F
Faktura
(lat. factura – hərfi mənada emal, məcazi mənada quruluş)
Musiqinin əsası, məğzi, texniki quruluşu, musiqi səslənməsinin tərkibi.
Fakturanın elementləri – melodiya, müşayiət, bas, ayrı-ayrı səslər, səsaltı xəttlər, mövzular və s.
Falset
(ital. falsetto – yalan, saxta)
Vokal ifaçılığında səs registrlərindən biri; əsasən tenor səsinə aiddir.
Falsetdə sinə rezonatoru təcrid edilməklə, təkcə bir rezonatordan istifadə olunur.
XIX əsrə qədər tenorlar zildə oxuyarkən falsetdən istifadə edirdilər.
Falset səsin tembrinin boyalı olmaması, obertonların əskik olması ilə əlaqədardır.
Fantaziya
(yunan: phantasia – xəyal, xülya, təsəvvür)
Fikir zənginliyi mənasında istifadə edilir. Musiqidə ənənəvi forma çərçivəsindən kənara çıxan müstəqil və sərbəst formaya malik instrumental musiqi əsəri "fantaziya" adlandırılır. Azərbaycan bəstəkarları muğamlar əsasında fantaziyalar yaratmışlar: Üzeyir Hacıbəylinin x.ç.a. ork. üçün "Çahargah" və "Şur" fantaziyaları, Vasif Adıgözəlovun orqan üçün "Muğam fantaziyası" və s.
Fermata
(ital. fermata - dayanacaq)
Səsin, pauzanın davam etdirilməsini bildirir.
Fermatanın davam etmə müddəti ifaçının musiqi zövqündən asılıdır.
Fermata səs, xanə xətti, pauza üzərində işarələnir.
Fərd
Xor əsərinin başlanğıcında melodiyanın bir ifaçı tərəfindən oxunması.
Fiqurasiya
Akkordlu-harmonik quruluşlu musiqidə səslərin müxtəlif şəkilli hərəkəti.
Harmonik fiqurasiya – tersiya quruluşlu akkordun səsləri üzərində müxtəlif ritmik şəkilli hərəkətdən əmələ gəlir.
Melodik fiqurasiya – bir və ya bir neçə səs təbəqəsində akkordlar üzərində melodik xəttin kiçik ritmik ölçülərlə hərəkətindən yaranır.
Filarmoniya
(yunan. philos – dost, harmonia – ahəng; "gözəl sənətləri dəyərləndirən" mənasını verir.)
Geniş dinləyicilər arasında klassik və müasir musiqinin təbliği ilə məşğul olan konserttəşkilatı.
Final
Silsilə şəkilli musiqi əsərinin (simfoniya, konsert, kvartet, sonata və s.) sonuncu hissəsi; opera və ya balet əsərinin yekunu; həmçinin, bu əsərlərdə ayrı-ayrı aktların tamamlayıcı, yekun hissəsi; irihəcmli, birhissəli əsərin tamamlayıcı fraqmenti.
Fioritura
(italyan: fioritura - çiçəklənmə)
Melodik bəzəklərin ümumi adı; termin kimi əsasən, vokal musiqiyə tətbiq olunur. Muğamın oxunmasında fiorituralardan geniş istifadə olunur.
Fiqur
(lat. figura – surət, obraz)
1. Rəqsdə nisbətən tamamlanmış hissə. Bir neçə özünəməxsus fiqurlardan ibarət olub, onların təkrarlanmaları üzərində qurulur.
2. Müəyyən ritmə müvafiq rəqs hərəkəti. Bax: Ritmik fiqur.
Flajolet
(fransız: flageolet – tütək)
1. Nəfəslə çalınan musiqi aləti, fleytanın qədim növü
2. Kamanla çalınan simli alətlərdə istifadə olunan ifaçılıq üsulu. Simlərə müəyyən bölgü nöqtələrində toxunmaqla zərif və soyuq tembrli səslənmə alınır.
Fleyta
(ital. flauto – külək, meh) ağac nəfəsli alət.
Qədim tarixə malikdir. Keçmişdə qamışdan düzəldilən fleytanı şaquli (uzununa) tutaraq çalırdılar. Əsrlər boyu bu alət təkmilləşdirilmişdir, hal-hazırda üfqi (eninə) vəziyyətdə tutularaq çalınır. 1832-ci ildə alman fleytaçısı T.Byom tərəfindən təkmilləşdirilmişdir.
İncə, məlahətli tembrə malikdir.Diapazonu birinci oktavanın do notundan dördüncü oktavanın do notuna kimidir.
İnstrumental ansamblların və simfonik orkestrin tərkibində mühüm yer tutur. Fleytanın növü – fleyta pikkolo – daha nazik və incə yüksək səsli alətdir.
Folklor
(ing. folk – xalq, lore – təlim)
Xalq müdrikliyi, xalq yaradıcılığı mənasını verir. Şifahi ənənələrə əsaslanan bədii yaradıcılıq növlərini – xalq ədəbiyyatını (nağıllar, zərbi-məsəllər, lətifələr və s.), xalq musiqisini (mahnı və rəqslər), tətbiqi-dekorativ sənətləri və s. əhatə edir.
Musiqi folkloru xalq mahnı və rəqslərindən ibarətdir; xalqın arzu və istəklərini, duyğularını, mənəviyyatını, dünyagörüşünü, həyat tərzini, əmək prosesini əks etdirir. Məzmununa görə əmək, mərasim, məişət, tarixi mahnı və rəqs növlərinə bölünür.
Folklorşünaslıq
Folkloru (xalq yaradıcılığını) öyrənən elm. Xalq yaradıcılığı nümunələrinin toplanması, nəşri və tədqiqi ilə məşğul olur. Avropada xalq yaradıcılığına elmi maraq XVIII əsrdən başlamışdır, Azərbaycanda folklorşünaslıq XX əsrin I yarısında inkişaf etmişdir. Folklorşünaslıq bəzən etnoqrafiyanın, ədəbiyyatşünaslığın, musiqişünaslığın bir sahəsi hesab edilsə də, müasir dövrdə müstəqil elm sahəsi kimi formalaşmış, onun tədqiqat metodları işlənib hazırlanmışdır. Folklorşünaslıqda xalq yaradıcılığının (şifahi ədəbiyyat, musiqi, rəqs folkloru və s.) spesifikası, ayrı-ayrı tarixi inkişaf mərhələləri, milli özünəməxsusluğu, folklorun professional ədəbiyyat, musiqi, rəqs və s. incəsənət sahələri, başqa xalqların folkloru ilə qarşılıqlı əlaqələri və s. problemlər araşdırılır. Şifahi ənənəli musiqi yaradıcılığı nümunələri - xalq mahnıları, rəqsləri və s. toplanıb nəşr olunmuş və tədqiqata cəlb edilmişdir.
Bax: Etnomusiqişünaslıq.
Fonoqram
(yunan: phone – səs, gram - yazı)
Səsyazma nəticəsində alınan siqnaloqram. Mexaniki fonoqram - qrammofon valları, fotoqrafik, maqnit, mono-, stereo -, kvadrafonik fonoqram növləri vardır.
Fonoqraf
(yunan. phone – səs, grapho - yazıram)
Səsyazma cihazı. 1877-ci ildə amerikalı ixtiraçı T.Edison tərəfindən yaradılmışdır. Folklor ekspedisiyalarında xalq mahnı və rəqslərinin yazılması üçün geniş istifadə olunmuşdur.
Onun əsasında qrammofon və digər mexaniki səsyazma cihazları meydana gəlmişdir.
Fonoteka
(yunan: phone - səs; theke - saxlanılan yer, anbar)
Musiqi, ədəbi, sənədli, xüsusi tədris və s. əsərlərinin, səsyazmalarının sistemlə təşkil olunmuş toplusu; səsyazmalarını toplayan, onları xüsusi qayda ilə qoruyub saxlayan müəssisə. Azərbaycanda bir neçə belə fonotekalar mövcuddur: Azərbaycan Radio və Televiziyasının Fonotekası, Azərbaycan Dövlət Səsyazıları Arxivi, M.F.Axundov ad. Milli Kitabxananın fonotekası, Bakı Musiqi Akademiyasının fonotekası və s.
Forma
bax: musiqi forması
Forşlaq
(alman. vorschlag - əvvəlki zərbə)
musiqidə melizm (bəzək) işarələrindən biri; bir və ya bir neçə səsdən ibarət olub, kiçik notlarla yazılır və tez ifa olunur; onun ifası xanə ölçüsünə daxil deyil, lakin ifa zamanı onu dolğunlaşdırır.
Fortepiano
Simli-klavişli musiqi aləti. Klavişlərə bərkidilmiş kiçik çəkiclərin zərblə simlərə vurulmasından səs yaranır.
Ağ və qara dillər – klavişlər klaviaturanı əmələ gətirir; klavişlərə barmaqlarla toxunmaqla çalınır.
Geniş diapazonuna və universal texniki imkanlarına görə musiqi praktikasında mühüm əhəmiyyətə malikdir.
Qədimdə meydana gəlmiş növləri: klavikord, klavesin.
XIX əsrdə meydana gələn növləri: royal (üfqi simlərlə), pianino (şaquli simlərlə).
Fraqment
(lat. fragmentum)
parça, hissə.
Fraza
(yun. phrasis – ifadə)
Melodiyanın, mövzunun nisbətən tamamlanmış musiqi hissəsi olub, musiqi "kəlməsi" kimi izah olunur.
Hər tamamlanmış musiqi fikri frazalara ayrılır. F. sezura işarəsi ilə qeyd olunur.
Frazirovka, frazalaşdırma
Cümlələrdən frazaların ayrılması, sezuraların yerləşdirilməsi, liqa ilə birləşdirilməsi, artikulyasiya və nüansların araşdırılması;
Frazirovka əsərin ifadəli, bədii mətnin təsirli səslənməsini şərtləndirir.
Frigiya məqamı
(frigik lad)
Melodik ladlardan biri. Natural minordan II pilləsinin bəm olması ilə fərqlənir.
Fuqa
(lat., ital. fuga – qaçış)
Çoxsəsli əsər növü; polifonik çoxsəslilikdə ən inkişaflı imitasiyalı forma; bir mövzunun imitasiyalı (tonika dominanta münasibətində) ifadəsinə və tonalkontrapunkt işlənməsinə əsaslanır. 3, 4, 5 səsli olur. Müxtəlif polifonik üsullardan istifadə edilir.
Fuqanın növləri: a) sadə Fuqa (bir mövzuya əsaslanır); b) ikili Fuqa (iki mövzu əsasında); c) üçqat Fuqa (üç mövzuya əsaslanır).
Fuqa həm müstəqil əsər kimi yazılır, həm də prelüdiya ilə birgə verilir, silsilə formanın bir hissəsi də ola bilər.