrastlıq təşkil edir. Sxemi bu şəkildədir: A – B – A .
Üçhissəli xanə
Üç hissəyə bölünən xanə. İki növü var: Sadə bölgülü xənədə üç hissə bir vurğu altında verilir: > – – ; Tez tempdə 3/1, 3/2, 3/4, 3/8, 3/16 ölçülü xanələr bu qəbildəndir.
Mürəkkəb bölgülü xanədə üç hissənin hər biri vurğu altında verilir: 1-ci qüvvətli, 2-ci nisbətən zəif, 3-cü zəif. Məsələn, ağır tempdə: 3/4[2/8+2/8+2/8] və s.
Üçqat fuqa
Üç mövzu əsasında qurulmuş fuqa. Mövzular eyni vaxtda kontrapunkt səslənmədə verilərək, üçsəslilik, üçsəsli fuqa əmələ gətirir. Üçqat fuqanın növləri:
a) ümumi ekspozisiyalı fuqa – hər üç mövzu bir vaxtda səsləndirilir.
b) ayrı ekspozisiyalı fuqa – mövzular bir-birindən ayrılıqda təqdim olunaraq, üç ayrıca ekspozisiya əmələ gətirir.
c) qismən ayrı ekspozisiyalı fuqa – mövzulardan biri ayrıca ekspozisiyada, ikisi birlikdə təqdim olunur.
Üçqat kontrapunkt
eyni vaxtda üç müstəqil bədii əhəmiyyətli melodik xəttin polifonik uzlaşması.
Üçsəsli
Üç səsdən ibarət tersiyalarla qurulmuş akkord. Tərkibindəki səslərin adı və rəqəmlə işarəsi: 1 - əsas ton (prima), 3 – tersiya tonu (tersiya), 5 – kvinta tonu (kvinta).
Üçsəslinin interval tərkibi ardıcıl iki tersiyadan və bir ümumi kvintadan ibarət olur. Bu intervalların keyfiyyəti üçsəslinin strukturunu müəyyən edir; bundan asılı olaraq, üçsəsli böyük, kiçik, artırılmış və əksildilmiş şəkildə ola bilir.
Üçsəslilik
üç müstəqil melodik xəttdən ibarət polifonik faktura.
Üçsəslinin növləri və strukturu:
Böyük üçsəsli (major üçsəsliyi) – böyük tersiya (b3)+kiçik tersiya (k3); yekunda (kənar səslər arasında) – xalis kvinta (x5). Kiçik üçsəsli (minor üçsəsliyi) – k3+b3; yekunda – x5. Artırılmış üçsəsli – b3+b3; yekunda – art.5 Əksildilmiş üçsəsli – k3+k3; yekunda - əks.5 Üçsəsıinin iki dönməsi var: sekstakkord, kvintsekstakkord.
Üfləmə altlər
bax: Üfləmə ağac alətləri; Nəfəs alətləri
Üfləmə ağac alətlər
simfonik orkestrdə alətlər qrupu: fleyta, hoboy, klarnet, faqot və onların müxtəlif növlərini özündə cəmləşdirir.
Bu alətlər qrupunun adı onların hazırlanma materialı (ağac) və səsçıxarma üsulu (üfləyərək çalınması) ilə bağlıdır.
Üfqi-mütəhərrik kontrapunkt
iki və daha artıq müstəqil ifadəli melodiyanın polifonik (eyni vaxtda) uzlaşmasıdır; bu halda səslər bədii məqsəddən asılı olaraq, müəyyən zaman və məkan münasibətində qovuşdurulur.
Ün
köhn. azərb. – səs, avaz, vokal səs.
Üst mizrab
Tar ifaçılıq təcrübəsində mizrabı simlər üzərinə hər dəfə yalnız üstdən, yuxarıdan aşağı (alt mizraba müqabil olaraq) vurmaq priyomu.
Üzeyir Hacibəyovun xatirə Ev-Muzeyi
1975 ildə Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda açılmışdır. Ü.Hacıbəyli 1915-1942 illərdə bu evdə yaşamışdır. Muzeydə Hacıbəylinin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən sənədlər, fotoşəkillər, bəstəkarın şəxsi əşyaları, kitabxanası və s. mühafizə olunur.
Muzeydə Ü.Hacıbəylinin bəstəkar, dramaturq, publisist, pedaqoq və ictimai xadim kimi zəngin yaradıcılıq irsini təbliğ edilir, elmi-tədqiqat işi aparılır, tematik sərgilər nümayiş etdirilir, yaradıcılıq gecələri, müsabiqələr, incəsənət xadimləri ilə keçirilir.