MUSİQİ LÜĞƏTİ


Musiqi mədəniyyətinin bütün suallarının əlifba şəklində düzülüşünün məcmusudur. Terminoloji, avtobioqrafiq, ensiklopedik lüğətlər mövcuddur. 



A B C Ç D E Ə F G H X İ K Q L
M N O Ö P R S Ş T U Ü V Y Z  

 

Ş

 

Şair

1.Yaxın və Orta Şərqin bir çox xalqlarının, o cümlədən azərbaycanlıların yazılı ədəbiyyatında şeir yaradıcısı. 2. Orta Asiya xalqlarında şair (türkməncə - şaxir, tatar və qazaxca - şaqıyr), Azərbaycan aşıqları kimi, eyni zamanda, nağılçı, şair-improvizator, xalq qəhrəmanlıq və məhəbbət dastanlarının ifaçısıdır.

Şaxə

Mənsub olduğu dəstgahın kökünə (məqamına) əsaslanaraq və həmin dəstgah intonasiyaları sahəsində qalaraq özlüyündə bir neçə şöbədən ibarət yeni bir dəstgah təşkil edən muğamat şöbələrinin məcmusu; məs.: Şur muğamı daxilində olan dəşti, əbu-əta və s. kiçik dəstgahlar.

Şalaxo

Azərbaycan xalq oyun havası. Sözün etimologiyası bu şən, nəşəli və qıvraq rəqs musiqisinin mənşəyini aydın surətdə bəlliləşdirir: Şalaxo – şələküm (daha doğrusu, şələ yüküm) sözünün illər ərzində çox işlədilərək təhəvvül və təhrif olunmuş bəsit şəklidir.
Hələ qədim zamanlardan bəri, azəri xalq oyunbaz və masqaraçıları, o cümlədən ayı və ya meymunoynadanlar şəhər və kəndləri gəzərək heyvanlarına öyrətdikləri müxtəlif hərəkətləri tamaşaçılar qarşısında nümayiş etdirmişlər. Bütün bu tamaşa ayı ya da meymunoynadanın çahargah muğamı kökündə avaz ilə oxuduğu mahnısı ilə müşayiət edilmişdir. Sonralar bu mahnı sazəndələrin nəzər – diqqətini cəlb etmiş, onlar əsil virtuoz musiqi tərzində işləmiş və bizə məlum "Şalaxo" oyun havasını yaratmışlar.

Şarmanka

(fr. "Charmante Catherine" mahnısının adı ilə bağlıdır)
18-ci əsrin əvvəlində icad olunmuş musiqi aləti; kiçik ölçülü qutuya bənzər, orqan tipli, mexaniki çalğı üsulu ilə - dəstəyin hərəkəti ilə səsləndirilən alət.

"Şərq konsertləri"

XIX əsrin axırlarında xanəndə və çalğıçıların musiqili səhnəciklərdə çıxışlarına verilən ad. Moskvada, Peterburqda, Tiflisdə və b. şəhərlərdə təşkil olunan "Şərq konsertləri" əsasən, yoxsul müsəlman (Azərbaycan) tələbələrinə maddi yardım göstərmək məqsədi daşıyırdı. "Şərq konsertləri"nin proqramı əsasən xanəndə və sazəndə dəstəsinin ifasında muğam və təsniflərdən ibarət olduğuna görə, bu konsertləri simfonik və kamera musiqisi konsertlərindən fərqləndirmək üçün belə adlandırılırdı.
Bu cür konsertlərə bəzən aşıq dəstələri də dəvət olunur, həmçinin, musiqili səhnəciklər də daxil edilirdi. Azərbaycanda ilk "Şərq konserti" 1901 ildə Şuşada "Xandəmirovun teatrı"nda yazıçı Ə.Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə təşkil edilmişdir. Həmin konsertdə çıxış etmək üçün Qarabağın ən yaxşı sazəndə dəstələri, məşhur xanəndələrdən cabbar Qaryağdı oölu, Keçəçioğlu Məhəmməd, Qasım Abdullayev, tarzənlərdən Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan), Məşədi Zeynal, Gülablı aşıqları Abbasqulu və Nəcəfqulu dəvət olunmuşdu. Konsertdə Ə.Haqverdiyev 12 nəfərdən ibarət ansamblı, el nəğmələrini ifa edən xor dəstəsini səhnəyə çıxarmışdı. Bu konsert onun tərtib etdiyi "Azərbaycan toyu" musiqili tamaşası ilə başa çatdırılmışdı. Bakıda ilk "Şərq konsert" yenə də Ə.Haqverdiyevin rəhbərliyi ilə 1902 ildə olmuş, Burada Şuşadakı konsert proqramı təkrar göstərilmiş, eyni zamanda, Ələsgər Abdullayev, Seyid Mirbabayev kimi məşhur Bakı xanəndələri də iştirak etmişlər.
Xalq tərəfindən rəğbətlə qarşılandığına və çox sevildiyinə görə Şərq konsertlərinin təşkili mütəmadi hal alır. Bu konsertlərdə o dövrün tanınmış xanəndələri sazəndə dəstələrinin müşayiəti ilə çıxış etmişlər. Muğamın konsert səhnəsinə çıxarılmasında, ümumiyyətlə Azərbaycan mədəni həyatında mühüm əhəmiyyətə malik olmuşdur. Şərq konsertlərinin qorunub saxlanılmış afişaları bu barədə məlumat verən qiymətli mənbələrdir. Şərq konsertlərinin ənənəsi bu gün də davam etdirilir, "Muğam konserti", "Muğam axşamı" adı ilə müasir dövrdə də keçirilərək, geniş dinləyici kütləsi cəlb edir. Bu konsertlər muğam sənətinin inkişafında, yaşadılmasında və təbliğində mühüm rol oynayır.

"Şərq gecələri"

XX əsrin əvvəllərində Azərbaycan təşkil edilən geniş proqramlı konsertlərə verilən ad. "Şərq gecələri"ndə xanəndə və aşıqların çıxışları ilə yanaşı, kiçik həcmli teatr tamaşaları göstərilir, rəqslər təşkil olunurdu.
Azərbaycanda ilk "Şərq gecəsi" 1907 ildə Bakıda "Müsəlman xeyriyyə cəmiyyəti" tərəfindən şəhər yoxsullarının xeyrinə keçirilmişdir.

Şifahi ənənəli xalq-professional musiqi

Azərbaycan şifahi ənənəli musiqi mədəniyyətinin folklordan sonra ikinci təbəqəsi ; xalq-professional musiqi mədəniyyəti fərdi-müəllif yaradıcılığının ictimai-folklor şəkilli təzahürü olub, xalq kütlələrinin dünyagörüşünü əks etdirən şifahi-yazılı ifadəli bədii rabirə vasitəsidir. Şifahi ənənəli xalq-professional musiqiyə aşıq sənəti aid edilir. Məzmun, ifadə dəqiqliyi və konkretliyi, qəhrəmani-epik rəvayət, klassik-lirik süjetlər və s. ifaçılıq mədəniyyətinin ənənəvi xarakter daşıması baxımından aşıq sənəti professional yaradıcılığın bir tərəfini təmsil edir. Lakin musiqi üslubu və quruluş cəhətdən folklora yaxındır.
İnstrumental ifaçılıq sənəti də xalq-professional musiqi mədəniyyətinin bir hissəsidir. Xalq-professional ifaçılıqda ənənəvilik, kollektivlik, dəyişməz, təmaslı şəkildə ənənəni ötürmə kimi cəhətlər başlıca rol oynayır və bunların sayəsində xalq çalğı musiqisi ancaq ifada yaşayır və yaşadılır. Eyni zamanda, o, özünəməxsus profesionallığı ilə seçilir. Xalq musiqiçisi yaşadığı mühitdə seçilir, musiqiçilik onun yeganə fəaliyyət dairəsinə çevrilir. Xalq musiqiçilərinin özünəməxsus peşəkarlığı ifaçılıq məktəblərinin yaranmasında başlıca amildir. Zurnaçıların, balabançıların, nağaraçıların aarasında yerli ənənələrə yaxşı bələd olan və öyrədən ustadlar - müəllimlər var ; hər bir ustad qavrama tələbləri, təlim üsulları, öz terminologiyası ilə seçilir. Beləliklə, şifahi ənənəli xalq-professional musiqi xalq yaradıcılığı ilə professional yaradıcılığın birgə fəaliyyət modelini özündə yaşadır.

Şifahi ənənəli professional musiqi

Azərbaycan şifahi ənənəli musiqi mədəniyyətinin ən yüksək təbəqəsi; muğam sənəti - əsaslı məktəb keçmiş xanəndə, sazəndə kimi peşəkar musiqiçilərin yaradıcılığı və bu sənətkarların yaradıcılıq məhsulu olan muğam dəstgahları, kiçik formalı muğamlar, zərbi muğamlar, təsnif və rəng kimi janrlar nəzərdə tutulur. Bu janrların təşəkkülündə, formalaşmasında və inkişafında xanəndə və sazəndələrin böyük rolu vardır. Bütün bu musiqi janrlarını onlar ənənəvi qayda-qanun çərçivəsində ifa edərək yaradırlar. Xanəndə və sazandalar üçün möhkəm məqam sisteminə əsaslanan muğam dəstgahlar ən yüksək yaradıcı təfəkkürün məhsulu sayılır.
Muğam dəstgahların mükəmməl ifası möhkəm bilik, qavrama qabiliyyəti, təcrübə və məharət tələb edir. Bu keyfiyyətlərə yiyələnmək üçün ifaçı uzunmüddətli xüsusi sənət məktəbi keçməlidir. Muğam sənətində tələb olunan qanunlar çərçivəsində ifaçı parlaq istedadı, zəngin təxəyyülü, gözəl zövqü sayəsində yeni ənənələr, orijinal üslublar, məktəblər yaradırlar. Ənənəvi professional musiqi janrlarının əsas xüsusiyyəti onların etik məqsədi, yəni yüksək fəlsəfi və humanist ideyaları dinləyicilərə çatdırmaqdır.
Ənənəvi professional musiqi sənətinin mühüm amillərindən biri şifahilik xüsusiyyətinə malik olması, yəni onun şifahi şəkildə, yaddaş vasitəsilə ustaddan-şagirdə, bir ifaçıdan digərinə ötürülməsindən ibarətdir. Ənənəvi professional musiqi ifaçıları solo şəklində çalıb oxuyurlar, belə ifa tərzi muğam sənətinin inkişafında şifahi ənənənin əhəmiyyətini qabarıq göstərir. Solo ifa zamanı xanəndə və ya sazəndə əsrlərdən bəri qorunub saxlanılan muğam sənətinin ümumi qanunlarına riayət etməklə yanaşı, improvizə etmək bacarığı sayəsində onun şəxsi, fərdi yaradıcılıq tapıntıları da üzə çıxır. Eyni zamanda, onların yaradıcılığında həm ifaçılıq, həm də bəstəkarlıq sənəti üzvi surətdə birləşir.

Şikəstə

(hərf. – sınıq, qırılmış, məğlub edilmiş)
1. segah məqamında zərbli muğam. Ölçüsü 2/4 – dir. Bir çox növləri var: Qarabağ şikəstəsi, kəsmə şikəstə, Şirvan şikəstəsi və s.

Şöbə

Muğamat dəstgahının melodik və məqam (kök) cəhətincə bitkin və müstəqil bir hissəsi.

Ştrix

(alm. strich – cizgi, xətt)
Musiqi alətində çalğı zamanı səsin ifadə tərzi; ifaçılıq üsulu; əsas ştrixlər – leqato, stekkato və s.

Yuxarı
responsive website builder by Mobirise 1.7.1