AZƏRBAYCAN BƏSTƏKARLARI
Mirişli Ramiz Aqil oğlu (1934 - 2015)
Bəstəkar.
Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra 1952–1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxumuşdur. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.
Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləmişdir. O, 1962–2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışmış, həmçinin 1987–1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutmuşdur.
Ramiz Mirişli 1978–1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik etmişdir.
Ramiz Mirişlini məhsuldar bəstəkar kimi daha çox tanıdan və sevdirən onun mahnı yaradıcılığı idi. Məşhur Azərbaycan şairlərinin sözlərinə yazdığı həmin çoxsaylı mahnılar sənətsevərlərin böyük rəğbətini qazanmışdır. Kompozisiya bütövlüyü, dərin lirizm, təbiilik, səmimiyyət və emosional təsir gücü onları səciyyələndirən başlıca cəhətlərdir. Ramiz Mirişlinin mahnıları görkəmli ifaçıların repertuarında özünəməxsus yer tutaraq, ölkəmizdə və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirmişdir. Bu əsərlər doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında Ramiz Mirişlinin xidmətləri layiqincə qiymətləndirilmişdir.
Ölkəmizdə musiqi sənəti sahəsində nailiyyətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmişdir. 2015-ci il aprelin 17-si vəfat etmişdir.