MUSİQİ LÜĞƏTİ


Musiqi mədəniyyətinin bütün suallarının əlifba şəklində düzülüşünün məcmusudur. Terminoloji, avtobioqrafiq, ensiklopedik lüğətlər mövcuddur. 



A B C Ç D E Ə F G H X İ K Q L
M N O Ö P R S Ş T U Ü V Y Z  

 

U

 

Ud

Yaxın Şərq xalqlarının mizrabla çalınan ən qədim simli, dartımlı musiqi aləti. Ərəbistan, Türkiyə və qismən İran ölkələrində çox geniş intişar tapmışdır. Orta əsrlərdə bütün Yaxın Şərq xalqları musiqisində udun tutduğu mövqe Avropa musiqisində klavesinin tutduğu yer qədər əhəmiyyətli olmuşdur.
Ud əsrlər boyu müxtəlif surətdə islah edilmiş və onun konstruksiyası tez – tez dəyişdirilərək təkmilləşdirilmişdir.
Müasir ud altı simli musiqi alətidir. Bunlardan beşi qoşa, altıncısı isə tək qoşulur. Simlərin düzülüş və yerləşdirilməsi çox qəribədir: ortada melodik, yəni musiqinin əsil havasını (modulyasiyasını) çalan simlər, yanlardan isə (hər iki tərəfdən dəm saxlayan) bəm simlər (alikvot simlər) qoşulur.

Undesima

(lat. undecima – on birinci)
İnterval; əsas və zirvə səslər arasındakı məsafə on bir pillədən ibarətdir; 11 rəqəmi ilə işarə olunur. Tərkibinə görə mürəkkəb interval sayılır (oktava üzərində kvarta); Xalis undesima 8,5 tona bərabərdir.

Undesimakkord

Tersiyalarla qurulan altı səsdən ibarət akkord: məs., do-mi-sol-si-re-fa. Sıx düzülüşdə əsas tondan başlayaraq, tersiya, kvinta, septima, nona və undesima tonlarından ibarətdir.

Unison

(ital. unisono; lat. unus – bir, sonus – səs)
birsəslilik; iki və ya üç səsin eyni vaxtda bir ucalıqda səslənməsi; xalis prima intervalının səslənməsi; bir neçə ifaçının birlikdə eyni musiqini ifa etməsi.

Untertonlar

(alman. untertöne – aşağı tonlar)
Real surətdə tətbiq olunmayan, yalnız hər hansı bir tondan qurulan interval ardıcıllığının düzülüş sırasını izah etmək üçün istifadə edilən əks mənalı anlayış:
bir tondan yuxarı istiqamətdə qurulan harmonik ahəngdar səslər – obertonların eynilə aşağı istiqamətdə də qurulması nəzərdə tutulur;
major və minor üçsəslisinin quruluşundakı fərqləri qarşılıqlı şəkildə izah etmək üçün bu termindən istifadə olunur.

Ustadnamə

Xalq aşıq yaradıcılığında qoşma və gəraylılardan ibarət dastan müqəddiməsi. Tərbiyəvi, əxlaqi və nəsihətamiz məzmunda olur. Həyat, məişət və ictimai motivlərdən bəhs edir.

Uşaq musiqi məktəbi

Musiqi təhsili müəssisəsi; musiqi təhsilinin ibtidai pilləsi.

Uvertüra

(fr. ouverture; ouvertur - açmaq)
1. Musiqili səhnə əsərinin giriş hissəsi; əsərin ideya-məzmununu əks etdirən mövzulara əsaslanır; tamaşaçıının diqqətini əsərin xarakterinə yönəldir; əsərin emosional mühitini hazırlayır.
2.Simfonik musiqinin bir janrı;
3. Birhissəli, adətən sonata formasında qurulan simfonik əsər

Uyğunluq, ahəng

Müxtəlif yüksəkliyə malik səslərin harmonik cəhətdən uzlaşaraq, gözəl səslənmə əmələ gətirməsi.

Uzundərə

Azərbaycan xalq oyun havası. Ağdam rayonunda Qərvənd kəndi ilə Ağdam arasında "Uzun dərə" adlanan yer adı ilə bağlıdır. Musiqi ölçüsü 6/8, melodiyası etibarı ilə ifadəli və xoşa gəlimlidir.
Üzeyir Hacıbəyov "O olmasın, bu olsun" musiqili komediyasında Məşədi İbadınmahnısında bu melodiyadan istifadə etmişdir.

Yuxarı
responsive website builder by Mobirise 1.7.1