M
Maestro
(ital. maestro – müəllim, ustad)
Musiqi ifasına rəhbərlik edən şəxslərə (dirijorlar, konsertmeysterlər) hörmətli müraciət forması.
Mahnı, nəğmə
Vokal musiqinin formalarından biri olub, xalq musiqi yaradıcılığında, musiqi məişətində, həmçinin professional musiqidə geniş yayılmışdır. Geniş dinləyici kütləsinə ünvanlanmış mahnılar müxtəlif janr xüsusiyyətləri ilə fərqlənir.
Mahnıların məcmuəsi
Populyar mahnıların not yazılarından və mətnlərindən ibarət toplu.
Major
(ital. maggiore – böyük)
Musiqidə əsas ladlardan biri; major-minor lad sistemini əmələ gətirən ladlardan biri.
Səssırasının əsasını ladın sabit pillələrindən (1,3,5-ci pillələr) əmələ gələn böyük (major) üçsəslik təşkil edir; ladın qeyri-sabit pillələri (2,4,6,7-ci pillələr) və dominant septakkord bu üçsəsliyə həll olur.
Növləri: a) natural major; b) harmonik major; c) melodik major.
Major qamması
Major ladının bütün pillələrinin (I-dən VIII-yə kimi) yüksələn və enən istiqamətdəmelodik ardıcıllığı.
Major-minor lad sistemi
Ayrı-ayrı səslərin və akkord komplekslərinin, ilk növbədə, major və minor quruluşlu tonika üçsəslisinin və dominantseptakkordun əlaqələrinə əsaslanan lad sistemi;
Major-minor lad sistemi bəstəkar yaradıcılığında melodik ladlarla uzlaşır.
Bax: Modulyasiya; Lad modulyasiyası.
Maqnitofon
Səsyazma cihazı.
Marş
(fr. marche – addımlamaq, irəli hərəkət etmək)
4/4 ölçülü xanədə dəqiq ritmə malik pyes (nadir hallarda 2/4 və ya 6/8 ölçüdə olur), kollektiv yürüşü müşayiət etmək üçün nəzərdə tutulur.
Marş musiqisindən addımlayan insanların hərəkətini birləşdirmək üçün, onlarda müəyyən əhval – ruhiyyə yaratmaq üçün istifadə olunur.
Marş xarakterinə görə müxtəlif növlərə bölünür: təntənəli marş, yürüş marşı, qarşılama marşı, matəm marşı və s.
Hərbi hissələrdə nəfəsli orkestr tərəfindən ifa olunan nizami marşlar çox tətbiq olunur.
Marş müxtəlif növlərində öz əksini tapan bədii obrazlardan instrumental musiqidə vəmahnılarda istifadə edilir.
Matəm marşı
Matəm mərasimləri zamanı ifa olunan marş musiqisinin xüsusi növü; özünəməxsus ağır tempə, melodik intonasiya xüsusiyyətlərinə malik olub, hüznlü, kədərli xarakter daşıyır.
Mazurka
(polyak. mazur - mazoviyalı)
Polyak xalq rəqsi; ¾ xanə ölçüsünə və çox dəqiq, xüsusi ritmli hərəkətə əsaslanır.
Medianta
(lat. media – orta)
Major – minor lad sistemində tonika və dominanta arasında yerləşən pillə.
Üst medianta III pillədir; I və V pillələr – tonika və dominanta (üst) arasında yerləşir.
Alt Medianta – subdominanta (alt dominanta) və tonika arasında yerləşir.
Mediator
(lat. mediator – vasitəçi)
Bir sıra simli alətlərdə çalğı zamanı simləri hərəkətə gətirmək üçün istifadə olunan sümükdən, metaldan, taxtadan və ya bərk dəridən hazırlanan kiçik, iti uclu lövhəcik.
Medium
(lat. medius – orta; azərb. pəstxan)
Qadın vokal səsinin orta registri.
Melizmlər
(yun. melismos – xüsusi bir üsul üzrə oxuma)
Melodiyanın ayrı – ayrı səsləri ətrafında gəzişmədən əmələ gələn melodik dönmələri, bəzəkləri göstərən xüsusi işarələr.
Melizmlər bunlardır: forşlaq, qruppetto, mordent, ikiqat mordent, trel.
Melodeklamasiya
(yun. melos – mahnı + lat. declamatio – deklamasiya (inşad))
İfadəli, bədii qiraət olub, melodramatik xarakterli musiqi ilə müşayiət olunur.
Melodika
Musiqi nəzəriyyəsində melodiyanın quruluş və inkişaf qanunauyğunluqlarını öyrənən elm sahəsi.
Melodrama
(yun. melos – mahnı + drama - əhvalat)
1.Ayrı – ayrı hissələri musiqi ilə müşayiət olunan dram əsəri.
2.Musiqi ilə uzlaşdırılan dram əsəri.
3.Həddən artıq təsirli və təmtəraqlı xarakterli dram əsəri.
Melodik ladlar
Qonşu pillələrin öz arasında melodik (sekunda) cazibəsinə əsaslanan və bir sabit səsə (tonikaya) dayaqlanan ladlara deyilir.
Bir sıra xalqlarda milli musiqinin əsasını Melodik ladlar təşkil edir. Onlardan həmçinin bəstəkar yaradıcılığında istifadə olunur.
Diatonik səssırasına əsaslanan Melodik ladlara lidik, ionik, miksolidik, dorik, eolik lad aiddir.
Melodik major
Majorun bir növü olub, natural majordan VI və VII pillələrinin əksildilməsi ilə fərqlənir.
Bunun nəticəsində IV və V pillədə qurulan üçsəsliklər, o cümlədən, V pillənin septakkordu özünəməxsus akustik səslənmə kəsb edir.
Melodik minor
Natural minorun VI və VII pillələrinin yüksəldilməsi nəticəsində əmələ gəlir.
Melodik minorda melodik əlaqələr dəyişsə də harmonik əlaqələr natural və harmonik minorda olduğu kimi saxlanılır, buna görə də minorun bu növlərinə uyğunlaşdırılaraq istifadə olunur ki, bu da melodik imkanların inkişafına imkan yaradır.
Melodik modulyasiya
1. Akkordlu modulyasiyada bir tonallıqdan digərinə keçərkən aralıq akkorddan istifadə olunmur.
Melodik modulyasiya a) modulyasiyalı akkordun harmonik cazibəsinə və aydınlığına, b) vasitəçi və modulyasiya edən akkordlar arasında səslərin axıcı hərəkətinə əsaslanır. 2.Melodiyada bir laddan digərinə keçid.
Melodiya
(yun. melodiya – mahnı oxumaq: melos – mahnı, ode – oxumaq sözündən) 1. Təranə, hava; müəyyən yüksəkliyə, uzunluq və cazibə qüvvəsinə (lad və metrə əsaslanan) malik səslərin birsəsli qaydada ardıcıl birləşərək əmələ gətirdiyi quruluş.
Musiqi əsərinin əsasını təşkil edən müxtəlif obraz və əhval – ruhiyyəni əks etdirməyə qadir olan mühüm ifadə vasitəsidir.
2.Homofon quruluşlu musiqidə ən ifadəli səs.
3.Harmonik çalışmalarda yuxarı səsin şərti adı.
Melos
(yun. melos – mahnı)
Melodik element, musiqidə melodik başlanğıc.
Memarlıq akustikası
Məkan akustikası, hər hansı bir binada eşidilmənin keyfiyyətini bildirir; qapalı məkanlarda səsin müxtəlif hərəkətli yayılması haqqında ümumi məlumat (mühazirə, konsert zalları, səsyazma studiyaları) verir. Əsas məqsədi səsin düzgün, dəqiq, eyni şəkildə yayılmasını təmin etməkdən ibarətdir. Məkan akustikası istifadə olunan materiallarla, məkanın tavanının hündürlüyü, divarların paralel və qeyri-paralelliyi ilə ölçülür. Binanın inşasından çox şey asılıdır. Yaranmış defektləri bəzi hallarda elektron akustika vasitəsilə aradan qaldırırlar. Konsert və tamaşa zalında səhnənin akustikası mühüm əhəmiyyətə malikdir. bax: akustika.
Membranofon
Zərbli musiqi aləti.
Menzura
(latın: mensura – ölçü)
Musiqi alətlərinin ölçüləri və müxtəlif hissələri arasında qarşılıqlı nisbət.
Menzural notasiya
(lat. mensura – ölçü, nota – işarə) Orta əsrlərdə (XII–XVI əsrlər) musiqi yazısı sistemi, səslərin həm yüksəkliyini, həm də uznluğunu işarə edir.
Messo-soprano
(ital.mezzo – orta və soprano)
Orta registrli qadın səsi; soprano və kontralto arasında yerləşir.
Diapazonu: kiçik oktavanın lya səsindən – ikinci oktavanın lya səsinə kimi. Xorda alt səsi – ikinci səs.
Metrika; Vəzn bəhsi
Musiqi nəzəriyyəsində musiqi ölçüsünün xüsusiyyətlərini, onların quruluş qanunauyğunluqlarını öyrənən elm sahəsi.
Metronom
(yunan. metron – ölçü, nomos – qanun; ölcü qanunu)
Metrin ölçüsünü dəqiq göstərmə yolu ilə əsərin tempini dəqiq müəyyənləşdirən cihaz.
Metronom 1816-cı ildə İ.N.Metsel tərəfindən yaradılmışdır.
Metronom ifacıya rəqəmlərlə göstərilən tempi dəqiq təyin etməyə kömək edir.
Metso-soprano
(italyan: mezzo – orta və soprano)
Orta registrli qadın səsi; soprano və kontralto arasında yerləşir. Diapazonu: kiçik oktavanın lya səsindən – ikinci oktavanın lya səsinə kimi. Xorda alt səsi – ikinci səs.
Meysterzingerlər
(alm. Meistersinger – oxuma ustası)
– XIV – XVII əsrlərdə Almaniyada peşəkar musiqiçilər qrupu.
Məclis
Oturmaq yeri, yığıncaq yeri. Mədrəsədə "dərs otağı", "qəbul otağı", "görüş yeri" mənalarında istifadə olunur. Müasir dövrdə Türikiyə, İran və Azərbaycan parlament mənasında da istifadə olunur.
Müsəlman ölkələrində məclislər ictimai və mədəni həyatda geniş yayılmışdır. Xüsusilə alimləri, şairləri, xanəndə və musiqi ifaçılarını özündə birləşdirən məclislər mədəniyyət tarixinin inkişafında mühüm rol oynamışdır.
Məqam
Müxtəlif səslər, pərdələr məcmusunun bir vahid əsas kök ətrafında birləşməsi.
Musiqidə hər səsin, hər pərdənin öz mövqeyi və öz xüsusi keyfiyyəti var. Bu keyfiyyət ayrı – ayrı pərdələr arasında müəyyən qarşılıqlı münasibət yaratmış olur ki, bu da, nəticə etibarı ilə, bütün pərdələrin Mayəyə doğru olan meyl və istiqaməti ilə səciyyələnir (Mayə).
Məqam – bir – birinə tərəf meyl göstərən, yönələn və bir sabit səs (mayə) ətrafında toplaşan müxtəlif yüksəklikdə (ucalıqda) olan musiqi sədalarının qarşılıqlı münasibət sistemindən ibarətdir.
Məqam alterasiyası
bax: Lad alterasiyası.
Məqamın qeyri-sabit pərdələri
Məqamın (ladın) sabit pərdələrindən asılı olan, onlara həll olunan pərdələr; major vəminorda II, IV, VI və VII pərdələr, başqa sözlə, tonika üçsəsliyinə daxil olmayan pərdələr.
Məqamların major-minor sistemi
bax: Major-minor lad sistemi.
Məqam pərdələri
Məqamın (ladın) səssırasında müəyyən ad və vəzifə daşıyan pərdələr. Məqamın pərdələritonikadan başlayaraq, yüksələn istiqamətdə rum rəqəmləri ilə nömrələnir. Məqam səssırasında yeri və vəzifəsi tonikaya nisbətən müəyyən olunur və adlandırılır.
I pərdə - tonika; V pərdə - dominanta; IV pərdə - subdominanta; III pərdə - üst medianta; VI pərdə - alt medianta; II pərdə - üst çatdırıcı (aparıcı) ton; VII pərdə - alt çatdırıcı (aparıcı)ton
Məqamın sabit pərdələri
Məqamın (ladın) dayaq pərdələri olub, qeyri-sabit pərdələri özünə tabe edir. Major vəminorda I, III, V pillələr sabit pillələrdir. I pillə - tonika ladın əsas pilləsidir.
Məşq
(latın. repetitio – təkrar)
Musiqi əsərinin ifasının hazırlanması. İfaçılıq prosesində əsərin daha mükəmməl öyrənilməsi və təfsiri üçün vacib amildir. İfaçılıq təlimində bir alətdə eyni notun ardıcıl dəfələrlə çalınmasına repetisiya deyilir.
Mi
Yeddi əsas musiqi səsindən üçüncüsü.
Miksolidiya məqamı
(miksolidik lad)
Melodik ladlardan biri. Natural majordan VII pilləsinin əksilmiş olması ilə fərqlənir.
Miniatür
(italyan: miniatura – keçmişdə əlyazma kitablarını bəzəmək üçün istifadə edilən əlvan rənglər)
1. Orta əsrlərdə əlyazmalarda istifadə olunan kiçik rəsm illüstrasiyaları; həcminin kiçikliyi və bədii üsullarının incəliyi ilə fərqlənən təsviri sənət əsəri. Şərq ölkələrində, xüsusilə Azərbaycanda inkişaf etmişdir. Təbtiz miniatür məktəbinin nümayəndələri – Sultan Məhəmməd, Mir Müsəvvir, Mir Seyid Əli, Mirzə Əli Təbrizi və b. tərəfindən Firdovsinin, Nizaminin əsərlərinin əlyazmalarına çəkilən illüstrasiyalarda o dövrün musiqi həyatı, musiqi alətləri və ansamblları haqqında dolğun məlumatlar əəldə etmək olur.
2. Kiçik həcmli əşya;
3. Musiqidə kiçik həcmli pyes.
Minor
(ital. minore - kiçik)
Musiqidə əsas ladlardan biri; major-minor lad sistemini əmələ gətirən ladlardan biri.
Səssırasının əsasını ladın sabit pillələrindən (1,3,5-ci pillələr) əmələ gələn kiçik (minor)üçsəslik təşkil edir; ladın qeyri-sabit pillələri (2,4,6,7-ci pillələr) və dominant septakkordu bu üçsəsliyə həll olur. Növləri: a) natural minor; b) harmonik minor; c) melodik minor.
Minor kökü
Minor ladının əsas (birinci) – tonika pilləsinə görə adlandırılması: do minor və yaxud do minor kökü dedikdə, yəni tonikası "do" səsi olan minor ladı nəzərdə tutulur.
Minor qamması
Minor ladının bütün pillələrinin (I-dən VIII-yə kimi) yüksələn və enən istiqamətdəmelodik ardıcıllığı.
Mis alətlər
Bürüncdən, bəzən digər metallardan hazırlanan nəfəs alətləri. Simfonik orkestrdə xüsusi qrup təşkil edir. Eyni zamanda, müstəqil nəfəsli orkestrin tərkibinə daxildir (bir sıra ağac nəfəsli alətlərlə birgə). Bəzi hallarda mis nəfəsli alətlərdən solo və ansambl alətləri kimi istifadə olunur. Mis nəfəsli alətlərə truba, valtorna və s., həmçinin, bir sıra xalq çalğı alətləri aiddir: kərənay.
Mizrab
Dartımlı simli musiqi alətlərin (tar, ud) simlərini dartıb ehtizaza gətirmək üçün mal buynuzundan (bəzən sümükdən ya da plastmasdan) hazırlanan nazik plastinka. Qanon musiqi aləti üçün mizrab metaldan hazırlanır. Saz mizrabı gilənar ağacının qabığından hazırlanır (bax: Təzənə).
Moderator
(latın: moderator – zəiflədən, tutub saxlayan)
Pianino və royalda səsi zəiflətmək üçün istifadə olunan mexanizm.
Monodiya
(yunan. monos – bir, ode - oxuma)
Bir melodiyanın bir səsli ifası; solo və ya ansamblla (unison və ya oktava münasibətində) müşatiətsiz ifa.
Monoxord
(yunan. monos – bir, chorde - sim)
Birsimli, ilk dəfə qədim Yunanıstanda səsin keyfiyyətini öyrənmək üçün yaradılmış alət.
Monotematizm
(yunan. monos – bir, thema – haqqında danışılan predmet)
Musiqi əsərinin bir mövzu əsasında qurulması.
Monoton
(yunan. monos – bir, tonos – gərginlik)
Yeknəsək, eyni səsdə təkrar olunan, eyni qüvvətlə - yüksəlib enmədən səslənən.
Mordent
(italyan: mordente – iti, dişləyən)
Melizm növlərindən biri; üç notun ardıcıl cəld ifası nəzərdə tutulur.
Motiv
(italyan: motivo; alm. motive; lat. moveo – hərəkətə gətirirəm)
1.Ən kiçik musiqi quruluşu, bir neçə səsin bir vurğu altında birləşdirilməsini nəzərdə tutur.
2.Müstəqil əhəmiyyətə malik melodik ibarə.
3. Əsərdə mövzunun ən xarakterik hissəsi kimi islənmə bölməsində müstəqil əhəmiyyət kəsb edir.
4. Məişətdə işlənən melodiya, avaz mənasında.
Motiv işləməsi
Mövzunun hissələrinin, yəni motivlərinin şəklidəyişilmiş təkrarı.
Mövzu
(yunan. thema – müzakirə və ya danışıq predmeti)
Melodik və forma cəhətdən tamamlanmış, bitkin musiqi fikrini bildirən musiqi qurumu. Kompozisiyanın vacib amili sayılır; musiqi əsərində müəyyən məna, ideya, daşıyıcısıdır; obrazın xarakter xüsusiyyətlərinintəcəssümündə mühüm rol oynayır. Hər bir muğam şöbəsinin və guşəsinin özünəməxsus mövzusu vardır.
Muğam, muğamat
(ər. məqam – yəni vəziyyət, mövqe)
Mürəkkəb, ideya – emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən xalq musiqi dühasının gözəl məhsuludur. Muğamat yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış, kamilləşmişdir.
Muğamat – xalq vokal – instrumental kompozisiyasının ən yüksək yaradıcılıq mərhələsinə çatdırılan nümunəsidir. Muğamın bütün hissələri (bax: Dəstgah) müəyyən bədii fikri müxtəlif bədii ifadə vasitələri ilə əyan edir.
Muğamın hər bir hissəsi (şaxəsi, şöbəsi, guşəsi) çox vaxt özü – özlüyündə müstəqil bir mahiyyət kəsb edir və ayrılıqda ifa edilə bilsə də, onun mütəşəkkil vahid əsas inkişaf xətti ardıcıl surətdə məntiqi qaydalara əsaslanaraq öz bütövlüyünü, tamlığını heç də itirmir. Muğam ciddi məzmunlu musiqi ilə yanaşı asan (yüngül) musiqi nümunələrini də (təsnif,rəng) özündə təcəssüm etdirir.
"Muğam-Antologiya" layihəsi
Heydər Əliyev Fondu tərəfindən yaradılan muğam layihələrindən biri. Layihənin məqsədi muğamla bağlı zəngin nəzəri, musiqi və fəlsəfi irsin nəşrindən ibarətdir. Səfiəddin Urməvi, Əbdülqadir Marağai və digər tədqiqatçıların əsərləri həmin nəşrlər sırasındadır. Tanınmış Azərbaycan alimləri ilə yanaşı, Şərqin şöhrətli alimlərindən Əl-Fərabinin, Qərb alimlərindən Farmer, Rayt, Dürinq və eləcə də başqalarının muğama dair əsərlərinin çapı nəzərdə tutulur.
"Muğam Dəstgah" layihəsi
Heydər Əliyev Fondu tərəfindən yaradılan muğam layihələrindən biri. Layihənin məqsədi həm köhnə val yazılarının, həm də məharətlə ifa olunan muğamların bütün şöbə və guşələrinin yenidən bərpasından ibarətdir. Layihə çərçivəsində muğam-dəstgahların konsertlərdən birbaşa yazıya alınması və gələcək nəsillər üçün qorunub saxlanması nəzərdə tutulur.
Muğam Dəstgahları
Şifahi ənənəli Azərbaycan professional musiqisinin ən böyük janrı, mükəmməl və klassik formasıdır. "Dəstgah" sözü - "dəst" - bütöv, tam, "gah" - yer, mövqe deməkdir. Dəstgah - muğamın vokal-instrumental şəkildə bütün hissələrinin - şöbə, guşə, rəng, təsniflərin tam, bütövlükdə, muğam kompozisiyasının tələbləri səviyyəsində ifası deməkdir. Dəstgahın ən başlıca xüsusiyyəti muğam şöbələrinin və guşələrinin, təsnif və rənglərin məntiqli surətdə ardıcıllaşaraq, silsilə yaratmasından ibarətdir. Bunun da nəticəsində muğam dəstgahlarının özünəməxsus inkişaf dramaturgiyası yaranır.Beləliklə, muğam dəstgahları kamil formalı, çoxhissəli, silsilə quruluşlu musiqi əsərləridir. Azərbaycan muğam dəstgahları bunlardır: "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Mahur-hindi", "Orta Mahur", "Mirzə Hüseyn Segahı", "Zabul Segahı", "Xaric Segah", "Şüştər", "Hümayun". Bu muğam dəstgahları rast, şur, segah, şüştər, bayatı-şiraz, çahargah, hümayun məqamlarına əsaslanır. Bir məqam əsasında bəzən bir neçə muğam qurulur, beləliklə, muğam ailələri əmələ gəlir. Azərbaycan musiqisində "Rast", "Şur", "Segah" muğam ailələri yaranmışdır. Muğam dəstgahlarının mətn əsasını qəzəllər təşkil edir. Qəzəl seçimi hər bir xanəndənin öz zövqündən və istəyindən asılı olmaqla yanaşı, həm də muğamın xarakteri ilə bağlı olur: məs., "Rast"da oxunan qəzəllər "Segah"da və ya "Çahargah"da oxunmur. Muğam dəstgahların ifası müddəti (xronometraj) sabit deyil. Eyni dəstgah 2-3 saat, 30-40 dəqiqə və ya 10-15 dəqiqə müddətində ifa oluna bilər.
"Muğam Dünyası" layihəsi
Heydər Əliyev Fondu tərəfindən yaradılan muğam layihələrindən biri. Layihə çərçivəsində simpoziumların, "XXI əsrdə muğam sənəti" beynəlxalq konfransının keçirilməsi, müxtəlif festival və yarışmaların, həmçinin muğam mütəxəssisləri tərəfindən hazırlanmış xüsusi layihələrin təşkili planlaşdırılır.
"Muğam Ensiklopediyası" layihəsi
Heydər Əliyev Fondu tərəfindən yaradılan muğam layihələrindən biri. Layihənin Azərbaycan muğamına həsr olunmuş nəşri həm elektron, rəqəmsal, həm də kitab variantlarını əhatə edir.
Muğam etüdləri
Azərbaycan bəstəkarlarının xalq çalğı alətlərinin ifaçılıq tədrisi məqsədilə bəstələdikləri əsərlər: Adil Gərayın, Səid Rüstəmovun "Muğam etüdləri" çox istifadə olunur.
"Muğam İnternet" layihəsi
Heydər Əliyev Fondu tərəfindən yaradılan muğam layihələrindən biri. Layinənin məqsədi İnternetdə muğamla bağlı audio və video materialları özündə ehtiva edən muğam yaratmaqdan ibarətdir.
"Muğam İrs" layihəsi
Heydər Əliyev Fondu tərəfindən yaradılan muğam layihələrindən biri. Layinənin məqsədi Azərbaycan xanəndəələrinin qədim qrammofon vallarının bərpasından və yeni disklərin buraxılmasından ibarətdir. Layihə çərçivəsində "Qarabağ xanəndələri", "Unudulmuş səslər", "Azərbaycan qadın xanəndələri", "İnstrumental muğamlar", "Muğam ustaları" CD albomların hazırlanması nəzərdə tutulur.
Muğam layihələri
Heydər Əliyev Fondunun yaratdığı muğam mədəniyyəti ənənələrinin qorunub saxlanmasını nəzərdə tutan "Muğam İrs", "Muğam Dəstgah", "Muğam Ensiklopediyası", "Muğam-İnternet", "Muğam-Antologiya", "Muğam dünyası", "Muğam mərkəzi" layihələri bu gün uğurla həyata keçirilməkdədir.
Bu layihələrin özünəməxsusluğu onların sırf muğam aləminə, muğam fenomeninə həsr olunması ilə bağlıdır, onlar Azərbaycan muğam sənətinin qorunub saxlanılaraq, gələcək nəsillərə ötürülməsinə, çoxcəhətli, hərtərəfli surətdə öyrənilməsinə və təbliğinə xidmət edir. Səsyazılarını, elektron və çap nəşrlərini özündə ehtiva edən bu layihələrdə dünyamiqyaslı tədbirlərin, beynəlxalq festivalların və müsabiqələrin keçirilməsi də nəzərdə tutulur.
Muğam Məclisləri
Azərbaycan mədəniyyət tarixində mövcud olmuş xanəndə və sazəndələrdən, muğambilicilərindən ibarət yığıncaq, dərnək. XIX əsrin II yarısında Bakı, Şamaxı, Şuşa kimi iri mədəni mərkəzlərdə müxtəlif şəxslər – görkəmli şair və musiqiçilər, mədəniyyət hamiləri – mesenatlar, eləcə də zadəganlar tərəfindən öz saraylarında və kübar salonlarında təşkil olunan "musiqi məclisləri" mövcud idi. Bu musiqi məclislərini bəzən "musiqi dərnəyi" və ya "musiqi salonu" da adlandırırdılar.
Şuşada "Nəvvabın məclisi", Şamaxıda "Mahmud ağanın dərnəyi", Bakıda isə "Məşədi Məlik Mənsurovun salonu" qeyd olunmalıdır. Bütün bu musiqi məclisləri əsl musiqi məktəbinə, sənətkarlıq məktəbinə çevrilmişdi. Belə məclislərin əks-sədası təkcə iri şəhərlərdə deyil, əyalətlərdə və hətta kəndlərdə yayılır, buradakı musiqisevərlər tərəfindən də xüsusi muğam məclisləri təşkil olunurdu.
Muğam Üçlüyü
Üç ifaçıdan, xanəndə (və qavalçı), tarzən və kamançaçalandan ibarət ənənəvi muğam ansamblı. Xanəndə və sazəndə dəstəsi.
Muğamın not yazıları
Muğam şifahi ənənəli professional musiqi növü kimi eşitmə yolu ilə qavranılaraq, yaddaş vasitəsilə müəllimdən şagirdə, bir ifaçıdan digərinə ötürülmüşdür. Orta əsrlərdə Səfiəddin Urməvinin icad etdiyi not yazı sistemi (əbcəd) Şərqdə musiqi alimləri tərəfindən geniş tətbiq olunmuş, bu sistemlə S.Urməvinin, Ə.Marağinin və b. yaratdıqları musiqi əsərləri yazıya alınaraq, qorunub saxlanmışdır.
XX əsrdə universal Avropa not yazı sisteminin Azərbaycan musiqisində tətbiqi nəticəsində 1930 illərdən sonra yetişən bəstəkar və musiqişünaslar tərəfindən muğam dəstgahları, zərbi muğamlar, təsnif və rənglər nota salınıb çap olunmuşdur. Azərbaycan şifahi ənənəli musiqisinin ilk nümunələri - xalq mahnı və rəqs melodiyaları hələ XIX əsrin II yarısından başlayaraq, rus etnoqrafçıları - P.Vostrikov, M.P.Polonski və b. tərəfindən nota yazılıb müxtəlif jurnallarında nəşr olunmuşdur.
Azərbaycanda ilk dəfə olaraq, 1927 ildə isə Ü.Hacıbəyovun və M.Maqomayevin nota yazıb işlədikləri "Azərbaycan türk el nəğmələri" məcmuəsi çap olundu. Azərbaycanda ilk dəfə muğamın nota köçürülməsi işi ilə Müslüm Maqomayev məşğul olmuşdur. O, 1928 ildə Qurban Pirimovun ifasından «Rast» muğamını nota salmışdır. Həmin not yazısı çap olunmamışdır (AMEA-nın Füzuli adına Əlyazmaları İnstitutunda saxlanılır). Muğamların nota yazılması sahəsində Niyazinin xidmətləri qeyd edilməlidir. «Rast» və «Şur» dəstgahlarını vokal-instrumental şəkildə Cabbar Qaryağdı oğlunun ifasından nota yazılmış, lakin çap olunmamışdır (Niyazinin ev-muzeyi).
1932 ildə ADK-nın nəzdində Bülbülün rəhbərliyi ilə yaranmış Elmi-tədqiqat musiqi kabinetinin əməkdaşları tərəfindən də muğamların notlaşdırılması sahəsində mühüm işlər görülmüşdür. 1936 ildə nəşr olunmuş ilk not yazıları – Tofiq Quliyevin «Rast» «Zabul», Zakir Bağırovun «Dügah» muğam dəstgahları tarzən Mənsur Mənsurovun ifasından nota yazılmışdır və L.Rudolfun harmonizasiyasında, yəni, fortepiano üçün işləməsində verilmişdir. Qara Qarayev tərəfindən Qurban Primovun ifasından nota yazılmış «Şur» muğamı muğam melodiyalarını orijinalda olduğu kimi, heç bir işlənmə elementlərinə yol verməyərək, dəqiq əks etdirir (əlyazması AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun arxivində saxlanılır, inv.¹ 94) Bu əlyazmasının yalnız bir hissəsi – "Mayə" şöbəsi V.Belyayevin «Oçerki istorii muzıki narodov SSSR» ("SSRİ xalqlarının musiqi tarixinə dair oçerklər") kitabında nümunə kimi təqdim edilmişdir).
Bundan başqa, 1930 illərin sonunda F.Əmirov xanəndə Bilal Yəhyanın ifasından "Rast", "Şur", "Segah" muğamlarının şöbələrini, M.İsmayılov xanəndə Əlizöhabın ifasından təsnifləri nota yazmışdır. V.Belyayevin adı çəkilən kitabında Qurban Pirimovun ifasından nota salınmış "Rast" muğamının daha iki not yazısı verilmişdir. Birincisini - instrumental şəkildə "Rast" muğamını rus musiqişünası V.Krivonosov nota yazmışdır. İkinci not yazısı isə bəstəkar Tofiq Quliyevə məxsusdur. Bu not yazısı "Rast" muğam dəstgahının vokal-instrumental şəkilini əks etdirir, Zülfü Adıgözəlovun və Qurban Pirimovun ifasından yazılmışdır.
1960 illərdə bəstəkar Nəriman Məmmədovun tarzən Əhməd Bakıxanovun ifasından nota yazdığı instrumental muğamlar çap olunmuşdur: "Bayatı-Şiraz" və "Şur" (1962), "Rast" və "Şahnaz" (1963), "Çahargah" və "Hümayun" (1962), "Segah-Zabul" və "Rahab" (1965). N.Məmmədovun 1970-illərdə vokal-instrumental şəkildə noya yazdığı "Çahargah" (1970) muğamı xanəndə Yaqub Məmmədovun, "Rast" (1978) muğamı Hacıbaba Hüseynovun ifaçılıq təfsirinə uyğundur. 2000 illərdə muğamların not yazıları kamança ifaçısı, sənətşünaslıq namizədi Arif Əsədullayev tərəfindən tarzən Elxan Mirzəfərovun ifasında nota salınıb çap edilmişdir: "Bayatı-Şiraz" və "Hümayun" (2003), "Rast" və "Çahargah" (2005), "Şüştər", "Şur", "Zabul Segah" (2006). Muğam dəstgahlarla yanaşı, mağamın digər janrlarına aid nümunələr də nota yazılıb çap olunmuşdur: S.Rüstəmov "Azərbaycan xalq rəngləri" (I dəftər - 1954, II dəftər - 1956), Ə.Bakıxanov "Azərbaycan xalq rəngləri" (1964), "Azərbaycan ritmik muğamları" (1968), R.Zöhrabov "Azərbaycan təsnifləri" (1983), "Azərbaycan zərbi muğamları" (1986), "Zərbi muğamlar" (2004), E.Mansurov və A.Kərimov "Azərbaycan dəraməd və rəngləri" (1984), "Azərbaycan diringi və rəngləri" (1986).
Muğam operası
XX əsrin əvvəllərində Azərbaycanda meydana gəlmiş orijinal opera janrı. Üzeyir Hacıbəyovun yaradıcılığında təşəkkül tapmışdır. Onun muğam sənətinə əsaslanaraq yaratdığı "Leyli və Məcnun" (1908) operası ilə Azərbaycanda və Şərqdə opera sənətinin əsası qoyulmuşdur. Bu əsərin tamaşaya qoyulması musiqi teatrının yaranmasına səbəb olmuş, Azərbaycanda bəstəkarlıq sənətinin bünövrəsini qoymuşdur.
Eyni zamanda, bu hadisə muğam ifaçılığı sənətinin hüdudlarını genişləndirmiş, xanəndələrin opera səhnəsinə çıxmasına təkan vermişdir. Ü.Hacıbəyov , həmçinin, "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşid Banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) operalarının müəllifidir. Ü.Hacıbəyovun yaradıcılıq təcrübəsindən bəhrələnən digər bəstəkarlar da muğam operaları yaratmışlar: Z.Hacıbəyov "Aşıq Qərib" (1916), M.Maqomayev "Şah İsmayıl" (1916) operaları bu janrın maraqlı nümunələridir. Bu ənənə XX əsrin II yarısında da bəstəkarlar tərəfindən davam etdirilmişdir: Ş.Axundovanın "Gəlin qayası", C.Cahangirovun "Xanəndənin taleyi" operaları bu qəbildəndir. V.Mustafayevin "Vaqif", V.Adıgözəlovun "Natəvan" operalarında dövrün görkəmli xanəndələrinin obrazlarını canlandırmaq üçün əsərin musiqi məzmununda muğamlardan istifadə edilmişdir.
Muğamın səs yazıları
Muğamların qrammofon vallarında ilk səs yazıları 1900 illərdən başlayaraq meydana gəlmişdir. 1906 ildə "Qrammofon" şirkətinin dəvətilə Riqa şəhərində Şərq musiqi tarixində ilk dəfə olaraq, Cabbar Qaryağdı oğlunun səsi qrammofon valına yazılmışdır. Ondan sonra Ələsgər Abdullayev, Seyid Mirbabayev, İslam Abdullayev, Məşədi Məmməd Fərzəliyev, Keçəçi oğlu Məhəmməd, Məcid Behbudov, Seyid Şuşinski və bir çox başqa xanəndələr 1906-1915 illər ərzində "Qrammofon", "Sport-Rekord", "Pate" şirkətləri tərəfindən Riqa, Varşava, Peterburq, Kiyev, Moskva, Tiflis şəhərlərinə dəvət olunaraq səsləri qrammofon vallarına yazılmışdır. Bu xanəndələri əksər hallarda tarzən Qurban Primov və kamançaçı Saşa Oqanezaşvili müşayiət etmişlər. Sonrakı illərdə "Noqin zavodu", "1905", "Melodiya" səsyazma şirkətləri tərəfindən xanəndələrin qrammofon valları kütləvi tirajla buraxılmışdır.
Muğamların səsyazılarının daha bir mərhələsi ADK-nın nəzdində Bülbülün rəhbərlik etdiyi Elmi-tədqiqat musiqi kabineti tərəfindən həyata keçirilmişdir. Burada Cabbar Qaryağdı oölu və başqa xanəndələrin ifasından xalq mahnıları və təsniflər, muğamlar fonovalikə yazılmış və onlardan bir hissəsi nota köçürülmüşdür (Bülbülün ev-muzeyində saxlanılır). Müasir dövrdə muğam ifaçılarının səsyazıları kütləvi tirajla Azərbaycanda və xarici ölkələrdə CD-DVD formatında buraxılır.
Qədim qrammofon valları milli musiqi xəzinəsinin ən dəyərli sərvəti kimi Azərbaycan Dövlət Səsyazıları Arxivində, Ü.Hacıbəyovun ev muzeyində və Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin fondlarında saxlanılır. Qədim qrammofon vallarının bir hissəsi "Musiqi Dünyası" jurnalının yaradıcılıq qrupu tərəfindən rəqəmsal bərpa olunmuşdur Qrammofon vallarının kataloqu "Azərbaycan diskoqrafiyası (1900-1940)" adlı internet saytına yerləşdirilmişdir və həmin kataloq çox böyük həcmdə informasiyanı əhatə edir. Bundan başqa, «Musiqi Dünyası»nın yaradıcı qrupu tərəfindən Almaniya və Fransa respublikalarının Azərbaycandakı səfirliklərilə birgə «Qədim qrammofon vallarının» (1900-1940) bərpası layihəsi həyata keçirilərək (2003-2005), görkəmli xanəndələrin səsyazılarından ibarət 450 CD disk formatında muzeylərə və Dövlət Səsyazıları Arxivinə təqdim olunmuşdur.
Musiqi akustikası
Fizikada səs hadisələrini öyrənən elm sahəsi (yunan. acustikos – eşitmə ilə bağlı). Musiqi akustikası musiqi səslərinin təbiətini, həmçinin musiqi quruluşunu və sistemlərini öyrənir. Eyni zamanda, akustika anlayışı hər hansı bir məkanda (otaqda, səhnədə və s.) eşidilmənin xarakter və keyfiyyətini nəzərdə tutur.
Musiqi cəmiyyəti
Müəyyən məqsədlərlə yaradılan və öz ətrafında həmfikir musiqiçiləri birləşdirən qruplaşma.
Musiqi cərəyanı
1. Musiqi tarixində (ümumilikdə incəsənət tarixində) müəyyən ictimai-siyasi hadisələrin təsiri altında meydana gəlmiş, həmin dövrün musiqi sənəti üçün səciyyəvi olan mühüm yaradıcılıq xüsusiyyətlərinin vəhdətini ifadə edən məfhum: məs., XVIII əsrdə - klassisizm, XIX əsrdə romantizm cərəyanı və s. Müəyyən bir cərəyanın nümayəndələri ictimai və ideya mövqelərini, süjet və obrazlar seçimini və onları dəyərləndirməyin prinsiplərini irəli sürür. Buradan da xarakterlərin, süjetlərin və onların təcəssümü üçün zəruri olan təsviri-ifadə vasitələrinin yaxınlığı özünü göstərir.
2.Sözün daha geniş mənasında, cərəyan anlayışı bədii metod mənasında da işlənilir.
Musiqi deklamasiyası
(lat.declamation)
Mətnin (əsasən şeirin) ifadəli tərzdə oxunmasının musiqi ilə müşayiət edilməsi. Bu cür qovuşma əsasında yaradılmış musiqi əsəri.
"Musiqi Dünyası" jurnalı
Bakıda çıxan ilk beynəlxalq rüblük elmi-pedaqoji, tənqidi-publisistik və mədəni-maarif musiqi jurnalı. 1999 ildən çap olunur. Təsisçiləri Azərbaycan Bəstəkarlar İttifaqı və Bakı Musiqi Akademiyasıdır. Baş redaktoru və naşiri - sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov, məsul redaktoru - sənətşünaslıq namizədi, dosent Cəmilə Həsənovadır. Jurnalın redaksiya heyətinə Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xadimləri daxildir.
"Musiqi dünyası" jurnalı üç formatda təqdim olunur: çap şəklində, internetdə və radio jurnalı şəklində. Jurnalın "Ustadlarımızın xatirəsinə", "Musiqişünaslığın aktual problemləri", "Portretlər", "Musiqi nəzəriyyəsi", "Etnomusiqişünaslıq", "Musiqi təhsili və maarifçiliyi", "Üzeyirşünaslıq", "Kulturoloji məsələlər", "Məxəzşünaslıq" kimi rubrikaları vardır.
Jurnalın səhifələrində Azərbaycanın musiqi həyatında baş verən hadisələr, musiqi elminin nailiyyətləri işıqlandırılır; Azərbaycandan olan müəlliflərlə yanaşı, jurnalda xarici ölkələrin (Rusiya, Türkiyə, Özbəkistan, Qazaxıstan və b.) musiqi xadimlərinin elmi yaradıcılığı da (S.Daukeyevanın "Ənu Nəsr Məhəmməd əl-Fərabinin "Musiqi risaləsi"nin rus dilinə tərcüməsi) öz əksini tapır. "Musiqi dünyası" jurnalının yaradıcı qrupu internet saytların hazırlanması sahəsində ixtisaslaşmışdır və musiqi mədəniyyətinin müxtəlif sahələri ilə bağlı olan 22 veb-sayt hazırlamışdır. "Musiqi dünyası" elektron jurnalının ünvanı: http://musigi-dunya.az.
Musiqi elmi
bax: musiqişünaslıq.
Musiqi ədəbiyyatı
Musiqi məktəblərində musiqi tarixi haqqında ilkin bilgilər verən və böyük bəstəkarların əsərləri ilə tanışlıq məqsədi ilə tədris olunan fənn.
Musiqi əsəri
1. Bəstəkar tərəfindən yaradılan musiqi.
2. Musiqi əsəri – lat. opus. Hər bir bəstəkar yaratdığı əsərləri adətən ardıcıllıqla nömrələyir: məs., op.1; op.2 və s. Bəzən bir nömrə ilə eyni vaxtda yaranmış bir neçə əsər işarə olunur.
Musiqi folkloristikası
Musiqişünaslıqda xalq musiqisinin öyrənilməsi ilə məşğul olan elm sahəsi; xalq musiqi nümunələrinin toplanması, yazılması və notlaşdırılması, onların janr və musiqi dilinin xüsusiyyətlərinin araşdırılması ilə məşğul olur.
Musiqi forması
Musiqi əsərinin quruluşu, onun hissələri arasında qarşılıqlı münasibət. Musiqi sənətinin tarixi inkişafı boyu müəyyən musiqi formaları yaranmış və təkmilləşmişdir.
Musiqi formasının ən kiçik qurucu vahidi motivdir. Bir neçə motivin ardıcıllaşması nisbətən bitkin musiqi qurumunu – frazanı əmələ gətirir. Frazaların birləşməsindən musiqi cümlələri əmələ gəlir. Öz növbəsində cümlələrin müəyyən kadensiya nisbətində uzlaşdırılmasından yaranan musiqi forması period adlanır.
Period bitmiş fikri ifadə edən ən kiçik musiqi formasıdır. Period formasında kiçik həcmli musiqi əsərləri yazılır. Eyni zamanda, böyük musiqi formalarının tərkib hissəsi periodlardan ibarət olur.
Musiqidə ən geniş yayılmış formalar: ikihissəli forma, üçhissəli forma, variasiya, rondo,sonata, fuqa və s.
Qarışıq formalar da mövcuddur ki, onlar müxtəlif formaların əlamətlərini özündə birləşdirir (məs., rondo-sonata). Sərbəst quruluşlu musiqi formaları da mövcuddur.
Musiqi ifası
Yaradıcılığın xüsusi növü; musiqiçidən xüsusi professional hazırlıq, musiqi mədəniyyəti sahəsində xüsusi biliklər, özünəməxsus məna yozumu və bədii kamillik səviyyəsi tələb edir. Bax: Təfsir (interpretasiya).
Musiqi imlası
Musiqi tədrisi zamanı şagirdin eşitmə qabiliyyətini və hafizəsini inkişaf etdirmək üçün solfecio fənnində istifadə olunan xüsusi çalışma növü. Kiçik musiqi parçalarından ibarət olub, müəllim tərəfindən hər hansı alətdə ifa olunur, şagird həmin melodiyanı yadda saxlayıb nota yazmalıdır.
Musiqili kinokomediya
Komediya janrında çəkilmiş, musiqi nömrələrindən geniş istifadə olunan bədii film.
"O olmasın, bu olsun" musiqili komediyası.Üzeyir Hacıbəyov.
Musiqili komediya
Musiqi janrı; komik məzmuna malik musiqili səhnə əsəri. Solistlər, xor, balet və orkestrtərəfindən ifa olunur, musiqi epizodları danışıq dialoqları ilə növbələşir.
"Arşın mal alan" musiqili komediyası. Üzeyir Hacıbəyov.
Musiqi qabiliyyəti
İnsanın eşitmə vasitəsilə musiqini qavraması, onun obrazlı mənasını dərk etməsi və onu ifadə etmək bacarığına malik olması.
Musiqi qutusu
Mexaniki üsulla hərəkətə gətirilən musiqi aləti (adətən masa üstündə qoyulur); səsmənbəyi müxtəlif yüksəklikdə köklənmiş metal dilciklərdən ibarət daraq şəkilli qurğudan və onun üzərində fırlanaraq hərəkət edən və dilcikləri səsləndirən metal diskdən ibarərdir. Metal dilciklər ifa olunan repertuara uyğun köklənir.
Musiqi məktəbi
bax: Musiqi təhsili.
Musiqi özfəaliyyəti
Musiqiçi olmayan (qeyri-peşəkar səviyyədə) insanların musiqi yaradıcılığı; fərdi və ya kollektiv şəkildə vokal və instrumental musiqi ifaçılığından ibarət olur. Adətən dərnəklərdə, studiyalarda musiqi həvəskarlarının yaradıcı təşəbbüsləri reallaşdırılır.
Musiqi savadı
Musiqi nəzəriyyəsinə dair ilkin məlumatlar: notların adı, onların yazılış qaydası və s.İbtidai musiqi nəzəriyyəsi kursu musiqi savadının əsaslarının mənimsənilməsi ilə başlanır.
Musiqi səsi
Aydın ifadə olunmuş yüksəkliyə malik səs olub, dəqiqliklə təyin oluna bilir. Musiqinin əsas qurucu vasitəsi; bədii musiqi obrazının yaradılması üçün əsas material. Musiqi səsi müəyyən yüksəkliyə, tembrə, uzunluğa malikdir.
Musiqi təhsili
Musiqi fəaliyyəti üçün vacib olan biliklərə və vərdişlərə yiyələnmək prosesi. Musiqi təhsili anlayışı həmçinin, musiqi təhsili sisteminin təşkilini bildirir.
Ümumi və xüsusi musiqi təhsili anlayışı mövcuddur: Ümumi musiqi təhsili hər bir insana həvəskar səviyyədə musiqi ilə məşğul olmaq üçün bilik və vərdişlərin öyrədilməsini nəzərdə tutur. Bu da insanların musiqi tərbiyəsində mühüm rol oynayır. Ümumtəhsil məktəblərində, uşaq yaradıcılıq evlərində və musiqi dərnəklərində bu proses gedir.
Xüsusi musiqi təhsilinin əsas məğzini müəyyən təhsil ocağında müəllimin rəhbərliyi altında xüsusi bilik və vərdişlərin öyrədilməsi təşkil edir. Bunun əsas məqsədi musiqi sahəsində mütəxəssis kadrların hazırlanması ilə bağlıdır.
Xüsusi musiqi təhsili üç səviyyədən ibarətdir: ibtidai, orta və ali təhsil. Hər bir səviyyəyə uyğun müəyyən musiqi təhsili ocaqları fəaliyyət göstərir: uşaq musiqi məktəbləri, orta-ixtisas musiqi məktəbləri, ali musiqi məktəbləri. Azərbaycanda ibtidai musiqi təhsili ocaqları olaraq, çox sayda uşaq musiqi məktəbləri, incəsənət məktəbləri fəaliyyət göstərir.
Orta-ixtisas musiqi təhsili respublikanın iri şəhərlərində fəaliyyət göstərən musiqi texnikumlarında, o cümlədən, A.Zeynallı adına Bakı Musiqi Kollecində, Bülbül adına Orta ixtisas musiqi məktəbində aparılır.
Ali təhsil ocaqları: Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, həmçinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və digər universitetlərin musiqi fakultələri.
Musiqi təqvimi
Yalnız musiqi aləmi ilə bağlı tarixləri, musiqiçilərin bioqrafiyası ilə bağlı əlamətdar hadisələri özündə əks etdirən təqvim. Bəzən xüsusi mövzu dairəsində, musiqinin müəyyən bir sahəsi ilə bağlı təqvimlər hazırlanır.
Musiqili dram
Dram tipli opera; səhnə hadisələrinin arasıkəsilməz inkişafı ilə fərqlənir; ayrı-ayrı ariyaların, rəqslərin və s. bu kimi nömrələrin sayı məhdud olur və yaxud da nömrələrə bölünmə olmur (musiqi tarixində R.Vaqner, M.Musorqski öz operalarını musiqili dram adlandırırdı).
Operanın yarandığı dövrdə (XVI-XVII əsrlər, İtaliya) bütün operaları belə adlandırırdılar. Hal-hazırda tərkibində vokal-instrumental nömrələrə böyük yer verilən dram əsərlərinəmusiqili dram deyirlər.
Musiqiçi
Musiqinin müəyyən bir sahəsi ilə (məsələn, bəstəkarlıq, dirijorluq, vokal və yainstrumental ifaçılıq, musiqi elmi) məşğul olan peşəkar insan.
Musiqişünas
Musiqi tarixi və nəzəriyyəsi sahəsində ixtisaslaşmış mütəxəssis (elmi-nəzəri tədqiqatçı, pedaqoq, redaktor, tənqidçi, lektor).
"Muzikalnaya Akademiya"
Moskvada nəşr olunan beynəlxalq musiqi jurnalı. Rüblük, elmi-nəzəri , tənqidi-publisistik jurnal. 1933 ilin fevral aynıdan nəşr olunub. 1992 ilə kimi «Sovetskaya muzıka» adlanıb. Təsisçiləri: Rusiya Federasiyasının Bəstəkarlar İtiifaqı. Baş redaktor professor Y.S. Korev. Gurnal keçmiş sovet məkanında ən iri musiqi həcmli musiqi jurnalı kimi bəstəkar və musiqişünasların yaradıcılığını işıqlandırmışdır. Burada Azərb. musiqi həyatına da diqqət yetirilmiş, musiqişünasların məqalələri çap olunmuşdur. Jurnalın 2002 ¹1 sayının «Azərbaycan: on ildən sonra» adlı hissəsi Azərbaycan musiqisinə həsr olunmuşdur.
Müqəddimə
1.Teatr tamaşasında hər hansı pərdədən əvvəl ifa olunan instrumental pyes.
2.Süitanın birinci hissəsinin adı.
3.Homofonik formalarda (üçhissəli forma, sonata forması) başlanğıc hissə. Tətbiqi hər zaman vacib sayılmır. Əsas hissəni hazırlamaq məqsədi daşıyır, xarakterinə, tempinə və digər xüsusiyyətlərinə görə əsas hissə ilə oxşar və ya təzadlı ola bilər.
Müğənni
Nəğməkar, xanəndə, avaz ilə oxuyan.
Müştərək akkord
İki tonallıqda təsadüf olunan, lakin müxtəlif pillələrdə yerləşən akkord; məs., C-dur I (c-e-g) = G-dur IV (c-e-g).
Müqabil melodiya
Fuqada mövzu ilə eyni vaxtda səslənən melodiya; başqa sözlə, mövzununkontrapunktu. İki növdə olur: saxlanılmış (mövzunun hər keçirilməsi zamanı verilir) və saxlanılmamış (bir dəfə səsləndirilir).
Mürəkkəb kadans
Müxtəlif funksiyalı qeyri-sabit akkordları özündə cəmləşdirən kadans.
Mürəkkəb xanələr
Bir neçə vurğuya malik xanələr; vurğulardan biri daha qüvvətli, digərləri nisbətən zəif olur; bir neçə sadə xanənin birləşməsi kimi baxılır.
Mürəkkəb stretta
Mövzunun strettalı (kanonik) imitasiyası olub, onun müxtəlif formalarını özündə cəmləşdirir.
Mürəkkəb üçhissəli forma
Üç hissədən ibarət musiqi forması; hər bir hissəsi bir qayda olaraq, özlüyündə ikihissəli və ya üçhissəli formadan ibarətdir. Kənar hissələr (birinci və üçüncü) oxşardır, III hissə repriza adlanır. İkinci hissə yeni musiqi materialına əsaslanır və çox zaman trio adlandırılır.
Mütənasib taktlar (xanələr)
Simmetrik quruluşlu xanələr olub, bərabər məsafədə yerləşən bir neçə vurğulu hissələrdən ibarətdir; başqa sözlə, eyni ölçülü bir neçə sadə xanədən təşkil olunmuş mürəkkəb xanələr.
Müvazi intervallar
(parallel intervallar)
Eyni həcmli intervalların ardıcıl hərəkəti; parallel səs hərəkəti nəticəsində əmələ gəlir.
Müvazi səs hərəkəti
(parallel səs hərəkəti)
Eyni vaxtda iki səsin eyni istiqamətdə bərabər interval münasibətində hərəkəti. Melodik səslər arasında intonasiya oxşarlığını üzə çıxarır. Bu zaman səslər parallel intervallarla hərəkət edir.
Müvazi tonallıq
(parallel tonallıq)
Eyni səs tərkibinə, lakin müxtəlif tonikaya malik major və minor tonallıqları: məs., Do major – lya minor. Müvazi – parallel tonallıqların tonikaları bir-birindən kiçiktersiya məsafəsində geri qalır.