DÜNYA BƏSTƏKARLARI
Sergey Prokofyev(23.04.1891 - 05.03.1953)
Dahi rus bəstəkarı, pianoçusu və dirijoru Sergey Prokofyev XX əsr musiqisinin ən görkəmli simalarındandır. Prokofyevin əsərləri son dərəcə nikbin və işıqlıdır. Ən dramatik mövzularda yazdıqda belə bəstəkar heç zaman kədər və ümidsizlik hisslərinə qapılmır, xoş gələcəyə, insanın mətin iradəsinə, onun dərin idrakına inamını itirmir. Prokofyev sözün əsl mənasında novator sənətkar olmuşdur. Onun melodiya, harmoniya, ritm və orkestr sahəsində apardığı axtarışlar bəzən müasirlərini həyəcanlandırsa da, musiqi tarixində əhəmiyyətli rol oynamışdır.
Prokofyevin musiqisi fəal və dinamikdir. "Mən dayanmağı xoşlamıram, daim hərəkətdə olmaq istəyirəm". Bəstəkarın bu sözləri onun həm həyatına, həm də musiqisinə aiddir. Prokofyevin həyat yolu olduqca maraqlı və mürəkkəbdir. 1918-ci ildə o, Oktyabr inqilabını qəbul etmədiyinə görə Rusiyanı tərk edir və düz on beş il xaricdə yaşayır. Fransa, İspaniya, İngiltərə, ABŞ, Kanada, Yaponiya, Belçika və digər ölkələrdə verdiyi yüzlərlə konsert, bəstələdiyi çoxsaylı əsərlər ona ümumdünya şöhrəti gətirir. Lakin Vətəndən ayrı qala bilmir. 1933-cü ildə Rusiyaya qayıdır və ömrünün ən yetkin illərini, yaradıcılığının ən dolğun dövrünü məhz burada yaşayır.
Prokofyev musiqisinin janr dairəsi zəngin və rəngarəngdir. O, musiqili tamaşalara musiqi, 7 simfoniya, 5 Konsert fortepiano və orkestr və xor musiqisinə müraciət etmiş və bütün bu sahələrdə gözəl sənət nümunələri yaratmışdır. Bəstəkarın istinad etdiyi ədəbi mənbələr sırasında nağıllar xüsusi yer tutur. Məsələn, "Üç portağala məhəbbət" operası (İtaliya dramaturqu K.Qotsinin nağılı), "Zoluşka" baleti (fransız yazıçısı Ş.Peronun eyniadlı nağılı), "Təlxək haqqında nağıl" və "Daş çiçək haqqında hekayət" baletləri isə rus nağılları əsasında yazılmışdır. U.Şekspirin əsəri əsasında “Romeo və Culyetta” baleti buna misaldır.
Doğma vətəni Rusiyanın tarixi və məişəti, folkloru və milli özünəməxsusluğu bəstəkarı daim düşündürmüşdür. O, dahi yazıçılardan L.Tolstoyun "Hərb və sülh", F.Dostoyevskinin "Oyunçu" romanlarına müraciət etmiş, eyniadlı operalar yaratmışdır. Görkəmli rus rejissoru S.Eyzenşteynin "Aleksandr Nevski" və "İvan Qroznı" kinofılmlərinə yazdığı musiqi də həmin meylin təzahürüdür. Qeyd etmək lazımdır ki, "Aleksandr Nevski" fılminə bəstələnmiş musiqi sonradan dinləyicilərə kantata şəklində də təqdim olunmuşdur. Ümumiyyətlə, Prokofyevin musiqisi rəngarəngliyi ilə seçilir və dünya musiqi mədəniyyətində özünəməxsus yeri vardır.