MUSİQİ LÜĞƏTİ


Musiqi mədəniyyətinin bütün suallarının əlifba şəklində düzülüşünün məcmusudur. Terminoloji, avtobioqrafiq, ensiklopedik lüğətlər mövcuddur. 



A B C Ç D E Ə F G H X İ K Q L
M N O Ö P R S Ş T U Ü V Y Z  

 

V

 

Vals

(fr. valse; alm. Walzer – fırlanmaq)
alman, çex və avstriya xalq rəqslərindən yaranmış rəqsdir. Xarakter cəhəti ¾ ölçüdə müşayiətin, özünəməxsus bərabər həcmli ritmik quruluşdan – birinci vurğuda bas , ikinci, üçüncü vurğularda akkord – ibarətdir ki, bu da müxtəlif xarakterli melodiyalar üçün plastik fon yaradır.
Vals müxtəlif sürətlə ağır və ya tez tempdə ifa olunur. Rəngarəng obrazları və hissələri təcəssüm etdirmək imkanlarına malikdir.
XIX əsrin 30-40-cı illərindən rəqs musiqisi və konsert janrı kimi geniş yayılmış, hətta simfonik musiqiyə daxil olmuşdur.

Valtorn

(alm. Walthorn – meşə şeypuru; ital. corno)
Mis nəfəs aləti, yumşaq tembrli səslənməyə malikdir. Simfonik orkestrdə və nəfəsli orkestrdə adətən cüt sayda istifadə olunur, həm solo, həm də müşayiətçi alət kimi tətbiq olunur. İki növü var:
1.Natural valtorn – XIX əsrin 30-cu illərinə qədər yayılmışdı. Kiçik həcmli natural səssırasına malikdir.
2.Ventilli valtorn – XIX əsrin 30-ci illərindən ifaçılıq praktikasına daxil olub. Təkmilləşmiş alətdir, xromatik səssırasına malikdir. Səslənmə diapazonu kontroktavanın si səsindən ikinci oktavanın fa səsinə kimi əhatə edir.

Variant, variantlıq

hər hansı bir bədii əsərin müxtəlif şəkildə işlənmiş forması. Bəstəkar yaradıcılığında bir əsərin bir neçə redaksiyada işlənilməsinə rast gəlinir. Geniş mənada, eyni bir əsərin əlyazma surətləri və çap nüsxələri arasındakı bütün mətn fərqlərinin nəzərə alınması.
Xalq yaradıcılığında eyni bir əsərin ayrı-ayrı ifaçılar tərəfindən təfsiri variant adlanır. Eyni əsər eyni sənətkar tərəfindən müxtəlif variantda ifa olunur. Variantlıq şifahi ənənəli musiqi yaradıcılığıın əhəmiyyətli amilidir və improvizasiya prosesinin vacib ünsürüdür.

Variasiyalar

(lat. variatio – dəyişmə, təbdil) 1.Mövzu və onun bir sıra dəyişilmiş şəkildən təkrarından ibarət musiqi forması; hər bir dəyişilmiş təkrar – variasiya adlanır.
2.Bu formada yazılmış əsər.
Variasiya bir obrazın müxtəlif cəhətlərini xarakterizə edir, bəzən də rəngarəng obrazlar silsiləsini xatırladır.
Variasiya həm xalq musiqisində və həm də professional musiqidə geniş tətbiq olunur.
XVII–XVIII-ci əsrlərdə klassik variasiya növü təşəkkül tapır. Burada ciddi quruluşlu mövzunun faktura baxımından işlənilməsi virtuozluq elementlərini ön plana çəkirdi. Belə Variasiya çox zaman konsert zamanı virtuoz ifaçılar tərəfindən müəyyən bir mövzu əsasında improvizə olunaraq yaradılırdı.
XIX əsrdə isə Variasiyanın yeni tipi meydana gəldi ki, bu da silsiləni vahid bir ideya – məzmun ətrafında birləşməyə və daha iri həcmli, mürəkkəb quruluşlu Variasiyanın yaradılmasına imkan verdi.

Varqan

(yun. organon – alət)
musiqi aləti.

Ventil

(alm. Wentil – qapaq, supan; lat. ventilo – üfürürəm, üfləyirəm)
bir sıra mis nəfəsli alətlərdə səslərin bəmləşdiriliməsi üçün quraşdırılmış kiçik mexanizm. 1815-ci ildə icad olunmuşdur.

Vəzn (ölçü)

vurğulu və ya vurğusuz hecaların sayı, yaxud uzun və qısa hecaların düzülüş qaydasıdır.
1.Heca vəzni - şeirdə ritmik hissələrin – vurğuların növbələşməsinə əsaslanan vəzndir (aşıq yaradıcılığı, beşik mahnıları, bayatılar və s. bu vəzndə qurulur).
2.Əruz vəzni - ərəb klassik şeirindən Azərbaycan poeziyasına keçmişdir. Əruz vəzninin əsasını hecaların uzadılması və qısa söylənməsi, mütənasib növbələşməsi təşkil edir.
Əruz vəzninin 20-yə qədər bəhri var: həzəc, rəməl, müzare, bəhri-təvil və s.

Vibrafon

müəyyən səs yüksəkliyinə malik zərb aləti; gövdəsi metal plastinkalardan qurulmuşdur, fortepiano klaviaturasını xatırladır; ucuna mahud parça bağlanmış taxta çubuqlarla çalınır.
Simfonik və estrada orkestrlərində geniş istifadə olunur.

Vibrasiya

(ital. vibrato – titrətmə, əsmə)
arabir səsin yüksəkliyi, tembri, gücünün dəyişməsidir. Vibrasiya sürəti əsərin tembrini zənginləşdirir, ona emosionallıq və dinamiklik verir.

Vibrato, vibrasiya

(ital. vibrato; lat. vibratio – titrəyiş)
səs yüksəkliyinin kiçik titrəyişi; simli alətlərdə barmaq vasitəsilə simin sıxılması nəticəsində əmələ gəlir.

Viola

(ital. viola – hansı sözdən əmələ gəldiyi məlum deyil)
skripka ailəsindən olan kamanla çalınan simli alət. Səslənməsi skripkaya nisbətən bəmdir.

Violonçel

(ital. violoncello, - violone (böyük viola – kontrabas) sözünün kiçildilmiş halı)
kamanla çalınan simli musiqi aləti. Skripkaşəkilli alətlər ailəsinin böyük ölçüyə malik bir üzvü. VI əsrdə meydana gəlmişdir. Dolğun, qalın səsə malik alətdir. Solo alət kimi ansambl və orkestrlərin tərkibində geniş istifadə olunur.

Virçinel
(ing. virginal; lat. virgula – ağac)

klavişli – simli alət, klavesinin bir növü. XVI – XVII əsrlərdə İngiltərədə geniş yayılmışdır.
Virtuoz

(ital. virtuoso; lat. virtus – hünər, istedad)
musiqi əsərlərini texniki və bədii cəhətdən sərbəstliklə və məharətlə ifa edən musiqi ifaçısı.

Vokal musiqi

(ital. vocale – səsli)
instrumental müşayiətlə və ya müşayiətsiz oxumaq üçün musiqi.

Vokal kvartet

1.Dörd müğənnidən ibarət ansambl;
Adətən Vokal kvartet kişi (iki tenor, bariton və bas) və ya qadın (iki soprano, messo – sprano və kontralto) müğənnilərdən ibarət olur; qarışıq tərkibli Vokal kvartetə (soprano, messo – sprano, tenor və bas) rast gəlinir.
2.Dörd müğənnidən ibarət ansambl üçün bəstələnmiş pyes.

Vokalist

müğənni; xüsusi məktəb keçmiş musiqiçi.

Vokaliz

(fr. voçalise; lat. vocalis – sait)
Sözsüz oxunan pyes. Vokal oxuma texnikasını inkişaf etdirmək üçün tətbiq olunur.
Vokalizasiya – ayrı – ayrı sait səslərin tələffüzünə əsaslanan oxuma.

Volta

(ital. volta – dönüş, dəfə)
musiqi əsərində hər hansı kiçik hissələrin təkrarını göstərən işarə; 1.2. rəqəmləri ilə işarə olunur.



Vurğu

bir səsin digərlərinə nisbətən daha qabarıq, güclü, zərblə göstərilməsi. Musiqidə periodik vurğulanma metro-pitmik bölgünün əsasını təşkil edir.

Yuxarı
responsive website builder by Mobirise 1.7.1