K
Kabaletta
Qəhrəmani xarakterli kiçik həcmli ariya. Səciyyəvi əlamətlərindən biri dəqiq ritmik şəklə malik olmasıdır.
Kadans
(fr. cadence; ital. cadenza; lat. cado – tamamlanıram)
Musiqi quruluşunu tamamlayan və ritmik dayanma ilə müşayiət olunan harmonik ifadə. Kadans mühüm tamamlayıcı vasitə olmaqla yanaşı, həm də musiqi əsərinin hissələrə bölünməsi üçün vacib
amildir.
K.-ın növləri: avtentik kadans, bitməmiş kadans, plaqal kadans, tam kadans, yarım kadans, qırıq kadans, sadə kadans, sadə avtentik kadans, sadə plaqal kadans, mürəkkəb kadans, bitməmiş kadans, yalan kadanslar.
Kadensiya
(lat. cadere; ital. cadenza – sonluq)
1.Virtuoz pyesin hər hansı bir hissəsinin improvizə xarakterli geniş sonluğu.
Ansambl musiqisində solist tərəfindən müşayiətsiz ifa olunur, Kadensiya solistin ifa məharətinin parlaqlığının üzə çıxarılması üçün tətbiq olunur və texniki baxımdan çətin ifa üsullarından ibarətdir.
Çox vaxt solo partiyada ən parlaq yeri göstərir, buna görə də Kadensiya adətən musiqikompozisiyasının ən gərgin anında, dönüş nöqtəsində yerləşdirilir (sonata formasında –kodadan və ya reprizadan əvvəl).
Kadensiya daha çox tematik motivlərin sərbəst işlənməsini əks etdirən müxtəlif passajlarla qurulur.
XIX əsrin II onilliyinə kimi Kadensiya çox vaxt ifaçılar tərəfindən yazılır və improvizasiya edilirdi.
2.Melodik və ya harmonik hərəkətin sonluğu, tamamlanması; kadansda olduğu kimi.
Kakofoniya
(yunan. kakos – pis, phone – səs)
Ahəngsizlik, mənasız musiqi, müxtəlif səslilik, səslərin xaotik yığımı.
Kamanın ağac hissəsi
Qamışdan düzəldilən əyilmiş çubuq; uclarına bir dəstə at tükü bərkidilir. Simli alətlərdə səsçıxartma v asitəsi kimi istifadə olunur
Kaman
(ital. arco)
Hər iki ucuna çox sayda at tükü bağlanmış azca əyri çubuq. Simli alətlərdə səsçıxarma vasitəsi kimi simlər üzərində sürüşdürülür.
Azərbaycan zərbli musiqi aləti. Adından da bəlli olduğu kimi, kaman şəklində hazırlanan bu musiqi alətinin yayına kiçik həcmli bir çox müxtəlif zınqırovlar, çax-çax, şax-şax, halqalar və xırda zənglər taxılır.
Çox vaxt yallı gedərkən yallıbaşı kamanı bir əlində tutub silkələyərək həm səsləndirir, həm də rəqsin ölçüsünü oynaya – oynaya qeyd edir.
Kamança
Simli musiqi aləti. Çanağı kürəvi, qolu pərdəsiz, membranası (üzü) balıq dərisindən ya da qaramal ciyərinin pərdəsindən çəkilir. Ağac çubuğa (yay) bağlanmış bir çəngə at tükünün tutamı simləri səsləndirir.
Kamança əvvəllər 3 simli olmuş, hazırda 4 simlidir.
Kamança ən qədim Azərbaycan musiqi alətlərindən biridir. Kamançadan istər solo, istərsə də sazəndələr dəstəsi tərkibində ansambl musiqi aləti kimi istifadə olunur. Son dərəcə təsirlitembri olan kamança lirik musiqidə xüsusilə gözəl təsir bağışlayır.
Kamanlı alətlər
Kamanla çalınan simli alətlər qrupu: skripka, alt, violonçel, kontrabas.
Xalq çalğı alətlərindən ən geniş yayılmış kamanla çalınan simli alət – kamança
Kamera musiqisi
(ital. camera – otaq)
1. XVI əsrdə kilsə musiqisindən fərqli olan bütün kübar musiqisi;
2. XVIII əsrin II yarısından etibarən, simfoniya və simfonik musiqinin yaranması və genişlənməsi ilə əlaqədar olaraq Kamera musiqisi termini az sayda ifaçı və məhdud dinləyici dairəsi üçün nəzərdə tutulmuş əsərlərə aid edilir.
Kamerton
(alm. Kammer – otaq + ton – səs)
Müəyyən yüksəklikdəki səsi zəif harmonik əlavə səslərlə dəqiq və aydın səsləndirən kiçik portativ (yığcam, yüngül) alət;
İfa praktikasında alətin köklənməsi üçün istifadə olunur.
A kapella oxuyan zaman (müşayiətsiz) xorun rəhbəri səsin yüksəkliyini K. vasitəsilə tapır və xorda oxuyanlara göstərir ("xoru kökləyir").
Kamil
Klassik Şərq musiqisində çox təsadüf edilən bəhrlərdən biri.
Kamil eşitmə
(qabiliyyəti) (italyan: absolutus – mükəmməl)
Eşitməklə müəyyən etmə və səsin dəqiq yüksəkliyini özün üçün təyin etmə qabiliyyəti. Kamil eşitmənin mövcudluğu musiqiçi üçün vacib deyil, lakin adətən onun professional inkişafına kömək edir.
Kanari
(fr. Canarie, ital. və isp. canario)
16-17 əsrlərdə Fransa və İtaliyada geniş yayılmış bal rəqsi.
Kanifol
Xüsusi qatran; yayı simlərə toxundurarkən onları ehtizaza gətirmək və rəvan səsləndirmək üçün yayın tellərinə sürtürlər.
Kankan
(fr. cancan, hərf. – hay, küy)
Fransız rəqsidir. 19 əsrin 30-cu illərində Parisdə yaranmışdır. Kütləvi ballarda ifa oluqurdu. Bəzən onu Paris kadrili də adlandırırlar
Kanon
(yun. kanon – qayda – qanun, nümunə)
1.Çoxsəsli musiqi növü; bütün səslər eyni bir melodiyanı eyni anda deyil, biri digərindən sonra ifa edir; kanonik imitasiya.
Kanon melodiyasını ifadə edən birinci səs proposta adlanır, propostanı təkrarlayan digər səslər risposta adlanır.
Kanon həm kiçik əsərlərin sərbəst forması kimi, həm də daha iri həcmli əsərlərin tərkibində ayrıca bir quruluş kimi rast gəlinir.
Kanon imitasiyada olduğu kimi müxtəlif növlərdən istifadə olunur. Bax: Sonsuz kanon (müttəsil kanon), ikiqat kanon
Kansonetta
(ital. canzonetta – kiçik mahnı)
Nisbətən kiçik instrumental pyeslərin adı.
Kantabile
(italyan: cantare – oxuma, cantabile - axımlı)
Melodiyanın, eləcə də, musiqi ifasının axımlılığıdır. Kantabile termini çox zaman musiqi əsərinin və ya hissəsinin başlığında tempi göstərən işarə ilə birlikdə yazılır, musiqinin xarakterini müəyyən edir.
Kanson
(ital. canzone – mahnı)
XV–XVI əsrlərdə polifonik xüsusiyyətli çoxsəsli mahnı, XVI əsrin sonundan etibarən riçerkar və ya fuqa tipli instrumental pyeslərin adı, daha sonralar və indiki zamanda instrumental pyeslərin adı.
Kantata
(ital. cantata, cantare – oxumaq)
1. XVII əsrin əvvəllərində (İtaliyada) sonatadan fərqli olaraq, oxumaq üçün müşayiətli əsər;
2. solist müğənnilər, orkestr, həmçinin xor üçün yazılmış, bitmiş nömrələrdən ibarət olan vəkonsert planında ifa olunması nəzərdə tutulan əsər.
İfa tərzinə görə Kantata oratoriyaya bənzəyir; tədricən Kantata və oratoriyanın müəyyənləşdirən fərqlər yox olmuşdur; böyük həcmli Kantata oratoriyaya yaxınlaşır və adətən daha bütöv və inkişaflı süjetə malik olan lirik elementlərlə seçilir.
Kant
Qədimdə üç səsli kuplet formasında mahnı. 16-17-ci əsrlərdə Rusiyaada geniş yayılmışdı. Müxtəlif məzmuna malik – zarafatyana, lirik və s. kantlar olmuşdur.
Kantilena
(italyan: cantilena; latın: cantilena – ahəngli oxuma, ahəngdarlıq)
ahəngli, oxunaqlı melodiya.
Kantus firmus
(lat. cantus firmus – sabit mövqeli, möhkəm)
Qədim polifonik musiqidə əsərin kompozisiya əsası funksiyasını yerinə yetirən, dəfələrlə dəyişilməz şəkildə təkrarlanan aparıcı melodiyadır.
Kapella
(ital. capella – kiçik kilsə, sovməə)
A kapella.
Kapelmeyster
(alman: Kapelmeister: Kapelle – xor, orkestr + Meister – ustad, rəhbər)
Xorun və ya orkestrın rəhbəri və dirijoru.
Kapriççio
(ital. capriccio – keçici arzu, həvəs)
Adətən, virtuoz, şıltaq, qəribə xarakterli, sərbəst quruluşlu pyes; kapris (fr. caprice) kimi.
Bəstəkarlar Kapriççio tərkibinə daha çox xalq mahnılarını daxil edirlər
Kariyon
(fr. carillon – zəng səsləri)
1. Bir neçə köklənmiş zənglərdən ibarət zərbli musiqi aləti. Səsləndirmə mexanizmi ilə təcniz olunmuş alət Avropada kilsələrin qüllələrində və binaların üstündəki saatlarda quraşdırılırdı.
2. Orqan registrlərindən biri;
3. Zəng səslərini təqlid edən musiqi pyesinin adı.
Kastanyeta
(isp. castanetas, lat. castanea - şabalıdı)
İki və ya üç ağacdan, plastinkadan (lövhə), bir qurtaracağında iplə sərbəst birləşdirilən kiçik zərb aləti; Orkestr Kastanyeta dəstə (qulp) ilə təchiz olunur.
Kastanyetanı barmaqlara geyinirlər (orkestrda tutacağından tuturlar); plastinkaları bir – birinə vurduqda şıqqıldayan, qırıq səslər yaranır.
İspaniyada, Cənubi İtaliyada, Latın Amerikası ölkələrində Kastanyeta xalq çalğı aləti olduğuna görə daha çox yayılmışdır; rəqslərdə rəqs edənlər özlərini Kastanyetada müşayiət edirlər.
Simfonik orkestrdə ispan və neopolitan xarakterli musiqinin ifa edilməsində Kastanyeta xüsusi yer tutur.
Kazaçok
Ukrayna xalq rəqsi; improvizasiya xarakterlidir; yavaş templə başlayaraq, tədriclə tempi sürətlənir. Rəqs edən cütlükdə oölan qızın hərəkətlərini təkrarlayır.
Kəllə
Simli musiqi alətlərinin (tar, saz, kamança) başı.
Kəsmə şikəstə
Azərbaycan zərbi muğamı. İnstrumental müşayiətində bəzi musiqi cümlələri bir növ qırıq – qırıq ifa olunduğundan kəsmə adlandırılmışdır. Melodik cəhətdən şikəstənin başqa növlərindən az da olsa fərqlənir. Vokal hissəsi olduqca lirik səslənir.
Kiçik aparıcı (çatdırıcı) septakkord
Ladların major – minor sistemində II və ya VII pillədə yerləşən septakkordun adı.
Kiçik Məsnəvi
bax: Məsnəvi.
Kiçik oktava
Bərabər temperasiyalı səssırasının əsasən orta registrə aid olan bir hissəsi.
Kiçik simfonik orkestr
Simfonik orkestrin yığcam tərkibi, 18-ci əsrdə geniş tətbiq olunurdu. Buraya ağac nəfəsli alətlərin hər növündən iki sayda daxil edilirdi, o cümlədən, simli kvintet daxil idi.
Klarnet
(ital. clarinetto)
Ağac nəfəs aləti; silindr şəkilli boru formasındadır, birdilçəkli olub, klapanlar sistemi ilə təchiz olunmuşdur. Dörd müxtəlif növü var: böyük K., kiçik K., bas K., bassethorn (alt K.).Simfonik orkestrin tərkibinə daxil olan əsasalətlərdən biridir.
Klassik
(latın: classicus – ən nümunəvi)
Məhdud mənada antik yazıçılara verilən ad.
Geniş mənada – ümumxalq şöhrəti, nüfuzu qazanmış, mədəniyyət və elm xəzinəsini zənginləşdirən əsərlər yaratmış yazıçı, rəssam, musiqiçi, alim. Bu söz bədii əsərlərə də şamil edilir.
Klaviatura
(alm. Klaviatur, lat. clavis – açar )
Klavişli musiqi alətlərində ağ və qara dillərin məcmusu. Klaviaturada klavişlər soldan-sağa, aşağıdan yuxarıya doğru yüksələn səssırası ilə düzülür.
Klavir
(alman. klavier)
1.Simli klavişli alətlərin ümumi adıdır: klavikord, klavesin, piano.
2.Musiqili səhnə əsərinin səs ilə fortepiano üçün köçürülməsidir.
Orkestr və kamera əsərlərinin də fortepiano üçün köcürmələri klavir adlanır.
Klaviş, dil
(lat. clavis - açar)
Bəzi musiqi alətlərində xüsusi qurğu (fil sümüyündən və ya plastmasdan hazırlanır); Klavişə zərblə toxunarkən çəkic bərkidilmiş mexanizm hərəkətə gələrək simlərə vurulur: məsələn, fortepianoda olduğu kimi; orqanda və digər körüklü alətlərdə isə trubaya havaaxınının yolu açılır.
Koda
(ital. coda - sonluq)
Musiqi əsərinin sonunda istifadə olunan əlavə yekunlaşdırıcı epizod. Adətən əsas tonallıq möhkəmləndirilir və əsas mövzunun elementlərindən istifadə olunur.
Koloratura
(italyan: coloratura – bəzək)
Musiqidə melodiyanı zənginləşdirən virtuoz passajlar, trel və başqa ritmik xırdalıqlara malik melodik naxışlardır. Opera əsərlərində ən yüksək registrli qadın səslərinin partiyasında tətbiq olunur: koloratur soprano.
Koloratur soprano
Ən yüksək registrli qadın səsi; üçüncü oktavanın fa, fa-diyez səslərinə kimi çatır; xüsusilə fəal hərəkətli səsdir.
Komik opera
bax: Operetta.
Komma
(yunan. komma – bir parça)
Musiqi akustikasında ən kiçik (1/8 tondan kiçik), eşidilməsi çox çətin olan intervaldır.
Kompozisiya
(lat. compositio – tərtib, əsər)
1.Musiqi əsərinin bəstələnməsi prosesi, musiqi yaradıcılığı.
2. Bitmiş musiqi əsəri.
3.Musiqi əsərinin quruluşu, onun hissələrinin yerləşdirilməsi və əlaqəsi; musiqili forma.
Konservatoriya
(italyan: conservatorio, ilk mənası – sığınacaq, latın: conservo – qoruyuram, saxlayıram)
Musiqi sənəti sahəsində mütəxəssis (ifaçı, bəstəkar, musiqişünas) hazırlayan ali musiqi təhsili müəssisəsi. 16-cı əsrdə İtaliyada yaranmış, sonradan Avropa və Asiya ölkələrində konservatoriyalar meydana gəlmişdir. Bax: ADK ( indiki BMA), AMK.
Konsert
(lat. concerto, ital. conserto, alman. konzert)
razılıq; yarışma.
1.Musiqi əsərinin xüsusi bir yerdə kütləvi ifa edilməsidir.
2.Bir və ya bir neçə solist ilə orkestr üçün, müşayiətsiz solo ifası üçün, yaxud orkestr üçün (solistsiz) bəstələnmiş virtuoz xarakterli böyük həcmli əsər.
Konsertmeyster
Orkestrdə hər hansı alətlər qrupunun başçısı olub, həmin qrupun musiqiçilərini öz ardınca apararaq, onlara ifaçılıq üsullarını göstərir. Məsələn, birinci skripkaların, violonçel qrupunun konsertmeysteri. Məsuliyyətli solo epizodlarının ifası da onlara tapşırılır.
Simfonik orkestrdə birinci skripkaların konsertmeysteri, eyni zamanda bütün orkestrin konsertmeysteri hesab olunur.
Müğənniləri və çalğıçıları müşayiət edərək, onlarla məşq edən və konsertlərdə çıxış edənpianoçuya da konsertmeyster deyirlər.
Konsonans
(fran. consonanse – həmahənglik)
Bir-birinə uyuşan səslərin eyni vaxtda səslənməsi, həmahəngliyidir.
Konsonansa – prima, kvinta, kvarta, böyük və kiçik tersiya, seksta intervalları, eləcə də buintervallardan ibarət dissonanssız akkordlar aiddir.
Kontrabas
Tembrinə görə ən qalın səsli simli kamanlı alət. Simfonik orkestrdə simli alətlər qrupunda mühüm yer tutur. Diapazonu kiçik oktavanın mi səsindən birinci oktavanın sol səsinə kimidir.
Kontralt
(ital. contralto)
Ən aşağı qadın səsi, çox vaxt sadəcə – alt. Diapazonu kiçik oktava sol səsindən – ikinci oktavanın sol səsinə kimi.
Kontrapunkt
Eyni vaxtda iki və daha artıq müstəqil melodik xətlərin uzlaşması. Latın dilində punctum contra punctum – nöqtəyə qarşı nöqtə mənasını verir; musiqidə nota qarşı not və ya melodiyaya qarşı qoyulan melodiya mənasında tətbiq edilir.
Çoxsəsli polifonik musiqidə kontrapunkt əmələ gətirən melodiyalar kontrast olur və bədii ifadəliliyinə görə bir-birindən fərqlənir.
Bəzi hallarda kontrapunkt anlayışı bir melodiyanın bir neçə xanə gecikdirmə ilə səsləndirilərək ona qarşı qoyulmasını da nəzərdə tutur.
Kontroktava
Bərabər temperasiyalı səssırasının ən aşağı registrə aid olan bir hissəsi.
Koroğlu
1.Azərbaycan xalq instrumental musiqisində qəhrəmanlıq və çeviklik halını vəsf edən rəqs musiqi formalarından biri;
2. Aşıq yaradıcılığında Koroğlu dastanını vəsf edən şeir – musiqili kompozisiya.
Kök
Səslərin ucalığına görə münasibətləri sistemidir. 12 səsli bərabər temperasiyalı kök qəbul olunmuşdur. Səs ucalığı 1-ci oktavanın lya səsinə müvafiq götürülür.
Körük
Orqan, bayan, qarmon kimi musiqi alətlərinin bir hissəsi olub, səsin əmələ gəlməsində mühüm rol oynayır.
Kulminasiya
(lat. culmen – zirvə)
Musiqi əsərində və ya bunun nisbətən tamamlanmış hissəsində inkişafın yüksək nöqtəsi,zirvəsidir.
Kulminasiyanın yaranmasında musiqi ifadə vasitələri iştirak edir və bu, dinamikanın, ştrixindəyişməsi, diapazonun yüksəlməsi və s. vasitələrlə əldə edilir.
Kuplet
(fran. couplet – hissə, bənd)
Mahnının bir hissəsi, bəndidir. Mahnının hər kupletində poetik mətn dəyişir, melodiya isə eynilə təkrar olunur.
Kupür
(fran. coupure – qısaltma, ixtisar etmə)
Musiqi əsərində (opera, balet) ifaçı – dirijor, rejissor tərəfindən edilən ixtisardır. Kupür əsərin musiqi dramaturgiyasına xələl gətirmədən edilir.
Kütləvi mahnı
Bəstəkarlar tərəfindən yaradılan, həm peşəkar ifaçılar, həm də geniş xalq kütlələrinin ifası üçün nəzərdə tutulan mahnılar. Belə mahnılar çox zaman xalq arasında geniş yayılaraq, yaddaşlarda qalır və insanlara böyük təsir gücünə malik olur.
Kvarta-kvinta dairəsi
Kvarta dairəsinin və kvinta dairəsinin bir sxemdə birləşdirilməsindən əmələ gəlir: 12 cüt enharmonik bərabər diyez və bemol tonallıqlarını əhatə edir.
Kvintsekstakkord
Septakkordun birinci dönməsi; tersiya tonu basda yerləşir. Akkordun tərkibi aşağı səsdən başlayaraq, tersiya, kvinta və seksta intervallarının birləşməsindən ibarətdir.
Kadril
(ispan. caudrilla - dördlük)
19-cu əsrdə Avropa ölkələrində geniş yayılmış bal rəqsi. Dörd cütlük tərəfindən özünəməxsus hərəkətlərlə oynanılırdı.
Klavikord
(lat. clavis – açar və yunan. chorde - sim)
15-18-ci əsrlərdə klavişli-simli musiqi aləti; klavişlər metal ştifləri hərəkətə gətirərkən sim sıxılır və səs əmələ gəlir.
Klaviraussuq
(alm.)
Fortepiano üçün işləmələrin köhnəlmiş adı.
Kodetta
(ital. codetta – kiçik koda)
Fuqada mövzunun birinci və ikinci dəfə keçirilməsi arasında rast gəlinən birsəsli intermediya; əsas mövzunun sonluğu ilə cavabın başlanğıcı arasında.
Konçerto qrosso
(ital. concerto grosso, hərfi mənada – böyük konsert)
Bir neçə hissədən ibarət virtuoz xarakterli orkestr əsəri; burada bütün orkestrin birlikdə (tutti) çalğısı ilə bir neçə solo alətin səslənməsi qarşılaşdırılır. 17-18-ci əsrlərdə geniş yayılmışdır.
Konsertina
Altıbucaqlı formalı gövdəyə malik kiçik qarmon musiqi aləti. 19-cu əsrdə İngiltərədə yaranmışdır və bu günə kimi populyarlığını qoruyub saxlamışdır. Estrada musiqisində daha çox istifadə olunur.
Kontrafaqot
Səslənməsinə görə ən aşağı, qalın səsli nəfəs aləti. Quruluşuna görə faqota yaxındır.
Konsertino
(ital.concertino – kiçildilmiş concerto)
Kiçik həcmli instrumental konsert; adətən birhissəli olur.
Klavesin
(fr. clavecin)
16-18-ci əsrlərdə yaranmış klavişli simli-dartımlı alətin fransizca adı; bir neçə klaviaturadan ibarətdir. Almanlarda – klavisimbal, italyanlarda – çembalo, ingilislərdə - vircinel. Fortepianonun əcdadı sayılır.