E
Ehtizaz
Simin dartılması nəticəsində yaranan səsin titrəyişi.
Ekspozisiya
(lat. expositio – şərh, izah)
1. Sonata formasında birinci bölmə olub, əsas tematik materialı əks etdirir;
Ekspozisiya iki hissəyə bölünür: a) əsas partiya (əsas tonallıqda səslənən hissə); b) köməkçi partiya (köməkçi tonallıqda səslənən hissə).
Ekspozisiyada əsas və köməkçi partiyalar arasında tonallıq münasibəti: tonika – dominanta tonallıqları və ya major – parallel minor tonallıqlarını əhatə edir.
2.Fuqanın müxtəlif növlərində başlanğıc hissə; əsas mövzunun bütün səslərdə keçirilməsindən ibarətdir.
Ekspressionizm
XX əsrin əvvəllərində Avropa musiqi mədəniyyətində meydana gəlmiş bədii cərəyan; subyektiv hisslərin ifadəsi, sənətkarın real gerçəkliyə qarşı münasibəti qabarıq təcəssüm olunur.
Ekspromt
(lat. ekspromtus – həmişə hazır)
Bədahətən, hazırlıqsız yaradılan instrumental pyes; bir anda bəstəkarın təxəyyülündə yaranan bədii məzmunu və obrazları əks etdirir; bəstəkarlar adətən coşqun improvizasiya xarakterli pyesləri belə adlandırırlar.
Elegiya
(yunan. elegeia, elegos – şikayət)
Kədərli, düşüncəli xarakterə malik instrumental və vokal pyes.
Elektrik musiqi alətləri
Səsləndirilməsi üçün elektrik enerjisindən istifadə edilən musiqi alətləri. XIX əsrdən yaranmağa başlamaşdır: bu kimi alətlərdə çalğı üsulları digər alərlərdə olduğu kimidir, lakin səsin yüksəkliyi böyük gücə malikdir və rahat tənzimlənir.
Elektromexaniki səsyazma
Cihazlar vasitəsilə səsin qrammofon valına yazılması.
Elektron musiqi
Elektrik musiqi alətlərində ifa olunan musiqi və həmin alətlərin ifaçılıq imkanları nəzərə alınaraq yaradılan musiqi.
Ellipsis
Harmoniyada iki akkordun qarşılaşdırılması vasitəsi; bir akkorddan sonra bilavasitə onun gözlənilən funksional ardıcıllıqla həllindən imtina edilərək, digər akkordla əvəz olunmasından əmələ gəlir.
Enharmonik bərabər tonallıqlar
Enharmonik bərabər tonika səsinə malik olan eyni lada aid iki tonallıq (hər ikisimajor və ya hər ikisi minor); biri diyez, digəri bemol tonallığından ibarətdir. Məsələn, Do-diyez major – Re-bemol major. bax: Enharmonizm.
Enharmonizm
(yunan. enharmonios – həmsazlıq, taraz gəlmək)
Eyni yüksəklikdə yerləşən müxtəlif adlı səslər və ya müxtəlif adlı səslərin ton yüksəkliyi baxımından bərabərliyi: məs., do-diyez və re-bemol. Enharmonik bərabər səslər fiziki baxımdan taraz olsalar da, tamamilə fərqli bədii-ifadə əhəmiyyətinə malikdir.
Bir səsin enharmonik əvəzlənməsi diatonik intervalı xromatik intervala çevirir (məs., kiçik tersiya, artırılmış sekunda); akkordun strukturunu dəyişir. Enharmonik modulyasiya, enharmonik bərabər tonallıqlar bu qəbildəndir.
Eolik lad, eolik məqam
Melodik lad; səssırası natural minorla üst-üstə düşür.
Epiloq
(yunan.epiloqos; epi – sonrakı, loqos – söz, kəlam)
İrihəcmli musiqi əsərinin sonunda məzmunu yekunlaşdıran hissə; adətən opera və baletlərdə rast gəlinir.
Epitalama
(yunan. epitalamios – toya məxsus, toy-düyün münasibətilə)
Bəylə gəlinin şərəfinə oxunan toy mahnısı.
Epizod
(yunan. episodion, hərf. - əlavə)
1.İri həcmli musiqi formasında (sonata, rondo) orta bölmələrdən biri; yeni mövzuya əsaslanır və yeni tonallıqda qurulur, tempinə görə də digər bölmələrdən fərqlənir.
2. Sonata formasında yazılmış əsərlərdə işləmə bölməsinə daxil edilən hissə.
Estrada
(fr. estrade; isp. estrado – döşəmə)
1.Musiqi kollektivlərinin çıxışı üçün səhnə;
2.Geniş dinləyici auditoriyası üçün nəzərdə tutulan vokal-instrumental musiqi janrı (mahnı, instrumental ansambl pyesi və s.)
3.Estrada orkestri.
Eşidiş (eşitmə)
Eşitmə orqanı (qulaq) vasitəsilə səs tezliyinin qəbul olunması.
Musiqiçi üçün mühüm olan qabiliyyət göstəricisi: kamil eşitmə, daxili eşidiş, nisbi eşidiş ola bilir.
Etüd
(fr. etude, hərf. – təmrin)
İfaçılıq texnikasını təkmilləşdirmək üçün nəzərdə tutulan instrumental pyes; ifaçılıq baxımından çətin üsulların dəfələrlə təkrarlanmasına əsaslanır. Görkəmli bəstəkarlar tərəfindən yaradılan Etüd yüksək bədii əhəmiyyət kəsb edir.
Eyni adlı tonallıqlar
Eyni tonikaya malik müxtəlif ladların tonallığını bildirən termin: məsələn, Do major– do minor. Eyniadlı major-minor tonallıqları kvarta-kvinta dairəsi üzrə bir-birindən üç açar işarəsi ilə fərqlənir.