G
Gen düzülüş
Dördsəsli quruluşda akkordun düzülüş qaydası; bu zaman birinci və üçüncü səslər arasında məsafə oktava həcmindən çox olur.
General - pauza
Ümumi pauza; ansamblın bütün üzvlərinin eyni vaxtda pauzası; həcmi bir xanədən az olmur; G.P. kimi işarə olunur.
Gəraylı
Aşıq musiqi – şeir yaradıcılığında hər misrası 8 hecadan ibarət olan qoşma.
Gəzişmək
Müəyyən musiqi frazasını zənginləşdirmək məqsədilə onu ifaçılıq prosesində müxtəlifləşdirmək, başqa variantlarda təkrar etmək priyomu.
Gitara
Simli-dartımlı musiqi aləti; solo və müşayiətedici alət kimi istifadə olunur.
Azərbaycan musiqi məişətində geniş yayılaraq, həmçinin, xalq çalğı alətləri ansambllarının tərkibinə də daxil edilir.
Gözəlləmə
Aşıq yaradıcılığında müəyyən şəxsiyyəti və ya əlamətdar bir hadisəni vəsf edən vokal – instrumental əsər.
Gurultu
Fiziki (akustik) mənada müəyyən ton yüksəkliyinə malik olmayan səs. Zərb alətlərinin çalınmasından əmələ gələn gurultu musiqinin ifadə vasitələrinə aiddir.
Guşə
Dəstgahlar tərkibində şöbələrlə yanaşı (şöbələr daxilində ya da şöbələrarası) bitkin və aydın melodik quruluşa malik vokal – instrumental epizod.
Güləbətin
Kanitel: bəzi simlərə sarınan metal sap.
Güzgülü repriza
Sonata formasında reprizanın xüsusi növü: ekspozisiyanın hissələri əksinə təkrarlanır - əvvəlcə köməkçi partiya, sonra əsas partiya.
General-bas
(alm. generalbas; lat. general – ümumi, əsas - bas)
1.Harmoniya elminin qədim adı;
2.Nömrələnmiş bas səsi anlayışına uyğundur; 17-ci əsrin ansambl musiqisində klavişli alətin (orqan, klavesin) partiyası bas səsin nömrələnməsi şəklində yazılırdı, bu da ifaçının hansı akkordları çalmağını bildirirdi.