DÜNYA BƏSTƏKARLARI
Nikolay Rimski - Korsakov(08.03.1844 - 21.06.1908)
Rus klassik bəstəkarı N.A. Rimski-Korsakov Rusiyanın musiqi mədəniyyətində görkəmli yer tutur. Qırx il davam edən gərgin və çoxçəhətli əməyi sayəsində o, xeyli əsər yaratmışdır ki, buraya da 15 opera, 3 simfoniya, bir sıra orkestr əsərləri (ən məşhurları “Şəhrizad” və “İspan kapriççiosu” simfonik süitalarıdır) 80-ə yaxın romans, 3 kantata, xorlar, kamera-instrumental ansamblı və fortepiano üçün əsərlər daxildir.
Bu əsərlərdə bəstəkar xalqın azadlıq, səadət, gözəllik haqqında arzularını, ədalət, xeyir və yaxşılıq haqqında təsəvvürlərini, həqiqətin təntənəsi, işıqlı qüvvələrin şər üzərində qələbəsi haqqında əzəli fikrini ifadə etmişdir. “May gecəsi”, “Qar qız”, “Sadko”, “Görünməz Kitej şəhəri haqqında dastan” operalarında, bir sıra proqramlı simfonik əsərlərdə - “Sadko” lövhəsində, “Şəhrizad” süitasında və s. bəstəkar ən zəngin orkestr rəng və çalarları vasitəsi ilə təbiət səslərini – quşların cəh-cəhini, dalğaların uğultusunu, yarpaqların xışıltısını misilsiz ustalıqla vermişdir. Bu baxımdan onun təxəyyülü həqiqətən tükənməzdir. Dəniz, meşə, günəş, ulduzlar – bütün bunlar rus təbiətinin vurğunu olan Rimski-Korsakovun musiqi obrazlarında öz tərənnümünü tapmışdır.