AZƏRBAYCAN BƏSTƏKARLARI
Rzayeva Ağabacı İsmayıl qızı (1912 - 1975)
Bəstəkar
Ağabacı İsmayıl qızı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda anadan olmuşdur. Atası İsmayıl ixtisasca iqtisadçı olsa da, muğamların sirlərinə yiyələnmiş, onları tarda çalmağı öz atası. məşhur tarzən Mirzə Fərəcdən (15 mart, 1847-26 mart, 1927) öyrənmişdi. Ağabacı Pedaqoji texnikumu bitirib (1929), bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edir. Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almış, onun ən sevimli tələbələrindən biri olmuşdur. Musiqi-nəzəri fənlərdən isə ona Ü.Hacıbəyov, Ə.Bədəlbəyli və C.Hacıyev dərs deyirlər. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkardır. Onun bəstələdiyi ilk əsər "Gənc vətənpərvərlər marşı" olmuşdur.
Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir. Bundan başqa – "Durna qatarlı qızlar", Üzeyir Hacıbəyovun ölümünün ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə "Sənin xatirən" adlı qəzəl-romans, "Vətən", "Partizan oğlu", "Qəhrəman ananın qəhrəman oğlu", "Sevgilim əsgər gedir", "Gözləyəcəyəm, sevgilim" doğma Vətənə dərin məhəbbət hissləri ilə aşılanmışdır. Bəstəkarın qəhrəman neftçilərimizin əmək şücaətini tərənnüm edən "Neftçi Qurban", ata-anaların gözlərini sevincdən yaşardan "Evimizə gəlin gəlir", "Oxuma gözəl", "Çoban Qara", balaca qızların gözləri qarşısında şirin və möcüzəli bir aləm açan "Kukla", "Qaranquş", "Ağ göyərçinim", "Sabahın ustaları", "Balaca kapitan", "Qərənfiləm mən" və s. əsərləri milli mədəniyyətimizdə layiqli yer tutur.
Ağabacı Rzayeva bir çox mahnı və romansların, həmçinin "Höcət eləmə" (1965, İsmayıl Quliyevlə birgə) musiqili komediyasının, "Ögey ana" dramı, Xalq Çalğı Alətləri Orkestri, simli kvartet üçün pyeslərin, simfonik əsərlərin, Nəsiminin sözlərinə 7 romansın və s. əsərlərin müəllifidir. Ağabacı Rzayeva respublikanın içtimai həyatında da fəal iştirak etmişdir. O, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni və müxtəlif medallarla təltif olunmuşdu. 1960-cı ildə ona əməkdar incəsənət xadimi fəxri adı verilmişdir. 5 iyul 1975-ci ildə (63 yaşında) Bakıda vəfat etmişdir.