A
Abbreviatura
(ital. abbreviatura; lat. brevis – qısa, müxtəsər)
Yazının və ya nitqin ixtisar olunması; not yazısındakı ixtisarlar və ya sadələşdirmələr.
Abbreviaturanın xüsusi növü melizmlərdir.
Adajio
(ital. adagio – yavaş–yavaş, ağır, sakit)
1.Ağır tempin (ağır addımlara uyğun) əsas işarəsi.
2.Bu tempdə yazılmış və xüsusi adı olmayan pyes.
3. Baletdə ağır templi lirik rəqs.
A kapella
(ital. capella – kiçik kilsə)
Orta əsrlərdə katolik kilsəsində musiqiçilər üçün ayrılan yer.
Əvvəllər kilsə musiqiçiləri yalnız müğənnilərdən ibarət olduğu üçün kapella sözü - xoru bildirirdi, sonralar isə kilsə musiqisində alətlərdən istifadə olunması və kübar musiqinin inkişafı ilə əlaqədar olaraq hər hansı bir yerdə (kilsədə və ya sarayda) xidmət edən musiqiçilər qrupu Kapella adlandırılmağa başladı.
A kapella ifadəsi (ital.– a capella – "kapella üslubunda" deməkdir) xorun müşayiətsiz oxunması mənasında istifadə olunur.
Akkolada
(fr. accolade – mötərizə)
Eyni vaxtda ifa olunmaq üçün notların yazıldığı bir neçə not sətrini birləşdirən böyük mötərizə.
Akkompaniment
(fr. accompenement – müşayiət)
Musiqi əsərində daha təsirli səsi və ya aləti müşayiət etmək, davam etdirmək, tamamlamaq üçün istifadə olunur;
Akkompaniment vokal musiqidə və çoxsəsli orkestrın ifa etdiyi musiqidə rast gəlinir. İnstrumental musiqi ümumi fonda gözə çarpan melodiya və onu müşayiət edən səslərdən təşkil edilə bilər.
Akkord
(ital. accordo; fr. accord – uyğunluq, ahəng, uzlaşma; lat. accordo – müvafiqət);
(ad – ilə, üçün, doğru + cor – ürək); başqa fərziyyəyə görə: cor – ürək sözündən yox, yun. chorde –sim sözündən).
Müxtəlif yüksəklikdə yerləşən və müxtəlif adlı bir neçə səsin (üçdən az olmayaraq) eyni vaxtda səslənməsindən yaranan həmahənglik.
Akkordlar tərkibindəki səslərin miqdarına və interval münasibətinə görə fərqlənir.
Akkordlar daha çox tersiya quruluşlu olur, yəni tersiya münasibətində yerləşən səslərdən əmələ gəlir (məs., do, mi, sol; si, re, fa–diyez, lya; sol, si–bemol, re, fa, lya və s.) .
Tersiya quruluşlu Akkord üçsəsli, septakkord, nonakkord və s. növlərə bölünür və quruluşuna, şəklinə, yerləşməsinə, melodik vəziyyətinə, harmonik funksiyasına və bir sıra digər əlamətlərinə görə fərqlənirlər.
Tersiya quruluşlu Akkord major–minor lad sisteminə əsaslanan harmoniyanın özəyidir. Tersiya quruluşlu Akkorddan akkordikada bəhs olunur.
Akkordeon
(fr. accordéon)
Xromatik qarmon növü.
Sağ əl üçün fortepiano – orqan tipli klaviaturaya və səslərin oktavalı ikiləşməsinə, tembr dəyişilməsinə imkan verən registr çevrilmələri üçün mexanizmə malikdir.
Bas səslərdə hazır major–minor üçsəsliləri, dominant septakkordlar və əksildilmiş septakkordlar verilir. Qalın, dolğun səsə malik alətdir. Klaviaturanın həcmi f–a³ diapazonundadır.
Akkord tonları
Çoxsəsli musiqidə müxtəlif səs təbəqələrinə aid tonların birlikdə səslənərək, müəyyən quruluşlu akkordlar əmələ gətirməsi.
Akkorddan xaric tonlar
Çoxsəsli musiqidə verilən akkordun tərkibinə daxil olmayan, onun tersiya quruluşunu pozan səslər.
Köməkçi səslər, keçici səslər, predyom, gecikdirmə, kambiata – akkorddan xaric tonlardır.
Akkordika
Musiqi elminin bir sahəsi olub, müxtəlif tersiya quruluşlu akkordları öyrənir.
Akkordun dönümü
Tersiya quruluşlu akkordlarda tətbiq olunan üsul. Bu zaman akkordun əsas tonunun yeri dəyişilir; akkordun tərkibinə daxil olan səslərdən biri (tersiya və ya kvinta tonu) basda dayaq əhəmiyyəti kəsb edir, bununla da akkordun müxtəlif şəkilləri meydana gəlir. Akkordun dönümündə onun ciddi tersiya quruluşlu sxemi pozulur.
Üçsəslinin iki dönümü var: sekstakkord (tersiya tonu basda yerləşir); kvartsekstakkord (kvinta tonu basda yerləşir).
Septakkordun üç dönümü var: kvintsekstakkord (tersiya tonu basda yerləşir); terskvartakkord (kvinta tonu basda yerləşir); sekundakkord (septima tonu basda yerləşir).
Akkordun şəkli
Akkordun səslərinin basa nisbətən yerləşməsində əmələ gələn müxtəlif şəkilləri.
Üçsəsli üç şəkildə olur: əsas şəkil, sekstakkord, kvartsekstakkord.
Sekstakkord – dörd şəkildə olur: əsas şəkil, kvintsekstakkord, terskvartakkord, sekundakkord.
Akkordun quruluşu
(akkordun strukturu)
Akkordun tərkibinə daxil olan intervalların həcmi və keyfiyyətini bildirir. Akkordun quruluşu sıx düzülüşdə müəyyən olunur: tersiya quruluşlu akkordlarda səslər tersiya (böyük və kiçik tersiya) məsafəsində yerləşir.
Akt
(lat. actus – əməl, hərəkət, hadisə)
Teatr tamaşasının (drama, opera, balet və s.) tamamlanmış hissəsidir.Bu kimi hissələr bir–birindən antrakt adlanan fasilə ilə ayrılır. Bəzən Akt şəkillərə bölünür.
Akustika
(yun. akuein – eşitmək)
1.Fizikanın bir sahəsi olub, səsin təbiətini və xüsusiyyətlərini öyrənir.
Musiqi Akustikası musiqidə istifadə olunan səslərə və onların qavranılması qanunlarına həsr olunmuş elm sahəsidir.
2.Hər hansı bir binada eşidilmənin keyfiyyəti.
Aksent
(lat. accentus – vurğu)
Hər hansı bir səsin zərblə səsləndirilməsi. Aksentli notlar, bir qayda olaraq, xanənin güclü hissəsində yerləşir. Aksent xüsusi işarələrlə >, sƒ və s. qeyd oluna bilər.
Andante
(ital. andare – yerimək)
1.Orta sürətli, sakit, gümrah addıma müvafiq tempin adı.
2.Bu tempdə yazılmış və xüsusi adı olmayan pyes.
3.Sonata silsiləsinin asta hissələrinin geniş yayılmış tempi. "Hər hansı bir simfoniyadan Andante" və ya "hər hansı bir kvartetdən Andante" ifadələri həmin əsərlərin asta hissələrini bildirir.
Alleqro
(ital. allegro, ixt. all-o – şən, gümrah, sevincli, fərəhli, nəşəli, sürətli)
1.Cəld hərəkətli, sürətli addımlara və qaçışa uyğun temp göstəricisi.
2.Bu tempdə yazılmış və xüsusi adı olmayan pyes.
3.Sonata silsiləsinin ilk hissələrinin adı. "Hər hansı bir simfoniyadan Alleqro" və ya "hər hansı bir sonatadan Alleqro" ifadələri həmin əsərlərin birinci, cəld hissəsini bildirmək üçün istifadə olunur.
4. Sonata alleqrosu.
Aqogika
(yun. agogika –aparma, yürütmə)
Musiqi əsərinin ifası prosesində tempdən kiçik yayınmalara dair təlim.
Ambuşur
(fr. embouchure (bouche – ağız)
1.nəfəs alətinin bir hissəsi; musiqiçinin nəfəs alətində havanı içəri üfürdüyü yer;
2. müştük (alm. Mundstük: Mund – ağız + Stük – hissə) – nəfəs alətlərinin ifasında ağız əzələlərinin və dodaqların vəziyyəti;
Fleyta və mis nəfəs alətlərində dodaqlar müştük üstünə qoyularaq çalınır.
Alt
(lat. altus –tenora nisbətən zil səs)
Orta əsrlərdə tenora xor musiqisində əsas oxuma partiyası həvalə olunurdu.
1.Alçaq qadın səsi: kontralt kimi.
2.Xorda – kontralt və ya messo – soprano kimi.
3.Alçaq uşaq səsi; diapazonu kiçik oktavanın lya səsindən ikinci oktavanın mi səsinə kimi geniş həcmdədir; notlar skripka açarında yazılır.
4.Skripkaya oxşar yayla çalınan simli musiqi aləti, lakin böyük ölçüdə olduğundan daha alçaq registrdə səslənir (ital. viola). Simlərin düzülüşü: IV–c, III–g, II–d, I–a; skripkanın düzülüşündən 1 kvinta aşağı; kiçik oktavanın do səsindən üçüncü oktavanın mi səsinə qədər diapazonda daha çox istifadə olunur; notlar alt və skripka açarlarında yazılır.
Altda çalma üsulları və ştrixləri skripkada olduğu kimi eynidir, lakin səsi daha az parlaqdır; solo alət kimi az rast gəlinir;
Alt qruppasından simli və simfonik orkestrlərdə istifadə olunur. Alt - simli kvartetin vacib üzvüdür, kamera ansambllarında da istifadə olunur.
Partituralarda Alt partiyası skripkanın partiyasından aşağıda yazılır.
5.Oval formalı, geniş menzuralı mis nəfəs aləti. Diapazonu böyük oktavanın lya səsindən birinci oktavanın si–bemol səsinə kimidir. Alt in Es – də 1 tondan başqa tona keçən alətlərə aiddir; notlar skripka açarında, səslənməsindən böyük seksta yüksəkdə yazılır.
Alt nəfəsli orkestrlərdə və ansambllarda istifadə olunur, müşayiət edən orta səslərdən birini ifa edir.
6. Çoxsəsli musiqidə səslənməyə görə ikinci yüksəkliyin istifadə olunan adı, yəni – alt səsi.
Alterasiya işarələri
(lat. alterare – dəyişmək, dəyişdirmək)
Hər hansı bir səsin adını dəyişmədən yarımton yüksəlməsi və ya enməsi.
Alterasiya işarələri bunlardır: diyez, bemol, bekar, dubl – diyez, dubl – bemol.
alterasiya işarələri qoyulur:
a) aid olduqları notdan əvvəl; bunlara təsadüfi işarələr deyilir, yalnız notun yazıldığı xanənin sonuna qədər, bir oktavada həqiqidir;
b) açardan sonra, not sətrinin əvvəlində; açar işarələri adlandırılır, pyesin sonuna qədər və ya işarələrin dəyişməsinə qədər bütün oktavalarda həqiqidir.
Appasionata
(ital. appassionare – ehtiras oyatmaq)
Ehtiraslı səslənmə.
Amplituda
(lat. amplitudo – kəmiyyət, həcm)
Titrəyişin gücü, titrəyən cismin (nazik çarx, sim) qoyulmuş tarazlıqdan çıxması, hərəkət həcmi.
Səsin gücü (gurluğu) səslənən cismin amplitudasından asılıdır: Amplituda nə qədər geniş olarsa, səs də bir o qədər güclü olar. Amplituda səsin yüksəkliyinə təsir etmir.
Analiz, təhlil
(yun. analisis – hissələrə ayırmaq)
Musiqişünaslıqda musiqi əsərlərində estetik və texnoloji tədqiqatın qəbul olunmuş adı.
Ansambl
(fr. ensemble – birgə, birlikdə)
1.İki və daha artıq musiqiçidən, müğənnidən və ya instrumentalistdən ibarət olan, birgə musiqi əsərini ifa edən qrup.
Musiqiçilərin sayına görə Ansambl duet, trio (terset), kvartet, kvintet, sekstet, septet, oktet,nonet, desimet ola bilər; Ansambl, həmçinin, xor və orkestrlərə də aid edilir.
2.Bir neçə iştirakçının ifa etməsi üçün nəzərdə tutulan pyes.
3. Bir neçə iştirakçının birgə ifa etdiyi pyes.
"Yaxşı ansambl" ifadəsi bütöv bir Ansamblda iştirak edən səslərin və ya alətlərin mükəmməl, həmahəng səslənməsini bildirir.
Antifon, dəyişmə
(yun. anti - əks + phonos – səs, səda)
Solistin və xorun və ya xorun iki hissəsinin növbəli (dialoq şəkilli) oxuması.
Antrakt, fasilə
(fr. entre – arasında + acte – əməl, vaqiə)
1.Teatr (opera, balet və s.) musiqisində pərdələrin əvvəlində səslənən (birincidən başqa) instrumental girişin adı.
2. Səhnə tamaşasının aktları və ya konsertin hissələri arasında fasilə.
Apofeoz
(yun. apotheosis – ilahiləşdirmə)
1. Operalarda, xüsusən, baletlərdə təntənəli və ya coşğun, şən xarakterli son səhnənin adı.
2.Hər hansı bir musiqi pyesinin təntənəli sonu.
Applikatura
(lat. və ital. applicare; alm. Applikatur – sıxmaq, yapışdırmaq)
Musiqi alətində çalğı zamanı barmaqların düzgün istifadəsi məqsədilə tərtib olunur. Müvafiq notların üstündə və ya altında ərəb rəqəmləri ilə göstərilir.
Musiqi alətlərində çalğı zamanı 1, 2, 3, 4, 5 rəqəmləri ardıcıl olaraq hər əlin barmaqlarını (baş, şəhadət, orta, adsız və çeçələ) işarə edir.
Ariozo
(ital. arioso – ariyasayağı)
Ariyanın növlərindən biri; kiçik həcmli, sərbəst quruluşlu, lirik ahəngli ariya.
Arpecio
(ital. arpeggio – arfada çalındığı sayaq)
Akkordların çalınma tərzi olub, səslərin aşağıdan yuxarıya doğru bir yerdə deyil, növbə ilə ardıcıl səslənməsini əks etdirir.
Arpecio ya həmin sözlə (adətən akkord sırasına aid olan), ya da şaquli dalğavari xətt ilə müvafiq akkordun qarşısında bildirilir.
Aranje etmə (bəstələmə)
(fr. arranger – düzəltmək, yoluna qoymaq, qaydaya salmaq)
Çevirmə, yenidən işlənmə, köçürülmə, uyğunlaşdırma.
Ariya
(ital. aria – hava, təranə)
1. Operanın və ya iri həcmli vokal-instrumental əsərin tərkibində müğənni tərəfindən orkestrın müşayiəti ilə ifa olunan, quruluşuna görə bitkin, geniş oxuma tərzli vokal əsər növü.
Adətən Ariyadan əvvəl orkestr girişi və reçitativ səslənir.
Ariyanın müxtəlif növləri var: arietta, ariozo, kavatina, kabaletta və s.
2.Opera Ariyası tipli solist müğənni üçün nəzərdə tutulmuş konsert pyesi.
3. Ahəngli melodiyaya malik instrumental pyesin adı.
Arfa
(ital. arpha)
Üçbucaq formasında çərçivənin içərisinə müxtəlif uzunluqda və kökləmədə simlər çəkilmiş, barmaqla çalınan simli alət.
Qədim dövrlərdə yaranmış Arfa XIX əsrin əvvəllərində təkmilləşdirilmişdir. Müasir Arfa 46 simli olur: səs düzümü bemollu (do–bemol, re–bemol, mi–bemol və s.) pillələrdən ibarətdir və yeddi pedalın vasitəsilə yenidən köklənir; hər bir pedal eyni bir vaxtda bütün oktavalarda (kontraktavada Ces və Des səslərindən başqa) eyni adlı səsləri yarımton və ya bir ton yüksəldir. Arfanın simlərinin köklənməsi latın əlifbası ilə muta in sözləri ilə göstərilir.
Diapazonu kontraktava do–bemoldan dördüncü oktava fa–diyezə qədərdir; notlarakkolada ilə birləşən iki not xəttində, adətən, skripka və bas açarlarında yazılır (fortepianoda olduğu kimi).
Arfa çox incə tembrə malikdir. İfa olunma texnikası müxtəlifdir, akkord, arpecio, qlissando,flajolet və s. üsullardan istifadə olunur.
Arietta
(ital. arietta – balaca ariya)
kiçik ariya.
Artikulyasiya
(lat. articulare – səhih, aydın)
Alətdə və ya səslə oxumada səslərin ardıcıl ifaçılıq üsulu.
Artikulyasiya əsas növləri bunlardır: leqato, stakkato, portamento, qlissando
Atonal musiqi
bax: Atonallıq.
Atonallıq
(yun. a – inkar bildirən sözönü və tonallıq)
Hərfi mənada tonallığı olmayan musiqi və ya musiqidə lad xüsusiyyətlərinin inkar olunması.
Atonal musiqi nə insanın səslə oxumasının təbii keyfiyyətlərinə, nə də musiqi səsinin fiziki təbiətinə əsaslanır. Bu, müxtəlif yüksəklikli səslərin ardıcıllığı və onların akkordlarda və ya pərakəndə şəkildə bir yerə yığılmasıdır. Bəzən riyazi hesablama yolu ilə səslərin nizamlanmasına əsaslanır.
Aşıq
(ər. aşiq – vurğun, məftun)
Yaradıcılığında şairlik, nəğməkarlıq, çalğıçılıq (saz aləti), bədii qiraət və rəqs sənətlərini üzvi surətdə, sintetik tərzdə birləşdirən xalq sənətkarı.
Arco
Kaman; kamanla çalmaq (bundan əvvəl pizzicato, yəni simi şəhadət barmağı ilə darta-darta çaldıqdan sonra yenə də kamanla adi qayda üzrə çalmalı)