Ə
Əks hərəkət
Mövzunun və ya motivin dəyişilmiş şəkildə - intervalların əks istiqamətdə verilməsi ilə təkrarlanması.
Bax: İmitasiya.
Əlavə dominantlar
Tonallıqların birinci dərəcəli qohumluq münasibətində əsas tonallıqdan yönəlmə zamanı əlavə tonallıqlara aid olan dominanta akkordları: V(h), V7(h), VII7(h). Əsas tonallıqda həll olunduğu pilləyə uyğun olaraq adlandırılır və D hərfi ilə işarə olunur: IIID, VID və s.
Əlavə (ikinci) partiya
Sonata formasında ekspozisiyanın əsas partiyadan sonra gələn ikinci bölməsi. Əlavə (köməkçi) tonallıqda bəstələnir; əsas tonallıq dəyişilərək, yeni tonallığın bərqərar olması ilə əlavə partiya başlanır.
Əlavə partiya həcminə görə əsas partiyadan daha böyük olur; ekspozisiyanı yekunlaşdıraraq, aydın, qüvvətli kadensiya ilə tamamlanır. Bir çox hallarda əlavə partiya bir neçə mövzudan ibarət olur; bəzən əlavə partiyanın sonunda tamamlayıcı bölmə verilir.
Reprizada əlavə partiya bir qayda olaraq, əsas tonallıqda və ya onunla eyniadlı tonallıqda təkrar olunur.
Əlavə tema
1. Sonata formasında əlavə (ikinci) partiyanın ən ifadəli mövzusu.
2. Ümumiyyətlə əlavə partiya çox zaman düzgün olmayaraq belə adlandırılır.
Ənənə
Sosial və mədəni irsin nəsildən-nəslə keçən və müəyyən cəmiyyət, sinif və ya sosial qrup tərəfindən üzün müddət qorunub saxlanılan ünsürləri. Müəyyən ictimai təsisatlar, davranış qaydaları, sərvətlər, ideyalar, adətlər, mərasimlər və s. ənənə şəklini ala bilər. Ənənə ictimai həyatın ən müxtəlif sahələrinə xasdır. Dində və etnoqrafiyada ənənənin rolu xüsusilə böyükdür.
Ənənə ədəbiyyat, incəsənət, mədəniyyət sahəsində böyük əhəmiyyət kəsb edir (məs., Nizami, Füzuli ənənələri və s.). Ədəbiyyat və incəsənətdə ənənələrin davam etdirilməsi bəzən təqlidçiliyə gətirib çıxara bilir. Azərbaycan müəyyən etnoqrafik zonalarında müəyyən həyat tərzi, ədəbi və musiqi yaradıcılığı formaları, tətbiqi sənətkarlıq sahələri formalaşaraq, ənənə şəklini almışdır.Ənənələrin həyatiliyi onun yeni tarixi şəraitdə sonrakı nəsillər tərəfindən inkişaf etdirilməsindədir. Ənənələrin mütərəqqi cəhətləri nəsildən-nəslə keçərək yaşayır, köhnəlmiş, yeni şəraitlə uyuşmayan əlamət və cəhətləri isə aradan çıxır.
Ənənələrin inkişafı üçün ən başlıca şərt sosial sərvətlərin varislik yolu ilə qorunub saxlanılması və keçmiş irsə yeni tarixi şəraitdən irəli gələn təzə ünsürlər əlavə olunmasıdır. Azərbaycan mədəni ənənələrin qorunub saxlanılması və inkişafı mühüm əhəmiyyətli məsələ kimi öyrənilir və daim diqqət mərkəzindədir.
Əsas mövzu
Əsərin əsas tonallığında səslənən ən parlaq və ifadəli mövzusu.
Muğamın əsas mövzusu "Bərdaşt" və "Mayə" şöbələrində səslənir, daha sonra həmin mövzu əsasında zil şöbələr qurularaq, əsas məqam-tonallığın təsdiqinə xidmət edir. Bundan əlavə, hər bir muğam şöbəsinin əsas mövzusu olur ki, şöbə boyu improvizasiya olunaraq inkişaf etdirilir.
Əsas partiya
1. Sonata formasının ekspozisiyasında birinci bölmə; mövzunun əsas tonallıqda səslənməsindən və köməkçi partiyanı hazırlayan bağlayıcıdan ibarətdir.
2. Üçhissəli formada və ya rondo formasında əsas bölmənin rast gəlinən adı.
Əsas pillələr
Majorda və minorda I, IV və V pillələr (tonika, ondan kvinta aşağı yerləşən subdominanta və kvinta yuxarı yerləşən dominanta). Bu pillələrdə qurulan akkordlar ladların major – minor sistemində mühüm əhəmiyyət kəsb edir.
Əsas şəkil
Tersiya quruluşlu akkordda (üçsəsli, septakkord, nonakkord) əsas tonun bas səsdə verilməsi.
Əsas ton
1. Tersiya quruluşlu akkordun sıx düzülüşündə aşağıda birinci yerləşən səsi; başqa sözlə, akkordun priması.
2. Harmonik həmsədalar şkalasında ən aşağı və aydın səslənən səs.
Əsas tonallıq
1.Musiqi əsərinin başladığı və bitdiyi tonallıq.
2.Bu tonallıqdan müvəqqəti olaraq digər tonallığa keçiln zaman tətbiq olunan termin.
Əsas üçsəsliklər
Major və minorda I, IV, V pillələrdə (tonika, subdominanta, dominanta) qurulmuş üçsəsliklər.
Əsər
1. Bəstəkar tərəfindən yaradılan musiqi.
2. Musiqi əsəri – lat. opus. Hər bir bəstəkar yaratdığı əsərləri adətən ardıcıllıqla nömrələyir: məs., op.1; op.2 və s. Bəzən bir nömrə ilə eyni vaxtda yaranmış bir neçə əsər işarə olunur.