İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

AZƏRBAYCAN İFACILARI

 

Səfərova Elmira Yusif qızı (16.09.1934 - 11.01.1997)

 

Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi, professor, pedaqoq və pianoçu.

 

16 sentyabr 1934-cü ildə dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda Səfərov Yusif Əliqulu oğlu və Firidunbəyova Cəvahir Həsən qızının ailəsində gözəl bir qız uşağı dünyaya gəldi. Onun adını Elmira qoydular. Elmiranın atası Yusif müəllim tanınmış mühəndis-neftçi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, iki dəfə dövlət mükafatı laureatı, texnika elmləri namizədi və Xəzər dənizində yerləşən qeyri-adi şəhər – «Neft daşlarının» əsasını qoyanlardan biri olmuşdur. Hal-hazırda Bakı şəhərinin gözəl küçələrindən biri onun adını daşıyır. Yusif müəllim incəsənəti, xüsusən də musiqini çox sevirdi.
Anası Cəvahir xanım gözəl səsə və böyük musiqi istedadına malik idi. Gənc yaşlarında o, dahi Üzeyir Hacıbəyovun xorunda oxuyurdu və solist kimi də müxtəlif konsertlərdə çıxış edirdi. O, Azərbaycan mahnılarını çox gözəl ifa edirdi. Lakin malik olduğu istedad və qazandığı uğurlara baxmayaraq Cəvahir xanım uşaqlarının (Elmiradan savayı onun bir qızı və bir oğlu da var idi) xatirinə səhnəni tərk etməyə məcbur olmuşdur.


Xalq musiqisinə, muğamlara və Azərbaycan bəstəkarlarının, xüsusən də Üzeyir Hacıbəyovun yaradıcılığına olan sevgilərini valideynlər öz uşaqlarına aşılayırdılar və onları musiqi incəsənətinə dərin məhəbbət və böyük maraq mühitində böyüdürdülər. Balaca Elmirada musiqiyə olan sevgi uşaqlıq dövründən yaranmışdır. Artıq iki yaşından o, musiqinin ahəngini həssaslıqla duyur, oxumağı və rəqs etməyi çox sevirdi. Bundan başqa uşaqlıq dövründən Elmiranın daxilində artistizm və yüksək sənətkarlıq da özünə yer etmişdi. «Molodyoj Azerbaydjana» qəzetinə verdiyi 30 Yanvar 1992-ci il müsahibəsində Elmira xanım demişdir: «… gələcək həyatımda sənət seçimi ilə bağlı heç bir zaman sual meydana çıxmamışdır. Belə bir təəssürat var idi ki, musiqi mənimlə birgə doğulub və mən öz həyatımı musiqidən kənar heç cür təsəvvür edə bilmirdim.» 1942-ci ildə Elmira Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən 10-illik məktəbə, gözəl pedaqoq, Peterburq konservatoriyasının məzunu, məşhur pianoçu A.N.Yesipovanın şagirdi T.S.Qruşkonun sinfinə daxil olur. Onun musiqi istedadının təşəkkül tapmasında və inkişafında mühüm rolu Azərbaycanın görkəmli pedaqoqları K.K.Səfərəliyeva, L.N.Yeqorova və R.I.Siroviç da oynamışlar. Məktəbi bitirdikdən sonra 1952-ci ildə Elmira xanım Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına – Azərbaycan fortepiano məktəbinin banilərindən biri olan Azərbaycanın xalq artisti, bir neçə pianoçu nəsli yetişdirmiş professor M.R.Brennerin məktəbinə daxil olur. Qeyd etmək lazımdır ki, M.R.Brennerin məktəbi yüksək peşəkarlıq, gözəl səslənmə və müəllif mətninə son dərəcə diqqətli münasibəti ilə fərqlənirdi. Bütün bu keyfiyyətləri Elmira xanım müəllimindən mənimsəmiş və sonralar öz pedaqoji təcrübəsində tətbiq etmişdir.


Konservatoriyada oxuduğu illər ərzində Elmira xanım özünü peşəkar musiqiçi, istedadlı pianoçu və yaradıcı şəxsiyyət kimi göstərmişdir. O müntəzəm olaraq, böyük uğurla simfonik və solo konsertlərlə çıxış edirdi. Onun konsertlərinin proqramı çox çeşidli olurdu - L.V.Betxoven, F.List, F.Şopen, P.I.Çaykovski, R.Şuman və s. kimi bir çox görkəmli bəstəkarların əsərlərindən ibarət idi. Azərbaycan bəstəkarları Q.Qarayevin, F.Əmirovun, C.Hacıyevin əsərləri isə Elmira xanımın ifasında yalnız Bakının deyil, həm də Moskvanın konsert səhnələrində səslənirdi. Təhsil aldığı müddət ərzində Elmira xanım Üzeyir Hacıbəyov adına təsis edilmiş təqaüdə layiq görülmüşdü. «Bu mənim üzərimə bir çox öhdəliklər qoyurdu. Mən bizim hamımız üçün, bütövlükdə Azərbaycan üçün böyük işlər görmüş gözəl musiqiçi və bəstəkar Üzeyir Hacıbəyov fəaliyyətinin böyüklüyünü həmişə dərk etmiş və qarşısında baş əymişəm.», deyə Elmira xanım qeyd edirdi («Molodyoj Azerbaydjana» qəzeti, 30 Yanvar, 1992-ci il).

 

Debüssi Aşil Klod

"Feyerverk" prelüd

İfa edir: Elmira Səfərova

Loading the player...
Volfqanq Amadey Mosart

Sonata F-dur. 1 hissə. Alleqro

İfa edir: Elmira Səfərova

Loading the player...
Robert Şuman

Fantaziya C-dur op.17, 1 hissə

İfa edir: Elmira Səfərova

Loading the player...

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1