AZƏRBAYCAN İFACILARI
Qasımova Fidan Əkrəm qızı (17.06.1947)
Azərbaycanın opera müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1982), SSRİ xalq artisti (1988), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1984).
Qasımova Fidan Əkrəm qızı (d. 17.6.1947, Bakı) – Azərbaycan Dövlət Konservatoriyasını (1971) və Moskva Konservatoriyasının aspiranturasını (1974) bitirmişdir, İsveçrə (1973, Cenevrə) və Niderlandda (1975, Hertogenbos) keçirilən beynəlxalq müsabiqələrin iştirakçısı, musiqiçilərin C.Viotti ad. müsabiqəsinin (1977, Verçelli ş., İtaliya; birinci mükafat) laureatıdır. Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərbaycanlı qadın müğənnidir.
1974-cü ildən Azərbaycan Opera və Balet Teatrının solistidir.
Partiyaları: Nigar ("Koroğlu" Ü.Hacıbəyli), Mikaela ("Karmen" J.Bize), Marqarita ("Faust" Ş.Quno), Mimi, Çio-Çio-san ("Bohema", "Çio-Çio-san" C.Puççini), Tatyana ("Yevgeni Onegin" P.Çaykovski), Dezdemona, Aida ("Otello", "Aida" C.Verdi), Sevil ("Sevil" F.Əmirov) və s. Repertuarına Azərbaycan (Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, A.Məlikov, Niyazi), rus (M.Qlinka, P.Çaykovski, S.Raxmaninov), Qərbi Avropa (A.Stradella, İ.S.Bax, G.F.Hendel və b.) bəstəkarlarının kamera-vokal əsərləri, eləcə də Azərbaycan xalq mahnıları ("Laçın", "Qubanın ağ alması", "Girdim yarın bağçasına", "Evləri var xana-xana" ve s.) daxildir.
1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1990-cı ildən professor). 1992-ci ildən İstanbul Dövlət Universiteti Konservatoriyasının professorudur. Xarici ölkələrdə (Çexoslavakiya, Almaniya, Danimarka, Portuqaliya, Belçika, Rumıniya, Hollandiya, Türkiyə və s.) qastrolda olmuşdur. Kinoda çəkilmişdir ("Torpaq. Dəniz. Od. Səma"). Azərbaycanıın "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Müğənni Xuraman Qasımovanın bacısıdır.