DÜNYA BƏSTƏKARLARI
Ferens List (02.10.1811 — 31.07.1886)
“Həyatda kim olursan ol, təkcə varlıların əlinə baxan musiqiçi olma”. Bu sözləri ömrünün qürub çağında böyük macar pianoçusu və bəstəkarı Ferens List yazıb. Əslində, onu da belə bir tale gözləyirdi, axı, o, Esterqazi knyazlarına məxsus malikanələrdən birinin işlər müdirinin oğlu idi. O Esterqazilərin ki, vaxtilə böyük Haydn da onlara xidmət edirdi. Ferensin atası istedadlı musiqiçi idi, bir neçə musiqi alətində çalırdı. Lakin yoxsul olduğu üçün istedadını inkişaf etdirə bilməmişdi. Odur ki, oğlunun musiqi qabiliyyətini görən Adam List onun eyni tale yaşamasına imkan verməyəcəyinə and içir. Ferensə özü dərs deməyə başlayır, o da atasını məyus etmir. Gənc musiqiçi doqquz yaşında ilk dəfə baron fon Esterqazinin musiqi gecəsində tamaçaçılar qarşısında çıxış edir. Elə gözəl çıxış edir ki, Macarıstanın varlı adamları Ferensin taleyində öz izini qoymaq istəyir, onun təhsil alması üçün pul toplayırlar.
14 yaşında bütün Avropanı gəzib dolaşan List 16 yaşında sevimli atasını və eyni zamanda müəllimini itirir və anasının qayğısına qalmalı olur. Listin pianoçu şöhrəti durmadan artır. Bir gün Paqanininin skripkada çalğısını dinləyən musiqiçi belə bir virtuoz ifaya fortepianoda müvəffəq olmaq qərarına gəlir. O, bu məqsədinə gərgin əməyi və əzmkarlığı sayəsində nail olur.
List 1839-cu ilin axırlarında Avropa ölkələrinə qastrol səfərinə çıxanda, Parisdə başqa bir pianioçunun – Trauberqin şöhrəti dillər əzbəri idi. List özünü sınamaq, kimin daha virtuoz pianoçu olduğunu sübut etmək üçün onunla yarışmaq qərarına gəlir və qalib gəlir. Bu qələbədən sonra Listin şan-şöhrəti çox-çox uzaqlara yayılır və o, bütün Avropa ölkələrində konsertlər verməyə başlayır. Lakin belə sərgərdan həyat tezliklə onu yorur. 1847-ci ildə o, Veymar şəhərində məskunlaşır və saray kapelmeysteri işləməyə başlayır. Veymar tezliklə təkcə Almaniyanın deyil, həm də bütün Avropanın musiqi mərkəzinə çevrilir. Artıq gənc musiqiçilər məhz bu şəhərə axışmağa başlayır.
Bir vaxtlar konservatoriya ümidlərinin necə puça çıxdığını unutmayan List hamıya kömək etməyə çalışır. Tələbələri və pərəstişkarları ilə əhatə olunan bəstəkar çoxdankı arzusunu həyata keçirir: sevimli musiqi alətinin nəhayətsiz imkanlarını bütün dünyaya sübut edir. Bəstəkar Veymarda məşhur simfonik poemalarını (özünün ixtira etdiyi yeni janr), simfoniyalarını, fortepiano üçün konsertlərini və sonatalarını yaradır. Gözəl mövzu axtarışında olan List ədəbi mənbələrə müraciət edir. Onun qədim yunan əsatirləri əsasında yazdığı “Orfey” və “Prometey”, Şekspirin faciəsi əsasında "Hamlet", Hötenin poeması əsasında “Tasso” simfonik poemaları məhz belə əsərlərdəndir. List “Faust” və “İlahi komediya” simfoniyalarını, habelə bir neçə oratoriya, opera, fortepiano ilə orkestr üçün iki konsert və çoxlu sayda başqa əsərlər yaradır. Listin əsas xidmətlərindən biri budur ki, o, royalı əsl orkestrə “çevirib”. Sübut edib ki, fortepiano sadəcə evdə çalınan musiqi aləti deyil, onun böyük gələcəyi var. F.List bir neçə saat ərzində yalnız bir musiqi aləti ilə tamaşaçıların zövqünü oxşayırdı. Bu, o vaxta qədər görünməmiş hadisə idi. List Şubertin mahnısını ifa edəndə, tamaşaçılara elə gəlirdi ki, müğənnilərin səslərini eşidirlər. Maestronun konsertlərində elə təəssürat yaranırdı ki, sanki Baxın fuqaları orqanda çalınır, Bethovenin simfoniyalarını isə bütöv bir orksetr ifa edir.