Y
Yallı
Azərbaycan xalq rəqs sənətinin ən qədim növü. Yallı böyük bir dəstənin birgə iştirakı ilə ifa olunur. Dəstənin başında əlindəki yaylığı (dəsmalı) yellədərək qabaqda gedən "yallıbaşı" durur. Başqa iştirakçılar isə qollarını açaraq bir – birilərinin çeçələ barmağından tutur, ya da əllərini bir – birilərinin çiyninə qoyurlar.
Yallı rəqsi üç hissədən ibarətdir: rəqs əvvəlcə təntənəli və aram addımlarla başlanır, getdikcə sürəti artmağa başlayır və texniki cəhətdən mürəkkəb tullanma hərəkətlərlə davam etdirildikdən sonra əvvəlki təntənəli vəaram yürüşlə tamamlanır.
Yanaşı tonallıq
əsas tonallıqdan müvəqqəti olaraq digər tonallığa keçid – yönəlmə olan tonallıq.
Yaradıcılıq
əvvəllər mövcud olmayan, keyfiyyətcə yeni bir iş meydana gətirən fəaliyyət. Yaradıcılıq insan fəaliyyətinin hər hansı bir sahəsində (elm, istehsalat, bədii, siyasi və s.) mümkündür.
Musiqi yaradıcılığı Muğam peşəkar musiqiçilərin yaradıcılığı hesab olunur.
Yarım not
uzunluğuna görə bütöv notdan iki dəfə kiçik olan not. Səslənmə müddətinə görə bütöv notun yarısına bərabərdir. Orta tempdə iki çərək nota bərabərdir.
Yardımçı səs
1.melodik fiqurasiyanın elementi, akkord səsində sekunda yuxarıda və ya aşağıda yerləşir, iki akkord səsinin ardıcıl təkrarları arasında tətbiq olunur.
2.Melizmlərin tərkibindəki not; yazılmış əsas notdan sekunda yuxarı və aşağı yerləşir.
Yarım pauza
uzunluğuna görə yarım nota bərabər pauza.
Yarımton
müxtəlif yüksəklikdə yerləşən iki səs arasındakı ən yaxın məsafə. Musiqidə ölçü vahidi kimi istifadə olunur. İntervalın həcmi yarımtonlarla (və ya tonlarla) ölçülür.
Bərabər (müntəzəm) temperasiyalı sistemdə oktava 12 yarımtondan ibarətdir. Yarımtonun iki növü var: Diatonik yarımton - ladın iki qonşu pilləsi arasında əmələ gəlir: məsələn, mi-fa; sol-lya bemol.
Xromatik yarımton – ladın hər hansı pilləsi ilə onun dəyişilmiş şəkli arasında əmələ gəlir: məsələn, do-do diyez, si-si bekar.
Yeridilmə, keçirilmə
Fuqada mövzunun hər hansı bir səsdə tam şəkildə səsləndirilməsi.
Fuqada mövzunun hər səsdə bir dəfə tam şəkildə səsləndirilməsini göstərən termin.
Yekcins xor
(həmcins xor)
yalnız uşaqlardan, yalnız qadınlardan və ya yalnız kişilərdən ibarət xorlardır. Həmcinc uşaq xorunun tərkibində iki əsas xor partiyası – diskant və altolar partiyaları daxildir. Həmcins qadın xorunun tərkibinə iki əsas xor partiyası – soprano və altolar partiyaları daxildir. Həmcins kişi xorunun tərkibinə üç əsas partiya – tenor, bariton, bas partiyaları daxildir.
Yubilyasiya
(lat. yubilatio, hərf. – şənlik, təntənə)
qədim dövrlərdə yaranmış təntənəli oxuma növü.
Yumoreska
(alm. humoreske; humor – mizah, yumor)
zarafat xarakterli kiçik pyes.
Yuraçka, yurka
zarafat xarakterli belorus xalq rəqsi.
Yüksəklik (irtifa)
səsin xassələrindən biri. Səslənən cismin titrəyiş tezliyinin nəticəsində əldə olunur. Səsin yüksəkliyi saniyədə titrəyişin miqdarı ilə ölçülür (bax: Kamerton).
Musiqidə səslərin yüksəkliyinin bir – birinə münasibətindən mürəkkəb məntiqi musiqi əlaqələri yaranır: mütləq yüksəklik, səsin yüksəkliyi, nisbi yüksəklik.
Yürüş marşı
hərbi keçid zamanı səsləndirilən marş musiqisinin bir növü.