MUSİQİ ALƏTLƏRİ


Müəyyən tembrli musiqi səsləri əldə etmək üçün xüsusi qurğu.
Musiqi alətləri səsçıxarma imkanlarına və quruluş xüsusiyyətlərinə görə fərqlənir.



AZƏRBAYCAN SİMLİ ALƏTLƏRİ



Qanun

 

Yatıq sazlar ailəsinə mənsub olub, dartımlı-simli musiqi alətidir.

Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycan ərazisində tarixən geniş yayılmışdır.

Azərbaycan klassiklərindən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və başqalarının əsərlərində qanun haqqında məlumat verilmişdir. XII əsrdə yaşayıb yaratmış, Şərq musiqi elmini dərindən bilən şairə Məhsəti Gəncəvi qanun və çəng alətlərinin məharətli ifaçısı olmuşdur.

 

Əsasən, qadınlar tərəfindən ifa edilən bu aləti Füzuli "Yeddi cam" əsərində belə təsvir etmişdir:

 

Bir gün gecə məclisimiz vardı ki, ondan

Çox-çox uzağa qalmış idi dərd, qəm, hicran.

Xam nəğmələrlə edərək aləmi məmnun,

Bir huri mələk çalırdı iri bir qanun.

 

Qanun miniatür sənət əsərlərində də öz əksini tapmışdır. Uzun tarixi inkişaf yolu keçən bu alət zaman-zaman formalaşaraq dövrümüzə kimi gəlib çatmışdır.

 

Üzeyir Hacıbəyli qanunun keçmişdə də təkmil alət kimi istifadə edildiyini qeyd edərək yazır: "Bu gün hər bir musiqar üçün piano çala bilmək vacib olan kimi, Şərq musiqiçiləri də öz çalğılarından əlavə, qanun çalmağı dəxi borc bilirmişlər".

 

Qanunun tərəfləri müxtəlif bucaqlı taxta qutudan ibarətdir. Alt və yan hissələr ağcaqayın, qoz və digər bərk ağac materiallarından hazırlanır. Alətin üst hissəsinin 3/4-ü 4 mm qalınlığında şam ağacından olan taxta üzlüklə, qalan hissəsi isə balıq dərisi ilə örtülür. Ağacla örtülən hissədə üç rezonator oyuğu olur. Dəri ilə örtülmüş hissədə isə alətin eni boyu bütöv bir taxta xərək yerləşir. Simlər alətin gövdəsindəki xüsusi oyuqlara bərkidilərək bu xərəyin üzərindən keçib aşıqlara bağlanır. Aşıqlar olan hissədə simlərin altında dəmir linglər yerləşir. Bu linglərlə simlər qaldırılıb-endirilərkən ton və yarımtonlar əldə edilir. Qanuna üçləşdirilmiş 24 sıra (ümumi sayı 72) sim bağlanılır. İlk dövrlərdə simlər bağırsaqdan və ya ipək sapdan xüsusi üsulla hazırlanırmışdır. Hazırda kapron simlərdən istifadə edilir. Diz üstünə qoyulan qanun hər iki əlin adsız barmaqlarına taxılmış dəmir üsküklərin arasında yerləşdirilən ebonit mizrablarla səsləndirilir. Alət içərisi dördkünc dəmir açar vasitəsi ilə köklənir.

 

Qanunun ümumi uzunluğu 800-900 mm, eni 380-400 mm, qalınlığı 40-50 mm-dir. Diapazonu böyük oktavanın "sol" səsindən ikinci oktavanın "si bemol" səsinə kimi üç oktava yarımdır.

 

Diatonik səs düzümünə malikdir. Qanundan xalq çalğı alətləri orkestrinin və ansambllarının tərkibində müşayiətçi və solo alət kimi istifadə olunur.

 

N. Əliverdibəyov

"Elegiya" Qanun üçün bəstələnmiş

Qanun: Çinara Mütəllimova

Loading the player...

D. Dadaşov

Qanun üçün "Skertso"

İfa edir: Rəşad İlyasov

Loading the player...

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1