AZƏRBAYCAN BƏSTƏKARLARI
Hüseynli Qəmbər Muxtar oğlu (16.04.1916 - 01.08.1961)
Bəstəkar.
Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. 1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir. Ona Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən razılıq verir. İki il müddətində tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alır.
Qəmbəri orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçirirlər. O, burada Q.Z.Burşteynin sinfində təhsilini davam etdirir. O, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə "Tellər oynadı" romans-mahnısını bəstələyir. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyir. Bəstəkar Şair Mirmehdi Seyidzadənin librettosu əsasında diplom işi kimi "Qızıl quş" operasını yazaraq, 1954-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirir. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma", "Gülə-gülə", "Sən-sən" və s. əsərlərindəki zərifliyə heyran qalmamaq mümkün deyil. Qəmbər Hüseynli deyəndə "Cücələrim", "Cücələrim"in sədası yayılanda isə Qəmbər Hüseynli yada düşür.