MUSİQİ LÜĞƏTİ


Musiqi mədəniyyətinin bütün suallarının əlifba şəklində düzülüşünün məcmusudur. Terminoloji, avtobioqrafiq, ensiklopedik lüğətlər mövcuddur. 



A B C Ç D E Ə F G H X İ K Q L
M N O Ö P R S Ş T U Ü V Y Z  

 

Q

 

Qabaqcasəs

Akkordun müəyyən bir səsi olub, akkordun tam səslənməsindən əvvəl verilir; adətən, digər səslərlə dissonanslıq əmələ gətirir; əvvəlki akkordun quruluşunu pozaraq, yeni akkordun səslənməsinə keçid yaradır.

"Qabusnamə"

XI əsrdə yaranmış didaktik əsər; Keykavusa məxsusdur. (Keykavus - İranın əfsanəvi hökmdarlarından biri kimi Firdovsinin "Şahnamə" əsərində təsvir olunur). "Qabusnamə"nin məzmunu atanın oğluna nəsihətlərindən ibarət olub, gündəlik həyatda və sənət seçimində əməl olunmalı qayda-qanunlardan bəhs edir. Dari dilində yazılan bu əsər bir çox xalqların dillərinə, o cümlədən, azərbaycan dilinə tərcümə olunmuşdur.
"Qabusnamə"ni müsəlman Şərqində pedaqogikanın əsasları kimi yüksək qiymətləndirir, onu gənc nəslin yetişməsində praktiki əhəmiyyətə malik vəsait hesab edirdilər. Əsərdə o dövrün musiqi həyatı, musiqiçilərin adət-ənənələri, musiqi təcrübəsində geniş yayılmış musiqi janr və formaları haqqında qiymətli məlumatlar öz əksini tapmışdır.

Qafiyə

Xalq aşıqlarının istifadə etdikləri şeir formalarından biri. Musiqi müşayiəti əsas etibarı iləsegah kökündə olur. Qafiyə formasının misraları müxtəlif şəkildə qafiyələnir; bəzən birinci misra ilə ikinci, çox vaxt birinci ilə üçüncü və i.a. Qafiyə aşıq formasının məzmunu çox vaxt eyham və müəmma ibarəli sözlərlə ifadə olunan alleqorik rəmzlərdən ibarətdir.

Qalop

(fr. galop - çapmaq)
Cəld hərəkətli rəqs. XIX əsrin 20-ci illərində meydana gəlmişdir.

Qalusi

kl. əd.-da: musiqi təranələrindən biri.

Qamış dilçək

Nəfəsli alətlərin detalı; yastı formada olub, qamışdan hazırlanır və alətin nəfəs üfürülən borusuna geydirilir. Bir qat (klarnet, saksofon) və ikiqat (hoboy, faqot, ingilis nəfiri) qamışdilçəkli nəfəs alətləri mövcuddur.

Qamma

Tədricən yüksələn – enən pilləvari melodik hərəkətə malik oktava çərçivəsində səssırası. Növləri: yüksələn Qamma, harmonik minor Qamma, diatonik Qamma, major Qamma, melodik minor Qamma, minor Qamma, enən Qamma, xromatik Qamma, bütövtonlu Qamma.

Qanon

(qanun)
Ən qədim Azərbaycan dartımlı, simli musiqi alətlərindən biri. Qanon böyük Azərbaycan şairi Nizaminin əsərlərində dönə - dönə məhəbbətlə vəsf edilmişdir. Qanon iki tərəfi müvazi olmayan dördbucaq (trapesiya) biçimdə emal edilir. Gövdəsinin üst dekası iki hissəyə ayrılır: çox qismi çinar ağacından yonulmuş nazik taxta ilə örtülür, açıq hissəsinin üzərinə isə dəri çəkilir. Taxta dekası üzərində ulduz şəklində üç böyük dəlik olur ki, bunlar dəri membranla birlikdə qanonun səs rezonansını artırır. Qanona hər səs üçün üçər sim qoşulur. Cəmisi 72 simi olur. Qanonun diapazonu üçoktavadan böyükdür.

Qanun

Simli musiqi aləti.
Yaxın və Orta Şərqdə geniş yayılmışdır. Azərbaycan şairləri Nizaminin, Füzulinin və b. əsərlərində bu alət haqqında məlumat verilmişdir. Qanun üzərində naxışlı üç rezonator dəliyi olan düzbucaqlı trapesiya formalı yastı taxta qutudan ibarətdir. Qanunun üzünün aşağı hissəsinə çəkilmiş dərinin üzərində xərək yerləşir. Xərəyin üstündən 24-25 üçləşdirilmiş sim keçir.
Qanunun simləri barmaqlara taxılmış oymağabənzər metal mizrablarla səsləndirilir. Diapazonu üç oktava yarımdır (böyük oktavanın sol səsindən ikinci oktavanın si bemol səsinə qədər). Qanunun incə, məlahətli səsi var. Azərbaycan xalq çalğı alətləri ansamblının və orkestrin tərkibinə daxildir.

Qapaq

(alman: Klappe – qapaq)
Nəfəsli alətlərdə səs deşiklərinin açılması və ya bağlanması üçün düzəldilmiş qurğu; klapan.

Qarabağ

Azәrbaycanda tarixi vilayәt. Kiçik Qafqaz dağlarından başlamış Kür vә Araz çayları arasındakı әrazini әһatә edir. «Azәrbaycan konservatoriyası» adlandırılan Qarabağ milli musiqi mәdәniyyәtinin inkişafında müstәsna rol oynamışdır. Qarabağda doğulub әrsәyә çatmış bir çox xanәndә vә musiqiçilәrin adı tәkсә Qafqazda deyil, qonşu Şәrq ölkәlәrindә dә mәşһur idi. Hacıbəyli bu vilayәtin Şuşa qәzasının Ağcabәdi kәndindә doğulmuşdur. Valideynlәri Şuşaya qayıtdıqdan sonra burada, maarifçi H. Vәzirovun açdığı ikisinifli türk-rus mәktәbindә tәһsil almışdır. 19 әsrin sonu — 20 әsrin әvvәllәrindә Qarabağın mәdәni һәyatı olduqсa qaynar idi. Qarabağda şer («Mәсlisi-üns», «Mәсlisi-fәramuşan») vә musiqi mәсlislәri fәaliyyәt göstәrirdi. Bu mәclislәrә şairә Xurşidbanu Natәvan, alim,musiqişünas, rәssam vә şair Mir Möһsün Nәvvab vә b.başçılıq edirdilәr.
Qarabağın zәngin musiqi-ifaçılıq әnәnәlәri Hacıbəylinin musiqi tәrbiyәsinә güсlü tәsir göstәrmişdir. O dövrdә Qarabağın ziyalı gәnсlәrindәn bir çoxu Moskva, Peterburq, Kiyev vә b. şәһәrlәrdә ali tәһsil alırdılar. Yay tәtillәrini doğma yurdlarında keçirәn bu gәnclәr onun mәdәni һәyatında yaxından iştirak edәrәk müxtәlif tәdbirlәr һazırlayır, әdәbi әsәrlәri sәһnәlәşdirirdilәr. 1897 ildә Ә.Haqverdiyev Şuşada M. Füzulinin«Leyli vә Mәcnun» poeması әsasında «Mәcnun Leylinin mәzarı üstündә» adlı sәһnәni tamaşaya qoymuşdu. Kiçik yaşlı Hacıbəyli bu tamaşada böyük һәvәslә iştirak etmiş vә xorda oxumuşdu. Tamaşa ona böyük tәsir göstәrmişdi.
Sonralar Hacıbəyli yazırdı ki, «...һәmin sәһnә mәni o qәdәr һәyәсanlandırdı ki, bir neçә ildәn sonra Bakıya gәlib operaya bәnzәr bir şey yazmaq qәrarına gәldim». Hacıbəyli 1899 ildә tәһsilini davam etdirmәk mәqsәdilә Qarabağdan Qoriyә getmişdir. Qori seminariyasında tәһsilini başa vurduqdan sonra (1904) Qarabağda müәllimlik etmiş, 1905 ildә Bakıya köçmüşdür..

Qarabağ Muğam Məclisləri

Qarabağın muğam ifaçılığı sənətinin inkişafında XIX əsrdə fəaliyyət göstərən musiqi məclislərinin böyük və əhəmiyyətli rolu olmuşdur. Dövrünün tanınmış muğam ifaçılarının hamısı demək olar ki, məhz bu məclislərdə iştirak etmiş, orada ustad sənətkarların rəngarəng çıxışlarını görmüş və bu gözəl ənənə sayəsində püxtələşmişlər. Musiqi məclisləri ziyafətlərdən və toy şənliklərindən fərqlənirdi.
Bu məclislərdə ədəbiyyata, rəssamlığa və musiqi sənətinə dair maraqlı söhbətlər aparılırdı. Burada şeir, musiqi və sənətin estetik problemləri ətraflı müzakirə olunurdu. Bəzən bu söhbətlər diskussiyalara da çevrilirdi. Musiqi məclislərində birinci növbədə muğam ifaçılığına diqqət yetirilirdi. Muğam dəstgahları təkmilləşdirilir, müxtəlif şöbə və guşələrlə zənginləşdirilir, yeni yaradılan təsnif və rənglər səsləndirilirdi. Bəzən musiqi məclislərində muğamı bir neçə xanəndə oxuyar, muğam biliciləri onların haqqında rəylərini söyləyərdilər. Buna görə də hər bir xanəndə və çalğıçı öz sənətini daha dərindən öyrənməyə və təkmilləşdirməyə səy göstərirdi.
Çox zaman isə yaradıcılığa yeni başlayan musiqiçilər burada ustad sənətkarlardan xeyir-dua alırdılar. Bu məclislər muğam sənətinin inkişafı üçün çox önəmli idi və muğam ifaçıları üçün əsl ustadlıq məktəbinə çevrilmişdi. Bu məclislərdə Şərq musiqisinin incəliklərinə dərindən bələd olan görkəmli musiqişünaslar xanəndələrin düzgün oxumasına və ustalığına xüsusi qayğı göstərirdilər. Musiqi məclislərində "Şur", "Rast","Mahur", "Çahargah", "Bayatı-İsfahan" muğamlarının oxunması iki, bəzən də üç saat çəkərdi.
Maraqlı budur ki, məclislərdə bütün muğamları düzgün və tamam-dəstgah oxumağı öyrənən xanəndələr hər hansı bir muğamı daha kamil öyrənir, ixtisaslaşmağa çalışırdılar. Bəzən musiqi məclislərində xanəndəni dinləyən tamaşaçılar, peşəkar və həvəskar xanəndələr isə dəstgah oxuyan xanəndənin səhv cəhətlərini tənqid edərdilər. Bu tənqidi qeydlər çox zaman ciddi mübahisələrə çevrilərdi. Mübahisə kəskin şəkil aldıqda müəyyən bir muğamı tamam-dəstgah oxumaq üçün müsabiqə elan edilirdi. O dövrün musiqiçilərinin xatirələrində deyildiyi kimi, müsabiqə üçün ən yaxşı sazəndələr çağırılırdı. Hələ musiqi məclisinə bir həftə qalmış ən yaxşı xanəndə, eləcə də, sazəndələr və rəisi-məclis seçilirdi. Həmin şəxs xanəndə və sazəndələrin ifa edəcəkləri musiqi proqramını tərtib edirdi.
Tamaşaçılar məclisin qayda-qanunlarına tabe olaraq, xanəndənin oxuduğu sözlərə qulaq asmaq üçün tam sakitliyi gözləməli idi. Rəisi-məclis və xalq tərəfindən bəyənilən xanəndə və musiqiçilər mükafat alırdılar. Proqramın öhdəsindən gələ bilməyən ifaçılar isə istehza altında məclisi tərk edirdilər. Buna görə də hər bir xanəndə və ya sazəndə öz sənətini daha da təkmilləşdirməyə səy göstərirdi. Şuşa musiqi məclisinin rəhbəri olan Mir Möhsün Nəvvab xanəndə Hacı Hüsünün yaxından iştirakı ilə "Xanəndələr məclisi" təşkil etmişdi. Onun musiqi məclisi Xarrat Qulunun musiqi məktəbindən və Xurşidbanu Natəvanın "Məclisi-üns"ündən sonra şəhərin mədəni həyatında müstəsna rol oynamışdır.
Qarabağ xanəndələri Şamaxı və Bakı musiqi məclislərinin üzvləri arasında da xüsusi hörmət və ehtirama malik idilər. Bu xanəndələr o zaman musiqi sahəsində çalışan bir çox digər sənətkarlara istiqamət verirdilər. Müxtəlif yerlərdən xanəndə və tarzənlər Şuşaya gəlib Qarabağ musiqiçiləri üçün çalıb-oxuyar, onlardan göstəriş və qiymət almağa can atardılar.
Şuşa musiqi məclisləri milli musiqiçilərin, muğam ifaçılarının yetişməsində müstəsna rol oynamış və Azərb. musiqisinin inkişafına təkan vermişdir.

Qarabağ Muğam Məktəbi

Qarabağ bölgəsinin mərkəzi olan Şuşa şəhərində təşəkkül tapmış və Qarabağda yaşayıb – yaradan xanəndələri, xalq çalğı alətləri ifaçılarını – sazəndələri özündə cəmləşdirən muğam ifaçılığı ənənələrini özündə cəmləşdirən məktəb. Qarabağ muğam ifaçılığı məktəbi məhz ayrı–ayrı görkəmli sənətkarların adı ilə bağlı olub, onların ifaçılıq üslubunu yaşadan və davamçıları tərəfindən nəsildən – nəslə ötürülən ənənələrdən yaranmışdır. Qarabağ muğam ifaçıları Azərbaycanın qədim musiqi ənənələrinin inkişaf etdirilməsində böyük xidmət göstərmişlər. Xanəndələr və instrumental ifaçılar ənənəvi şəkildə muğam ifaçılığı sənətinin incəliklərini, muğamlar nəsildən – nəslə ötürərək böyük bir məktəb yaratmağa nail olmuşlar.
Qarabağ sənətkarlarının neçə nəsli dəyişsə də onların yaratdıqları ənənələr bu gün də muğam ifaçıları tərəfindən yaşadılmaqdadır. Bu baxımdan Qarabağın görkəmli muğam ustadları Hacı Hüsü, Əbdülbaği Zülalov, Cabbar Qaryağdı oğlu, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski və b. öz məktəblərini yaratmışlar. Qarabağ musiqi mədəniyyəti tarixində – tədris ocağı kimi "muğam məktəbi" ilk dəfə XIX əsrin ortalarında Xarrat Qulu tərəfindən yaradılmışdır. Bax: Xarrat Qulunun məktəbi. Xarrat Qulunun məktəbi Qarabağ muğam ifaçılığı məktəbinin inkişaf tarixində mühüm bir mərhələ olmuşdur.
Xarrat Qulunun vəfatından sonra Şuşada musiqi məktəbində muğamın tədrisi işini Kor Xəlifə adlı musiqiçi, daha sonra Molla İbrahim davam etdirərək, yeni musiqiçilər nəslini yetişdirdi. Şuşa məktəblərində də poeziyanın və musiqinin sirrləri yeniyetmələrə gənc yaşlarından öyrədilirdi. Ona görə də muğamı və şeiri Qarabağın sənətkarları, xüsusən də xanəndələri və instrumental muğam ifaçıları hələ uşaq yaşlarından dərindən bilirdilər.

"Qarabağ Xanəndələri"

CD-albom. 24 Qarabağ muğam ifaçılığı məktəbinin müxtəlif nəsillərinə aid 24 xanəndənin səsyazıları olan CD disklərdən və 5 dildə (azərb., ing., rus, alman, fransız) çap olunmuş xanəndələrin həyat və yaradıcılığı ilə bağlı məlumat və fotoları əhatə edən albomdan ibarətdir. Layihənin müəllifi və rəhbəri YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. Layihənin kooridnatoru Tariyel Məmmədovdur. Layihədə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin, Azərbaycan Dövlət Səsyazmalar Arxivinin, S.Mümtaz adına Azərbaycan Respublikası Ədəbiyyat və İncəsənət Dövlət Arxivinin, Üzeyir Hacıbəyovun ev-muzeyinin, Bülbülün Xatirə Muzeyinin fondlarından, F.Şuşinskinin, B.Mənsurovun, X.Şuşinskinin şəxsi arxivlərindən istifadə olunmuşdur. Qarabağ xanəndələrinin 1903-1912 illərə məxsus qrammofon vallarındakı səsyazılarının rəqəmsal bərpası "Musiqi dünyası" jurnalının yaradıcı qrupu tərəfindən həyata keçirilmişdir.

Qarabağ şikəstəsi

Segah dəstgahı kökündə olan zərbi muğamlardan biri. Musiqi ölçüsü 2/4 – dir. Dörd misradan ibarət hər bir kupletdən sonra melodik cəhətdən müxtəlif olan araçalğı (instrumental epizod) ifa olunur.

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

1964 ildə bəstəkarlar Qara Qarayevin və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılmışdır. Orkestrin baş dirijoru və bədii rəhbəri respublikanın xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olmuşdur. 1998 ildən orkestrə respublikanın xalq artisti Teymur Göyçayev rəhbərlik edir. Kollektiv dünyanın bir çox məşhur səhnələrində, nüfuzlu beynəlxalq festivallarda iştirak etmiş, xarici ölkələrdə Azərbaycan musiqi sənətini ləyaqətlə təmsil etmişdir.
Orkestrin repertuarı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarətdir. Son illərdə T.Göyçayevin təşəbbüsü və rəhbərliyi altında muğam ifaçıları ilə birgə konsert layihələri həyata keçirilir. Muğam dəstgahların xanəndə və muğam üçlüyü tərəfindən ənənəvi ifasından fərqli olaraq, rəng və təsniflər orkestrin müşayiəti ilə verilərək, maraqlı səslənmə yaradır.

Qaraçı

Aşıq mahnısı.

Qarmon

Pnevmatik dilli musiqi aləti; körüyünün açılıb-yığılması nəticəsində yaranan hava axını xüsusi kanallarla Qarmonun metal dillərini hərəkətə gətirir. Almaniyada musiqi alətləri ustası K.F.L.Buşman tərəfindən ixtira edilmişdir (1822). Sonradan Rusiyada müxtəlif növləri istehsal olunmağa başlamışdır. Azərbaycanda xalq musiqi məişətinə daxil olmuş və milli musiqinin xüsusiyyətlərinə uyğunlaşdırılmışdır. Azərbaycan qarmonunun səs sırası xromatikdir, bu alətdən solo və ansambl aləti kimi istifadə olunur.

Qatışıq xor

Qadın və kişi səslərindən təşkil olunmuş xor.

Qaval

(qabal)
Zərbli musiqi aləti. Eni 60-75 və diametri 350-450 mm (əvvəllərdə daha çox) olan sağanağa balıq dərisi çəkilir. Sağanağın içərisində xırda halqalar (əvvəllərdə çox xırda zınqırovlar) nəsb edilir ki, çalğı vaxtı bunlar da səslənsin.
Azərbaycanda ən qədim zamanlardan geniş intişar tapmış, yaxın qonşu ölkələrə də yayılmışdır.

Qavot

(fr. gavotte; prov. govoto)
Xalq mənşəli fransız rəqsi. XVII əsrdən saray məişətinə daxil olmuş, XVIII əsrdə instrumental süitalarda istifadə olunmuşdur. XIX əsrdən az tətbiq olunur.

Qaynatma

Nəğməkarın vurduğu zəngulədə müəyyən bir notun boğazda trel tərzində sürəkli və iti sürətlə növbələnməsi.

Qaytağı

Melodik cəhətdən son dərəcə vazeh, müntəzəm, qəti və sürət (temp) etibarı ilə çox yeyin və dinamik olan Azərbaycan oyun havası. Musiqi ölçüsü başlıca olaraq 6/8 – dır, lakin musiqi cümlələri içərisində ikihissəli vəznlə üçhissəli vəznin ardıcıl surətdə növbələnməsinə də təsadüf edilir ki, bu da musiqinin itiliyini xeyli artırır. Qaytağı rəqs ifaçılığında oynayanlar arasında yarış duyğusu oyadır, onların çevikliyini, virtuozluq qabiliyyətini, yorulmamazlığını, gücünü, qüvvətini nümayiş etdirir.

Qeyri-mütənasib taktlar

Qeyri-simmetrik taktlar; bir neçə müxtəlif ölçülü sadə xanədən əmələ gələn mürəkkəb xanə.

Qıraq hissələr

Üçhissəli formanın birinci və üçüncü hissələri; musiqi məzmununa görə oxşar olub, üçüncü hissə repriza adlanır

Qlissando

(ital. glissando; fr. glissant – sürüşərək)
Bir səsdən digərinə sürüşdürülərək keçmək; bir çox simli alətlərdə barmağın sim üzərində sürüşdürülməsi ilə əldə edilən səslənmə.

Qoboy

hoboy (almanca Oboe, fransızca hautbois, hərfi mənası – hündür ağac)
Nəfəslə çalınan musiqi aləti. Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır. Müasir qoboy ucu bir qədər genəldilmiş konusşəkilli nazik borudan ibarətdir. Borunun üzərində 25 dəlik olur, bunlardan 22-24-ü qapaqla örtülür. Alətin ensiz hissəsinə dilli müştük taxılır. Ümumi uzunluğu 600-643 mm-dir. Diapazonu kiçik oktavanın si (si bemol) səsindən üçüncü oktavanın lya səsinə qədərdir. Solo və ansambl aləti kimi istifadə olunur. Muğam ifaçılığında da uğurla tətbiq olunur. Məşhur qaboyçalan Kamil Cəlilovun ifa etdiyi muğamların lent yazıları Teleradionun "Qızıl fondu"na daxil edilmişdir.

Qondolyera

(ital. gondola – venesiya qayığı)
Venesiya qayıqçısının mahnısı; barkarola.

Qopak

(ukr. гопати – atlanmaq, sıçramaq, çapmaq, tapdamaq)
Ukrayna xalq rəqsi

Qopuz

(qobuz)
Ən qədim simli musiqi alətlərindən biri. Vaxtilə Azərbaycanozanlarının ifaçılıq sənətində tətbiq və istifadə etdikləri əsas çalğı aləti.

Qoşa qafiyə

Dörd misradan (rübai) ibarət olan hər bəndə bir – iki söz əlavə etmək yolu ilə şeirin inkişafını təmin edən priyomlardan biri.

Qoşa nağara

Bir – birinə bağlı bir cüt nağaradan ibarət zərbli musiqi aləti. Nağaralar (biri kiçik,o biri nisbətən böyük) adətən gildən (bişmiş palçıqdan) hazırlanır, üzərinə heyvan dərisi çəkilir və bir cüt kiçik çubuqla vurularaq səsləndirilir.

Qrammofon

(yunan: gramma – yazı + phone – səs)
Qrammofon valına yazılmış səsi mexaniki quruluşlarla yenidən səsləndirən aparat. Qrammofon işləyən zaman fırlanan val üzərindəki spiral çığırda hərəkət edən qrammofon iynəsi ucunun mexaniki rəqsləri membrana ötürülür və oradan alınan səs rəqsləri ruporla gücləndirilir. Qrammofondan və xüsusilə onun yığcam variantı olan patefondan 20-ci əsrin ortalarına kimi istifadə edilmişdir. Sonralar daha təkmilləşmiş cihazlar – elektrik valoxudanı və elektrofon meydana gəlmişdir.

Qrammofon valı

Səthindəki spiral cığırlara səs yazılmış disk. Qrammofon valı sintetik materialdan hazırlanır, qrammofon, elektrofon və s. aparatlar vasitəsilə oxudulur. Monofonik (cığırında bir səs kanalı olan) və stereofonik (cığırında iki səs kanalı olan) növləri var. Beynəlxalq standartlarda diametrinə görə üç ölçüdə qəbul olunmuşdur: 17,5 sm (valın hər üzü 6 dəqiqə oxuyur); 25 sm (18 dəqiqə); 30 sm (28 dəqiqə). Müxaniki yazma və səsləndirmə prinsipi ilk dəfə fransız şairi, musiqiçisi və alimi Ş.Kro (1842-1888) tərəfindən kəşf edilmişdir. XIX əsrin sonu - XX əsrin əvvəllərində bir sıra ölkələrin səhmdar cəmiyyətləri tərəfindən qrammofon valları fabriki təşkil olunmuş və səsyazma sənayesi inkişaf etməyə başlamışdır. "Qrammofon", "Sport-Rekord", "Premyer-Rekord", "Pate", "Ekstrafon", "Nogin zavodu" fəaliyyət göstərmişdir. 1901-02-ci illərdən başlayaraq, Riqada "Qrammofon" ingilis səhmdar cəmiyyəti tərəfindən məşhur Azərbaycan xanəndələrinin – Cabbar Qaryağdı oğlu, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev, Əbdülbaği Zülalov, Məcid Behbudov, Seyid Mirbabayev, Ələsgər Abdullayev və başqalarının səsi yazılmış qrammofon valları buraxılmışdır. 1908-1912 illərdə Cabbar Qaryağdı oğlu, Qurban Primov və Saşa Oqanezaşvilidən ibarət trio Varşavada bir neçə dəfə qastrol səfərlərində olarkən "Sport-Rekord" firması onların çıxışlarını Qrammofon vallarına yazmışdır. 1916 ildə Kiyevdəki "Ekstrafon" şirkəti Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasını vala yazmışdır. 1957 ildə yaranan "Melodiya" firması da keçmiş Sovet İttifaqında böyük tirajla qrammofon valları istehsal etmişdir. Bu firmada Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, bir çox görkəmli ifaçıların da səsyazıları kütləvi tirajla buraxılmışdır. Azərbaycan bəstəkarlarından Q.Qarayevin, F.Əmirovun əsərləri ABŞ-da, YUNESKO xətti ilə tarzən Bəhram Mansurovun ifasında Azərbaycan muğamları Hollandiyada qrammofon valına yazılmışdır.

Qrif

(alm. griff – dəstə, tutacaq; azərb. qol)
Simli alətlərdə möhkəm ağacdan düzəldilmiş alətin qol hissəsidir, onun üzərinə simlər çəkilir.

Qruplaşdırılma

Notların xanə ölçüsünə görə düzgün bölüşdürülməsi.

Qruppetto

(ital. gruppetto – kiçik qrup)
Melizm növlərindən biri. Notun üzərində qoyulan Q. işarəsi onun əhatəsindəki notların cəld tempdə ardıcıl ifa olunmasını göstərir.



Quruluş, düzülüş, tərtib

Musiqi formasının struktur cəhətdən digərlərindən təcrid olunmuş hər hansı bir hissəsini bildirən termin.

Qusli

(rus. гусль – sim, гудеть – simlərdə çalmaq, simləri səsləndirmək)
Rus xalq simli çalğı aləti; ən qədim alətlərdən biridir.

Yuxarı
responsive website builder by Mobirise 1.7.1