L
Lad
Müxtəlif səslər, pərdələr məcmusunun bir vahid əsas kök ətrafında birləşməsi.
Musiqidə hər səsin, hər pərdənin öz mövqeyi və öz xüsusi keyfiyyəti var. Bu keyfiyyət ayrı – ayrı pərdələr arasında müəyyən qarşılıqlı münasibət yaratmış olur ki, bu da, nəticə etibarı ilə, bütün pərdələrin Mayəyə doğru olan meyl və istiqaməti ilə səciyyələnir (bax: Mayə).
Məqam – bir – birinə tərəf meyl göstərən, yönələn və bir sabit səs (mayə) ətrafında toplaşan müxtəlif yüksəklikdə (ucalıqda) olan musiqi sədalarının qarşılıqlı münasibət sistemindən ibarətdir.
Lad (məqam)
Müxtəlif yüksəklikdə yerləşən səslərin bir-birinə tərəf meyl edərək, eyni zamanda bir sabit səs - tonika ətrafında birləşməsi; o cümlədən, həmin səsdən qurulan interval və ya akkord (adətən tonika üşsəslisi) ətrafında cəmlənməsi.
Ladı əmələ gətirən səslər pillə adlanır və tonikadan (I pillə) başlayaraq, yuxarıya doğru artan sıra ilə rum rəqəmləri ilə işarə olunur. Ladın hər bir pilləsi müəyyən funksiya (vəzifə) daşıyır.
Ladlar bir-birindən səssırasnın quruluşuna görə fərqlənir, yəni səslər arasındakı intervalın kəmiyyəti və keyfiyyəti, həmçinin ayrı-ayrı pillələr arasındakı qarşılıqlı münasibət ladın səssırasının quruluşunu müəyyən edən amildir - bu, ladın quruluş formulu adlanır.
Hər bir lad özünəməxsus adla adlandırılır.
Lad alterasiyası
Ladın qeyri-sabit pillələrinin yarımton əksildilməsi və ya artırılması; həmin pillələrin sabit pillələrə doğru cazibəsini gücləndirmək məqsədi daşıyır. Alterasiyasayəsində qeyri-sabit pillələr sabit pillələrə yaxınlaşır və xromatik intervallar sırası əmələ gəlir. Lad alterasiyası zamanı işarələr açarda deyil, notun yanında (təsadüfi işarə kimi) göstərilir.
Ladtonallıq
Eyni vaxtda ladın və onun tonikasının (mayəsinin) təyin olunması: məs., C-dur; lya minor; do rast, sol şur və s.
Leytmotiv
(alm. leitmotiv – aparıcı motiv)
Musiqi əsəri boyunca dəfələrlə təkrarlanan kiçik melodiya, motiv, fraza, bütöv mövzu, bəzən müəyyən harmoniya və ya harmonik ardıcıllıq, ritmik fiqur, instrumental tembr və s.-dir.
Leytmotiv adətən müəyyən personajı, ideyanı, anlayışı, emosiyanı, əşyanı, hadisəni səciyyələndirir.
Leytmotiv opera, balet və proqramlı musiqidə geniş istifadə olunur.
Ləngimə
Akkorddan ayrılan səs; verilən akkordun ümumi strukturuna uyğun gəlməyən, lakin əvvəlki akkorddan saxlanılan, hərəkəti gecikmiş səs; adətən, sekunda məsafəsində qonşu səsə həll olur.
Libretto
(ital. libretto - kitabça)
Opera, operetta, balet, musiqili dram, kantata, oratoriya və s. iri həcmli musiqi əsərlərinin ədəbi mətnidir.
Libretto xalq dastan və nağıllarının, əfsanələrinin, yaxud professional bədii əsərlərin motivləri əsasında yaradılır.
Libretto müəllifi şair və ya yazıçı, bəzən isə bəstəkar özü olur.
Üzeyir Hacıbəyov. "Leyli və Məcnun" operası.
Lidik məqam, lidik lad
Melodik ladlardan biri. Natural majordan IV pilləsinin artırılmış olması ilə fərqlənir.
Linearlıq
(lat. linea – xətt)
Musiqi mətnində yüksələn, enən və dalğavari şəkilli pilləvari hərəkətə əsaslanan hər bir ayrıca götürülmüş melodik xəttin quruluşuna deyilir.
Liqa
(ital. liga - əlaqə, lat. ligare - bağlamaq)
İki və ya bir neçə notu birləşdirən, onların bir-birilə bağlı, əlaqəli şəkildə, yənileqato ifa olunmasını bildirən qövsşəkilli işarə. Notların üstündə və ya altında qoyulur.
Eyni yüksəklikdə yerləşən iki not arasında qoyulduqda onları birləşdirən, notun uzunluğunu, yəni səslənmə müddətini artıran işarəyə çevrilir. Vokal musiqidə bir hecaya oxunan səslər liqa ilə bağlanır.
Liqatura
(latın. ligatura - əlaqə)
1. Menzural notasiyada ardıcıl ifa olunan iki və daha artıq notun bir-birilə əlaqəli şəkildə ifa olunmasını bildirən işarə. 2. Vokal musiqidə bir hecaya oxunan notların birləşdirilməsi üçün istifadə olunur.
3.Notun uzunluğunu artıran işarə: eyni yüksəklikdə yanaşı yerləşən iki səs arasında qoyulur.
Lira
1. Qədim yunan musiqi aləti; daxilinə simlər çəkilmiş əyilmiş çərçivə şəklindədir. Liranın sxematik təsviri musiqi sənətinin embleminə çevrilmişdir.
2. Ukrayna və Belorusiyada qədim simli çalğı aləti; uzun gövdəli, xüsusi səsçıxarma apparatına malik alətdə gəzəri musiqiçilər öz oxumaqlarını müşayiət etmişlər.
Lirik, lirika
(yunan. Lyra sözündən)
bədii ədəbiyyatın üç növündən (epos, lirika, dram) biridir. Lirikada qəhrəmanın daxili aləmi, şəxsi hiss və həyəcanları əks olunur.
Musiqidə əsas lirik janrlar – romans, mahnı, instrumental miniatürdür. Lirik opera, lirik kantata və simfoniyalar da olur.
Litavralar
(yunan. poly – çox, taurea – dəri, barabansözündən, ital. timpani)
Müəyyən səs yüksəkliyinə malik zərb aləti; üzərinə dəri çəkilmiş mis gövdəyə malik iki və daha artıq alətdən ibarət sistem.
Liturgiya
Yunan sözü olub, ictimai, ümumxalq vəzifəsi mənasını verir. pravoslav kilsəsində ən vacib ibadətdir. Mahiyyətinə görə katolik və protestant kilsəsində oxunan messaya bərabərdir. Liturgiyanın tərkibi psalmlardan, himnlərdən və dualardan ibarətdir.
Lombardiya ritmi
İtaliyanın əyalət şəhəri olan Lombardiyanın adı ilə bağlıdır; italyan musiqisi üçün səciyyəvi olan kəskin sinkopalı ritmik şəkil belə adlandırılır. Əsasını qısa vurğulu səs və onun ardınca gələn vurğusuz uzadılmış səs təşkil edir (başqa sözlə, tərsinə çevrilmiş punktir ritm).
17-18-ci əsrlərdə Avropa musiqisində geniş yayılmışdır. 19-20-ci əsrlərdə F.Listin, B.Bartokun, Z.Kodainin əsərlərində rast gəlinir.
Lövhə (şəkil)
1. Musiqili teatr əsərində musiqi və dramdan ibarət olan aktın bir hissəsi, digər mənada, Lövhə antraktla sona çatan və ayrılan hissəni deyil, sadəcə qısa müddətlik pərdənin enməsi və qalxmasını bildirir.
2.Bax: Simfonik lövhə.
Lya
Yeddi əsas musiqi səsindən altıncısı.
Lüftpauza
(alman. Luftpause – yüngül pauza)
Musiqi ifaçılığında kiçik fasilə.