Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə. 20.06.1912 – 02.08.1984
Dirijor, bəstəkar, ictimai xadim.
SSRİ xalq artisti (1959), Sosialist Əməyi Qəhrəmanı (1982). Dirijorların Ümumittifaq baxışının laureatı (1946), SSRİ Dövlət mükafatı laureatı (1951, 1952), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət mükafatı laureatı (1967), Beynəlxalq Nehru mükafatı laureatı (1974). Z.Hacıbəyovun oğludur.
Niyazinin musiqiçi kimi formalaşmasında Ü.Hacıbəyovun böyük rolu olmuşdur. Moskvada və Leninqradda (Peterburqda) musiqi təhsili almış, ADK-nın aspiranturasında oxumuşdur. Niyazi bəstəkarlıq və dirijorluq fəaliyyətinə 1930-cu illərdə başlamışdır. Azərbaycan Dövlət Simfonik Orkestrinin formalaşmasında yaxından iştirak etmiş, 1938-ci ildən (müəyyən fasilələrlə) ömrünün sonuna kimi orkestrin bədii rəhbəri və baş dirijoru olmuşdur.
Niyazinin ifaçılıq fəaliyyəti, həmçinin Azərbaycan Dövlət Opera və Balet Teatrı ilə (1937-ci ildən başlayaraq, 1958-1959; 1961-1965 - direktor, bədii rəhbər və baş dirijor), Leninqrad Opera və Balet teatrı ilə, ADF-sı ilə (1979-1984 - direktoru) bağlı olmuşdur. Niyazi bir sıra simfonik əsərlərin (“Rast” sinfonik muğamı), opera (“Xosrov və Şirin”), balet (“Çitra”), vokal əsərlərinin müəllifidir. Niyazinin “Rast” simfonik muğamı (1949) dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir.
Niyazi Tağizadə
"Rast" simfonik muğam
İfa edir: Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor – Niyazi
Niyazi Tağizadə
"Arzu"
İfa edir: Fidan Qasımova
Niyazi Tağizadə
"Qaytağı"
İfa edir: ATR Niyazi adına simfonik orkestri, dirijor - Nazim Hacıəlibəyov