D
Dastan
Şifahi ənənəli xalq qəhrəmanları haqqında epik hekayət, ədəbiyyatda və musiqidəjanr.
Azərbaycan aşıq yaradıcılığının məhsulu. Aşıqlar tərəfindən yaradılan və ifa olunan nəsr, şeir və musiqi hissələrini özündə cəmləşdirən iri həcmli əsər.
Dastançı
Xalq dastan və nağıllarını qoşub söyləyən şəxs, xalq musiqiçisi. Dastançı (nağılçı, hekayəçi) məlum əsərləri ifa etməklə kifayətlənməyərək, eyni zamanda, ona dəyişiklik, yeni cəhətlər gətirir, onu işləyir, təkmilləşdirir, beləliklə də onun yaradıcılarından birinə çevrilir.
Dartımlı alətlər
Simli alətlərin növləri: çalğı zamanı simlər barmaqla və ya mediatorla dartılaraq ehtizaza gətirilir; arfa, balalayka, bandura, qusli, gitara, tar, saz, qanun və s. bu növ alətlərə aiddir.
Dempfer
(alm. dämpfer – susduran)
Müxtəlif musiqi alətlərində səsi zəiflətmək üçün istifadə olunan qurğu. Məs,fortepiano mexanizmində simlərin altındakı kiçik mahud parçaları.
Desima
(lat. decima – onuncu)
1. 10 pilləyə bərabər interval; 10 rəqəmi ilə işarə olunur; çox zaman mürəkkəb interval kimi oktava + tersiya olaraq izah edilir. Böyük desima (b.10) 8 tondan, kiçik desima (k.10) 7½ tondan ibarətdir.
2.Verilmiş pillədən hesablanan 10-cu pillə.
Desimet
(alm. Dezimett; lat. desimus – onuncu)
1.On ifaçıdan ibarət ansambl.
2.On ifaçı üçün (hərənin öz partiyası olmaqla) nəzərdə tutulmuş musiqi əsəri.
Desimol
(lat. decem – on)
On notdan ibarət xüsusi ritmik fiqur
Detaşe
(fr. detache, detacher - ayırmaq)
Simli alətlərdə hər bir notun kamanın ayrıca hərəkəti ilə ifa olunmasını nəzərdə tutan üsul.
Detonasiya
(fr. detonner – xaric oxumaq, xaric çalmaq)
Səsin düzgün olmayan ifası; Detonasiya pis eşitmə qabiliyyətini nəticəsində və ya vokal səsin səhv qoyuluşu nəticəsində meydana gəlir.
Dəf
(ital. tamburino)
Zərb aləti; bir üzünə dəri çəkilmiş taxta dairədən ibarətdir. Dairəyə kiçik metal lövhəciklər birləşdirilir.
Dəmsaz not, pedal
1. Pedal - bas səsdə uzun müddət saxlanılan və ya dəfələrlə ardıcıl təkrarlanan səs;
2. Orqan punktu - təkrarlanan və ya uzadılan bas səsi və onun fonunda melodik hərəkətin müstəqil davam etdirilməsi.
Saxlanılan bas səsi üzərində qurulmuş akkordların tərkibi dəyişilir. Adətən yuxarı səslərin hərəkəti basa uyğun akkordla yekunlaşdırılır.
Orqan punktu ladın tonika və dominanta pilləsi üzərində (ayrı-ayrılıqda və ya birlikdə götürülmüş) qurulur.
Tonika orqan punktu əsərin əvvəlində və ya sonunda istifadə olunur, dominanta orqan punktundan isə əsərin ortasında (sonata formasında reprizadan əvvəl), əsas mövzunun təkrarı zamanı və tonika funksiyasının daha qabarıq səslənməsi məqsədilə istifadə olunur.
Orkestrdə orqan punktunun səsləndirilməsində litavralardan istifadə olunur.
Orqan punktuna müəyyən ostinat fiqurasiyalar da aid edilir.
Dördsəsli musiqidə bəzən bas səsindən əlavə, yuxarı səslərdə də orqan punktuna rast gəlinir.
Dəyişən funksiyalar
Əhatəsində olan akkordlardan asılı olaraq, akkordun funksiyasının dəyişilməsi bu cür adlanır. Major-minor sistemində VI və III pillədən qurulan akkordlar dəyişən funksiyalara aid edilir. VI pillənin üçsəslisi subdominanta qrupuna, III pillənin üçsəslisi dominanta qrupuna daxildir, eyni zamanda, bu akkordlar tonikaya nisbətən orta mövqe tuturlar. Bilavasitə yanaşı yerləşdiyi akkordun funksiyasına görə onlar öz funksiyalarını dəyişə bilirlər.
Dəyişən məqam
1.Melodik lad – tərkibindəki səslərin saxlanılması şərtilə tonika yerini dəyişərək, bu və ya digər pillə melodiyanın sabit dayaq pilləsinə çevrilir; başqa sözlə, müvəqqəti olaraq melodik modulyasiya (melodik yönəlmə) baş verir. Bax: Melodik ladlar.
2.Dəyişən lad –major və minorda tonikanın dəyişilməz olaraq saxlanılması şərtilə əmələ gələn lad; eyniadlı tonallığa keçidin əsasını təşkil edir.
Dialoq
(yun. dialogos – iki şəxs arasında söhbət)
İki alətdə və ya iki səslə ifa olunan sual – cavab quruluşlu melodik frazaların ardıcıllaşması.
Diapazon
(yun. dia pason (chordon) hərf. simlərin hamısının üzərindən)
Bir alətə və ya səsə xas olan musiqi səsləri sırasının tam həcmi.
Diatonik modulyasiya
Bir tonallıqdan digərinə keçid zamanı hər iki tonallıq (başlanğıc və yeni tonallıq) üçün eyni ortaq səslərə malik akkorddan istifadəni nəzərdə tutur. Diatonik modulyasiya birinci dərəcəli və ikinci dərəcəli qohum tonallıqlar arasında mümkün hesab olunur.
Diatonik qamma
Diatonik ladlardan biri əsasında yuxarı və aşağı istiqamətdə pilləvari melodik hərəkət.
Diatonik yarımton
İki qonşu səs arasında əmələ gələn və kiçik sekunda intervalı yaradan yarımton: məs., si-do, fa-sol-diyez, lya-si-bemol və s.
Diatonik notlar
Diatonik səslər: səslərin əsas (dəyişilməmiş) şəkli – do, re, mi, fa, sol, lya, si.
Diatonik səssırası
1.Sadə səslərin (alterasiya işarəsi olmadan) ardıcıllığından əmələ gələn səssırası: do,re,mi,fa,sol,lya,si; başqa sözlə - əsas səssarası.
2. Alterasiyalı səslərin də daxil olduğu, lakin əsas səssırasına uyğun gələn intervallardan ibarət səssırası.
3. Bərabər temperasiyalı səssırası.
Diatonika
(yun. diatonikos – gərilimş, yəni bir səsdən, bir pərdədən o birisinə keçən)
Yalnız xalis, böyük və kiçik intervalları özündə cəmləşdirən diatonik səssırasına əsaslanan səslərin birləşməsini və bir – birini əvəz etməsini öyrənən elmi sahəsi.
Dilçək
Qamış dilçək. Qarğıdan düzəldilən kiçik plastinka; bir sıra nəfəsli alətlərdə nəfəs borusunun ağzında yerləşir; birqat dilçək və ikiqat dilçək istifadə olunur.
Dilçəkli alətlər
Musiqi alətləri qrupu; bu alətlərdə dilçək vasitəsilə sərbəst hava axınını hərəkətə gətirilərək səs mənbəyinə çevrilir: Akkordeon, Bayan, Qarmon, Fisqarmon bu cür musiqi alətləridir.
Diletant
(ital. dilettante; dilettare – həzz vermək)
Həvəskar; musiqi ilə və ya elmlə peşəkarcasına deyil, öz şəxsi zövqünə görə məşğul olan şəxs.
Dinamika
(yun. dynamikos – güc, qüvvət)
Musiqi səslənməsinin əsas gücünü bildirir. Əsas işarələri: forte (f) və piano (p) – qüvvətli və zəif səslənmə, kreşendo (crescendo) və diminuendo (diminuendo) – səsin artırılması və azaldılması.
Dini musiqi
Xristian kilsələrində müxtəlif dini ibadət zamanı istifadə olunan musiqi. Adətən orqan alətinin müşayiətilə oxuyan kişi xorları tərəfindən ifa olunur. Latın dilində dua mətnlərinə əsaslanır. Dini musiqinin janrları – messa, motet, psalm, xoral, passion və s.
Diplomant
Müsabiqə münsiflər heyəti tərəfindən fəxri fərmanla təltif olunmuş iştirakçıya verilən ad.
Direksion
(fr. direction, lat. directio – istiqamət)
Musiqili səhnə əsərinin librettosunu əvəz edən proqram – ssenari planı.
Dirijor
(fr. diriger – rəhbərlik etmək, idarə etmək)
Ansambl (orkestr, xor, opera və s.) musiqisinin öyrənilməsinə və ifasına rəhbərlik edən şəxs; ifa olunan əsərin bədii təfsiri Dirijora məxsusdur.
Əvvəllər ansamblın bir üzvü Dirijor rolunda çıxış edir, ifaçılara yol göstərirdi; sonralar xüsusi Dirijor meydana gəldi. Dirijor əsərin ifa xarakterini orkestr üzvlərinə xüsusi hərəkətlə şərh edir.
Dirijorluq
(fran. diriger – idarə etmək)
İfaçılıq sənətinin ən mürəkkəb növlərindən biri olub, musiqi əsərinin məşq və ya konsert zamanı musiqiçilər kollektivinə (orkestr, xor, opera və balet truppası, ansambl və s.) rəhbərlik deməkdir.
Dirijorluq sənəti xüsusi əl hərəkətləri sisteminə əsaslanır; dirijorun üzünün ifadəsi, baxışı, mimikası mühüm rol oynayır.
Dirijor ansamblın həmahəng səslənməsini, ifanın texniki kamilliyini təmin edir, əsərin ideya məzmununu, üslubunu və bədii məqsədini idarə etdiyi kollektivə çatdırmağa çalışır.
Disharmoniya
(yun. dis – inkar önşəkilçisi + harmonia – ahəngdar, həmsaz)
Qeyri – ahəngdar, mütənasibliyin pozulması, ahəngsiz səslənmə.
Diskant
(lat. discantus; dis – ayırma + cantus – oxuma)
Yüksək uşaq səsi; həcmi birinci oktavanın sol səsinə kimidir.
Dissonans
(fr. dissonance; lat. dissono – ahəngsizlik)
Bir – birinə uyğun olmayan səslərin birləşməsi. Belə səs birləşməsi kəskin, qıcıqlandırıcı eşidilir.
Dissonans intervallara böyük və kiçik sekunda, septima və nona, artırılmış kvarta və əksildilmiş kvinta intervalları aiddir.
Dissonans akkordlara böyük və kiçik üçsəsliklərdən başqa bütün digər akkordlar aid edilir. D. musiqidə güclü ifadə vasitəsi hesab olunur; musiqidə gərginlik, iztirab, həyəcan və s. bu kimi əhvali – ruhiyyə yaradır.
Divertisment
(fr. divertissement - əyləncə, şənlik)
1. XVIII əsrdə müxtəlif xarakterli pyeslərdən ibarət silsilə.
2.Əyləncə xarakterli ayrı – ayrı instrumental pyeslər.
3.Müxtəlif rəqslərdən təşkil olunmuş süita.
4.Rəngarəng məzmunlu estrada konserti.
Diyez
(yunan. diesis – yüksəltmək)
Səsi yarımton yüksəltmək işarəsi; notun qarşısında və ya açarda göstərilir; notun adından sonra deyilir: do-diyez, fa diyez və s. Notların hərfi işarələnməsində is hecası ilə qeyd olunur: dis – re-diyez, gis – sol-diyez və s.
Dodekafoniya
(yun. dodeka – on iki, phone – səs)
Müasir bəstəkarlıq texnikasının bir növüdür.
Dodekafoniya üslubunda yazılmış əsərin melodik dilinin əsasını müxtəlif yüksəklikdə yerləşən 12 səsin müəyyən ardıcıllığı – "seriya" təşkil edir. Seriyaya təkrar olunmamaq şərtilə xromatik səssırasının bütün tonları daxildir.
Dodekafoniya metodu XX əsrin 20-ci illərində Avstriya bəstəkarı A.Şönberq tərəfindən işlənmiş və tətbiq olunmuşdur.
Dominanta
(lat. dominans (dominatis)
( hakim, üstün) – 1.Major və minorun V-pilləsi, bu ladların əsas pillələrindən biri olub tonikadan yuxarıda yerləşir; D (latın hərfi) və ya V (rum rəqəmi) ilə işarə olunur.
2.Harmoniyada majorun və harmonik minorun V pilləsində qurulan üçsəslik.
Dominant funksiyası
major-minor lad sistemində dominanta üçsəslisinin və ya dominantseptakkordunun daşıdığı vəzifə: qeyri-sabit xarakterli olub, tonika üşsəslisinə həll olunur. D hərfi ilə işarə olunur.
VII harmonik pillədə (harmonik minorda yarımton artırılmış VII pillə) qurulmuş akkordlar – septakkord, kvintsekstakkord, sekstakkord və III pillənin sekstakkordu dominanta funksiyasına aid edilir.
Dominantseptakkord
Majorun və harmonik minorun V pilləsindən (dominantadan) qurulan septakkord; majorda V 7, minorda V h/7 kimi işarə olunur. Strukturuna görə kiçik major septakkordudur (bax: Kiçik septakkordlar).
Dominantseptakkord akustik cəhətdən düzgün dissonans səslənməyə malikdir, harmonik ahəngdar səs birləşməsindən əmələ gəlir.
Akkordun tonikaya doğru cazibəsi çox güclüdür və Dominantseptakkordun tonikaya həll edilməsi major – minor lad sisteminin əsasını təşkil edir. Dominantseptakkordun başqa bir akkorda keçməsi harmonik hərəkətin pozulması kimi qəbul olunur.
Domra
Qədim simli-dartımlı musiqi aləti; bir çox xalqlarda bu tipli alətlər mövcuddur: gürcülərdə - çonquri, türkmən və özbəklərdə - dutar, taciklərdə dutor, başqırdlarda – dumbıra, qazaxlarda dombra.
Dorida məqamı
Dorik lad – natural ladlardan biri; dorik ladın səssırası VI pilləsi artırılmış natural minorun səssırası ilə üst-üstə düşür: məsələn, fortepianoda re¹ – re² səsləri arasındakı diatonik səsdüzümü dorik ladını – dorida məqamını əmələ gətirir.
Dorida sekstası
Dorik seksta – natural minorda VI artırılmış pillə. Bu pillənin istifadə olunması ilə natural minor dorik lada – dorida məqamına çevrilir.
Dorik ladın I və VI pillələri arasındakı məsafəni dorik seksta və ya dorida sekstası adlandırırlar.
Dramatik musiqi
1.Musiqi əsərinin xarakterinə görə fərqləndirilməsi; gərgin, həyəcanlı musiqi məzmununa malik əsər.
2.Dram tamaşasına yazılmış musiqi növü.
Dördsəsli
1.bax: Dördsəsli düzülüş
2. Dördsəsli fuqa.
3. Dördsəsli akkord.
4. Dördsəsli xor.
Dördsəsli düzülüş
Dörd səs təbəqəsindən əmələ gələn çoxsəsli quruluş.
1.Qarışıq xor və ya kvartetlə bağlı yaranmışdır: soprano, alt, tenor, bas səslərdən ibarətdir.
2.Harmoniyada tədris kursu dördsəsli düzülüşə əsaslanır: yuxarı səs – soprano (1-ci səs), digər səslər müvafiq olaraq, alt (2-ci səs), tenor (3-cü səs), bas (4-cü səs) adlanır.
Dubl-bekar
İkiqat bekar; dubl-diyez və ya dubl-bemolu ləğv edən işarə; bəzən dubl-bekar əvəzinə adi bekar işarəsindən də istifadə olunur.
Dubl-bemol
İkiqat bemol; səsin iki yarımton (bütov ton) həcmində əksildilməsini göstərən işarə. Notun adından sonra deyilir (məs., lya dubl-bemol), not yazısında – işarəsi ilə göstərilir.
Dubl-diyez
İkiqat diyez; səsin iki yarımton (bütov ton) həcmində artırılmasını göstərən işarə. Notun adından sonra deyilir (məs., fa dubl-diyez), not yazısında – x işarəsi iləgöstərilir.
Duet
(alman. Duett, lat. duo - iki)
1.İki ifaçıdan - müğənni və ya çalğıçıdan ibarət ansambl.
2.İki ifaçı üçün bəstələnmiş əsər; hər ifaçının məxsusi partiyası olur.
Duettino – kiçik həcmli duet.
Dulogiya
(lat. duo – iki, yun. logos – məfhum, təlim, anlayış)
Eyni bir mövzu ətrafında birləşmiş iki müstəqil hissədən ibarət əsər; hissələr dramaturji süjet xəttinə görə bağlı olmayıb, bir-birindən fərqlənir və ayrı-ayrılıqda da ifa olunur.
Duol
(lat. duo - iki)
İki notdan ibarət ritmik fiqur olub, eyni uzunluqlu üç notun səslənmə müddətinə bərabərdir. Adətən 3/8, 6/8 ölçülü xanələrdə üç səkkizlik notun yerinə duol - ikisəkkizlik not istifadə olunur. Not yazısında 2 rəqəmi ilə işarə olunur. Musiqi dilinə ritmik sərbəstlik gətirir.
Düzülüş
1.Musiqi alətində çalğı zamanı barmaqların vəziyyəti.
2.Musiqidə səslərin və səs təbəqələrinin müəyyən nisbətdə şaquli və ya üfqi vəziyyəti.